Sən yenilməzsən, iradəlisən, güclüsən, Azərbaycan əsgəri - FOTOLAR
“Ordun varsa, yurdun var. Ordun yoxsa, yurdun yox” deyimi müstəqil dövlətimizdə əsası ümummilli lider tərəfindən qoyulan, bu gün də uğurla aparılan məqsədyönlü ordu quruculuğu siyasəti nəticəsində artıq öz təsdiqini tapmış reallıqdır. Nizami ordu, mərd və qorxmaz oğullarımız olmasa, bu gün hər hansı sabitlikdən, tərəqqidən danışmaq mümkün deyil. Bu gün hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilən güclü ordu və bu ordunun sıralarını qüvvətləndirən yenilməz, cəsarətli Azərbaycan əsgəri var.
Hərbi qulluqçuların görüşünə gedərkən Naxçıvan televiziyasının arxivində saxlanılan və ötən əsrin sonlarında muxtar respublikanın sərhədyanı kəndlərində düşmən tərəfindən edilən həmlələrin kadrlarını xatırlayıram. Naxçıvan o illərdə necə də çətin günlər yaşayırdı. Blokadanın gətirdiyi ağır və məşəqqətli günlər, zülmət qaranlığa qərq olan yaşayış məntəqələri, uzun-uzadı çörək növbələri, ərzaq qıtlığı... Bunların hər birinin öhdəsindən gəlmək olardı, amma daha ağırı o idi ki, mənfur ermənilər muxtar respublikanın kəndlərinə basqın etməklə, faktiki olaraq öz işğal niyyətlərini bir daha ortaya qoyurdular. Naxçıvan və naxçıvanlılar tarixin bu ağır sınağından üzüağ, alnıaçıq çıxdılar. Ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşməklə yumruğu, belə desək, bir nöqtəyə vura bildilər. Doğrudur, o illərdə hansısa güclü ordudan, maddi-texniki təchizatdan söhbət gedə bilməzdi, amma Vətən sevgisi, yurda bağlılıq Vətən oğullarının ən kəsərli silahına çevrildi. Beləcə, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyi sayəsində muxtar respublika düşmən işğalından xilas oldu, ilk milli hərbi parad təşkil edildi, nəticədə, bugünkü güclü, yenilməz Azərbaycan Ordusunun təməl daşları da məhz Naxçıvanda atıldı.
İntibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin “Hökmdar” əsərindən bir fikri oxucularımızla bölüşmək istəyirəm. Müəllif yazır ki, muzdlu qoşunlara güvənən hakimiyyət heç vaxt uzunömürlü ola bilməz. Belə əsgərlər faydasız, təhlükəli, intizamsız və xəyanətkar olurlar. Ən əsası aralarında birlik olmur. Bu fikirlər düşmən orudusunda xidmət edənlər üçün olduqca xarakterikdir. Demoqrafik tənəzzülə uğrayan Ermənistanda gənclərin hərbi xidmətdən boyun qaçırması, hərbi hissələrdə özbaşınalıq, qeyri-döyüş şəraitində həlakolması kimi xəbərləri kütləvi informasiya vasitələrindən, beynəlxalq informasiya agentliklərinin saytlarından mütəmadi izləyirik. Amma Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən birləşmə, bölmə və hissələrində şəxsi heyətin bir şüarı var: Bir nəfər hamı üçün, hamı bir nəfər üçün.
