Hüquq pedaqogikası pedaqoji elmin mühüm sahəsi kimi

A- A A+

Bəşəri sivilizasiyanın inkişafının əsas tendensiyalarından biri hüquqa əsaslanan cəmiyyət qurmaqdır. İnsanların təhlükəsiz həyatını, onların hüquqlarını, azadlıqlarını, tələbatlarını təmin etmək imkanlarını, həyatda özlərini təsdiqə imkan verən şəraiti təmin edə bilən hüquqi dövlət yaratmaq müasir dövlət qulluğunun idealıdır.

Məlumdur ki, ictimai həyatın nizamlayıcısı təkcə hüquq deyildir. İnsanlar davranış zamanı ideoloji, mədəni, mənəvi, dini, sosial-psixoloji normalara da əməl edirlər. Bu normaları bilmək və dərk etmək onların tərbiyəlilik və təhsil səviyyəsini, inkişafını müəyyən edir. Ümumiyyətlə, hüquqi qanunçuluq cəmiyyətin pedaqoji sistemi ilə sıx əlaqədardır. Cəmiyyətdə olan tərbiyə, təlim, inkişaf və təhsil sistemlərinin inteqral təsirləri nəticəsində insanlar düzgün davranışın zəruriliyi barədə biliklər əldə edir və həyatda tətbiq edirlər.

Real həyat hadisələrindən məlum olur ki, cinayətkarlıq, hüquq pozuntuları bir sosial hadisə kimi, təhsil sisteminin zəifliyindən, vətəndaş tərbiyəsinin naqisliyindən, hüquqi təbliğatın lazımi səviyyədə olmamasından və s. faktorlardan əmələ gəlir. Yəni pedaqoji biliklər və onlardan istifadənin zamanın, dövrün tələbləri səviyyəsində qurulmaması çoxsaylı hüquqi problemlərin yaranmasına gətirib çıxarır.

Pedaqogikanın mühüm sahələrindən biri olan hüquq pedaqogikası hüquqi-pedaqoji gerçəkliyi dərk etməklə məşğuldur. Onun nəzəri əsasını ümumi pedaqogika təşkil edir. Lakin hüquq pedaqogikası hüquq praktikasından misallar göstərilən pedaqogika, hüquqşünaslar üçün pedaqogika deyildir.

Hüquq pedaqogikası elmi-pedaqoji biliklərin xüsusi sahəsi - hüquqi-pedaqoji sahəsi olmaqla akademik pedaqogikanın xüsusi növüdür. Hüquq pedaqogikasının obyekti hüquq elm ilə eynidir: cəmiyyətin hüquqi mühiti, qanunçuluq və asayiş, həmçinin onları möhkəmlətmək sahəsində insanların fəaliyyəti.

Hüquq pedaqogikası da hüquq elmi ilə eyni məqsədə xidmət edir: ölkədə hüquqi cəmiyyətin yaradılması, qanunçuluğun möhkəmlənməsi.

Hüquq pedaqogikasının predmeti ̶  hüquqi mühitdə fəaliyyət göstərən pedaqoji faktlar, qanunauyğunluqlar, həmçinin təhsil, təlim, tərbiyə və inkişaf mexanizmləridir. Bu göstərilənlər hüquqi mühitin vəziyyətinə, qanunçuluğa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə təsir göstərir. Hüquq pedaqogikası tətbiqi elmdir və pedaqogika ilə hüququn qovşağında yaranmış elm sahəsidir. Bu elm sahəsinin əsas vəzifələri:

•  hüquqi-pedaqoji biliklərin inkişaf tarixini, onlardan cəmiyyətdə istifadənin öyrənilməsi;

•  hüquqi-pedaqoji idrakın metodologiya və metodikasının işlənib hazırlanması;

•  hüquqi-pedaqoji gerçəkliyin elmi vəziyyətinin hazırlanması;

•  hüquq-mühafizə, hüquq-icra, qanunvericilik sahəsindəki aktual problemlər üzrə pedaqoji araşdırmaların aparılması (hüquqi problemlərin səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək, situasiyaların pedaqoji mahiyyətini və əsaslarını təhlil etmək);

•  əhalinin və hüquq-mühafizə orqanları nümayəndələrinin hüquq tərbiyəsinin nəzəri məsələlərinin işlənib hazırlanması;

•  hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətinin pedaqoji metod və texnologiyalarının işlənib hazırlanması (pedaqoji diaqnostika, pedaqoji ekspertiza, pedaqoji məsləhət və s.).

