Şərur rayonunda şəhid ailələrinə və qazilərə medallar təqdim olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər vurğulayıb ki, cəsur şərurlular 44 günlük Vətən müharibəsində şücaət və qəhrəmanlıqlar göstəriblər. Vətən müharibəsində 30 şərurlu torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb, 11 nəfər hərbi qulluqçumuz isə döyüşlərdə yaralanıb. Vətən müharibəsi şəhidləri kapitan Seymur Cabbarovun atası İlham Cabbarov, leytenant Məmməd Zamanlının atası Rəhman Zamanov tədbirin təşkil olunmasına, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Vətən müharibəsi şəhidləri leytenant Məmmədov Elşən Əziz oğlunun, kapitan Zeynalov Azad Rafiq oğlunun, leytenant Qurbanov Rauf Vahid oğlunun, kapitan Cabbarov Seymur İlham oğlunun, leytenant Zamanlı Məmməd Rəhman oğlunun valideynlərinə və qazi, leytenant Əliyev Mikayıl Əli oğluna “Füzulinin azad olunmasına görə” medalları təqdim edilib.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi qulluqçularımız qarşıya qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə, döyüşlərdə igidlik və qəhrəmanlıq göstərdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif ediliblər.
Turab Hacızadə