Ötən günlərdə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun düşmənlə təmas xəttində yerləşən bir neçə bölməsində olduq. Zabit Nəsib Nəsibov bizi dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən bölmənin sosial-məişət şəraiti ilə tanış etdi. Məsul zabitin sözlərinə görə, vətənpərvərlik ailədən başlayır. Hər bir ailə övladını Vətənə bağlı, dövlətinə sədaqətli, vətənpərvər gənc kimi yetişdirməlidir. Bu gün hər bir azərbaycanlı ailəsində böyüyən oğlan övladlarına valideyni təlqin edir ki, birinci vəzifə böyüyüb əsgəri xidmətə yollanmaq və bu borcu şərəflə yerinə yetirməkdir. Azərbaycan Ordusuna sonsuz güvənən valideyn övladının xidməti şəraitindən nigaran deyil. Əmindir ki, bütün hərbi hissələrdə, həmçinin ön xətdəki bölmələrdə yüksək sosial-məişət şəraiti yaradılıb. Bu il yüz yaşını qürurla qeyd edən ordumuz heç vaxt indiki kimi güclü olmamışdı. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində bizim bugünkü kimi iqtisadi qüdrətə malik dövlətimiz və nizami ordumuz olsaydı, torpaqlarımız heç zaman işğal edilməyəcəkdi. Sevindirici haldır ki, ötən illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin silah arsenalı gücləndirildi, hər il hərbi xərclərin həcmi artırıldı, ən əsası şəxsi heyətin döyüş hazırlığı və mənəvi-psixoloji vəziyyəti gücləndirildi. Keçirilən hərbi hazırlıq dərslərində, təlimlərdə uğurla çıxış edən şəxsi heyət peşəkarlığını artırdı. Necə deyərlər, təlimdə tər, döyüşdə zəfər. Beləcə, müstəqillik illərində hərbi güc ölkəmizin xeyrinə dəyişdi, eləcə də Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın hüdudlarında düşmənin qorxulu kabusuna çevrilə bildi. Bu ilin may ayında Günnüt zəfərini əldə etməklə hərb tariximizə yeni bir Qələbə səhifəsi yazıldı.
Əsgərlərlə görüşüb söhbətləşirik. Onlar ölkəmizin və muxtar respublikamızın müxtəlif yerlərindən həqiqi hərbi xidmətə çağırılsalar da, bir amal, məqsəd uğrunda mübarizə aparırlar: qoynunda göz açdıqları Vətən torpağının təhlükəsizliyini, tərəqqisini, sabitliyini təmin etmək. Ön xətdə xidmət etməklə daha da mətinləşən əsgərlərimiz alınmaz qalanın səngərlərində düşmən tərəfini müşahidə etməklə diqqəti əldən vermirlər. Onlardan biri də Quba rayonundan hərbi xidmətə çağırılan Ağasəlim Ağayevdir. Həmsöhbətim deyir ki, hərbi xidmət digərləri kimi, mənə də mətinlik, dözümlülük və möhkəm intizam öyrədib. Yaxşı xatirimdədir, atam hərbi andı qəbul etdiyim gün dəyərli məsləhət verərək dedi: “Oğul, Vətəni göz bəbəyi kimi qoruyun”. Vətənin sabitliyi bizə əmanət olunub və biz də hərbi qulluqçular üçün yaradılan şəraitdən istifadə edib xidməti nümunəvi təşkil edirik. Mövqelərdə sayıqlıqla keşik çəkirik. Biz həm hərbi hazırlığımız, silahlanma, həm də mənəvi-psixoloji cəhətdən düşməndən qat-qat güclüyük. Çünki durduğumuz yer, eləcə də qarşıdakı ərazilər də əzəli Azərbaycan torpaqlarıdır.
Babək rayonundan olan İbrahim Babayev bir neçə ay sonra hərbi xidməti başa vuracaq. Azərbaycan Ordusunun əsgəri olmaqdan qürur duyduğunu bildirən müsahibim deyir ki, qışın sazağında, yayın istisində çiyin-çiyinə dayandığım döyüş yoldaşlarımı heç vaxt unuda bilmərəm. Hərbi xidmət dövrü dost, sirdaş olmağı öyrəndik. Bizi bağlayan ülfət Vətən sevgisidir. Onu da deyim ki, həqiqi hərbi xidmətim başa çatdıqdan sonra yenə də bir hərbçi kimi Vətənin keşiyində dayanmaq arzusundayam. Çalışacağam ki, arzumun dalınca gedim və gizir hərbi rütbəsini alaraq Vətənə xidmət edim.
Belə bir deyim var ki, ordu xalqın övladıdır. Müstəqil ölkəmizin təhlükəsizliyinin qarantı olan Silahlı Qüvvələrimiz bu gün həm dövlət, həm də xalqın qayğısı ilə əhatə olunub. Xalq-ordu birliyi isə onu yenilməz, qüdrətli edir.
Muxtar RZAZADƏ “Şərqin səhəri” qəzetinin redaktoru