Hüquq pedaqogikasının önəmli məsələlərindən hüquqi sosiallaşmadır. Sosiallaşma-şəxsiyyətin bəşər cəmiyyəti tərəfindən hazırlanmış mədəni irsini mənimsəmək, cəmiyyət həyatına uyğunlaşmaq prosesidir.

Hüquqi sosiallaşma şəxsiyyətin hüquqi dəyərləri mənimsəməsi, onlara əməl etməsi, onları öz şəxsi keyfiyyətlərinə daxil etməsidir. Hüquqi sosiallaşmanın nəticəsi ̶ şəxsiyyətin hüquqi formalaşmasıdır. Onun pedaqoji komponentləri bunlardır:

  • hüquqi təhsillilik;
    -  hüquqi tərbiyəlilik;
    -  hüquqi təlim almaq;
    -  hüquqi inkişaf.

Bu xüsusiyyətlərin formalaşdığının ali təzahürü şəxsiyyətin hüquqi mədəniyyətini təşkil edir.

Hüquqi təhsillilik  ̶  cəmiyyətdə olan hüquqi mühiti, hüququn oynadığı rolu dərk etməyə, onları normal həyatın zəruri şərtləri, cəmiyyətin inkişafı, vətəndaşların müdafiəsi kimi başa düşməyə imkan verən müəyyən biliklər, baxışlar, əqidənin olması ilə xarakterizə olunur.

Hüquqi tərbiyəliliyə malik olan şəxs:
-   qanuna və qanunçuluğa əməl edir;
-   hüquqa müvafiq plan və məqsədlərə əməl edir;
-   özünü hüquqi qaydalara müvafiq aparmaq tələbatına malikdir;
-   kriminagen hərəkətlərdən uzaqdır;
-   başqalarını hüquq pozuntularına yol verməməyə istiqamətləndirir.

Hüquqi təlim keçmiş şəxs:
- həyat üçün zəruri olan normativ sənədlərə dair minimum biliklərə  sahibdir;
- hüquqi əhəmiyyətli situasiyalarda və onların həllində müvafiq davranış, bacarıq və vərdişlərə sahibdir;
- öz hüquqlarını müdafiə üçün hüquq-mühafizə orqanlarına müraciət qaydalarını bilir;
- zəruri özünümüdafiə biliklərinə sahibdir.
Hüquqi inkişaf bu cür təzahür edir:
- hüquqi şüurun inkişaf səviyyəsində hüquqi davranışa uyğun fikirləşmək, qiymət vermək, istiqaməti müəyyən etmək, qərar qəbul etməkdə;
- riskli, düşünülməmiş, yüngül, təhrikedici davranışa yol verməməklə;
- özünün hüquqi mədəniyyətini daim yüksəltmək maraq və səylərində.

Hüquq qanunlarının yazılması, hüquq orqanlarının onların icrasına nəzarəti və təmin etməsi ilə yanaşı vətəndaşların həmin qanunları dərk və qəbul edərək gündəlik həyatlarında əməl etməsi də zəruri şərtdir. Qədim Yunan mədəniyyətinin görkəmli nümayəndəsi Pifaqor qanunların aliliyini və həyati əhəmiyyətini ifadə edərək söyləmişdir: “Allahdan sonra valideynlərə və qanunlara hörmət olmalıdır”.

Lalə Allahverdiyeva

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: