Adını Vətəndən alan Azər

A- A A+

Yazıya iki maraqlı fikrə nəzər salmaqla başlamaq istəyirəm. Mirzə İbrahimovun “Azad” hekayəsində belə bir mətləb var: “Biz ölmək üçün yaşayırıq, yaşamaq üçün ölənlərdən xəbərsizik”... Məşhur bir generaldan soruşmuşlar ki, siz ölməkdən qorxmursunuzmu? O isə cavabında belə demişdi: “Mən qocalaraq, kiməsə möhtac şəkildə yaşayaraq ölməkdən qorxuram”...

Bu yazıda haqqında danışacağımız Azər də yaşamaq (yaşatmaq) üçün - əbədiyaşarlığa yüksəlməklə, həm də xalqını, onun azadlıq dəyərlərini yaşatmaq naminə özünü qurban verdi. Gözünü qırpmadan, ölümün üzərinə dimdik yürüyərək, düşünmədən...

Amma o, hələ gənc idi, çox gənc. Ömrünün 21-ci ilində - bahar çağında. Nələr düşünürdü, nələr yaşayacaqdı, kim bilir, təəssüf, olmadı... 1999-cu ilin soyuq bir dekabr günündə dünyaya göz açdı. İlk dəfə havasını içinə çəkdiyi, gözünü açıb torpağını gördüyü, suyunu içdiyi Şahtaxtı kəndində böyüyüb boya-başa çatdı. Məktəbə bu kəndin yollarından, küçələrindən ötərək getdi. Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi ona ana-Vətən sevgisini aşıladı. Burada əlinə qələm alıb hərfləri yazmağı öyrəndi, ardınca sözlər, cümlələr... Düşüncələri də məktəb illərində tumurcuqlandı, sonra çiçək açdı... Hər şeyin sonu olduğu kimi məktəb illərinin də bir qurtarma vaxtı vardı, Azər məktəb illərini geridə qoyub, Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollandı. Bir il altı ayın ardından qalıb ordu sıralarında xidmətini davam etdirmək istədi...

Bəzən insan iki dünya, iki düşüncə, sevgi arasında qalır. Bilmirsən, hansını seçəsən. Nəhayət, daha ağır tərəfə yön alırsan. Azər də belə etdi. Vətən sevgisi onun həyat sevgisinə, yaşamaq yanğısına üstün gəldi. Beləliklə, Azər Tağıyev şanlı Azərbaycan ordusunun igid bir üzvü kimi ömür yolunu davam etdirməyə başladı. Hərbi sirləri, silah-sursatları, ona tapşırılan bütün öhdəlikləri müddətdən artıq xidmət edən bir əsgər kimi dərindən, məsuliyyətlə öyrəndi, yoldaşlarına nümunəvi xidməti ilə örnək oldu...

Ordumuzun bütün vətənpərvər övladları kimi onun da bir arzusu var idi: Vətən torpaqlarını azad görmək. Bu, əslində, bir arzu yox, onun həyat amalına çevrilmişdi, Qarabağın, ətraf rayonların azadlığını təmin etmək yoldaşları kimi Azərin də düşüncələrinə hakim kəsilmişdi. O günü səbirsizliklə gözləyirdi. Və nəhayət, o gün də gəlib çatdı. Tarixə böyük qəhrəmanlıqlarla, xalqımızın misilsiz igidliyi ilə həkk olunan 44 günlük Vətən müharibəsində iştirak etmək şahtaxtılı bu vətənpərvər gəncə də nəsib oldu. Döyüş yoldaşları ilə cəbhə xəttinə yollandı...

Ulu babalarının bir zamanlar at çapdığı, qılınc oynatdığı, düşmənin qanına qəltan olduğu Qarabağ torpağında indi də Azər Tağıyev döyüş yoldaşları ilə birgə “qara donlu kafirlərə” qənim kəsilmişdi. Ordumuzun misilsiz şücaətində Azərin də payı vardı. O buna görə qürur duyurdu. Düşmən üzərinə hücuma keçərkən ən ön sıralarda qərarlaşırdı...

Azər Vətəninə şərəflə xidmət edirdi. Torpaqlarımızın azadlığı üçün var qüvvəsi ilə döyüşür, mübarizə aparırdı. Çox sevdiyi Ana Vətəni də ona xidmətinin qarşılığında əbədiyaşarlıq ünvanı verdi. Azər şəhidlik şərbətini içdi. Şahtaxtıdan başlanan ömür yolu Qarabağda – Şuşada yekunlaşdı...

Azərin şəhid olduğu vaxtı qeyd etməyəcəyəm. Axı, şəhidlər ölmürlər. Belə isə mən nəyə görə yazmalıyam ki, xalqın bu igid oğlu filan vaxtı dünyasını dəyişib. Həm də ki bir amal, bir sevgi uğrunda dünyasını dəyişmək ölmək deyil, əbədiyaşarlığa yüksəlməkdi...

İndi Azərdən geriyə böyük qəhrəmanlıq şəcərəsi qalır. Elə bir qəhrəmanlıq şəcərəsi ki, illər, əsrlər ötsə də, unudulmayacaq. Nəsillər onun mübariz döyüş yolunu öyrənəcək, Azər, kim bilir, neçə-neçə gənc nəslə örnək olacaq...

Başını dik tut, şəhid ailəsi! Sənin övladın ölməyib, əksinə ölümsüzlük qazanıb, əbədiyaşarlıq mərtəbəsinə yüksəlib...

Şəhidliyin bir möcüzəvi tərəfi də var. Onlar qocalmırlar, həmişə cavan qalırlar. Gənc-cavan kimi yaddaşlara həkk olunur, elə xatırlanırlar. Azər də, beləliklə, daima 21 yaşlı gənc dəliqanlı, qorxmaz Vətən övladı kimi xatırlanacaq. Həmişə tər-təzə...

İndi Azər Tağıyev doğma Şahtaxtı torpağında, əbədi iqamətgahında uyuyur. Məğrurdur o. Həm də çox xoşbəxt. Çünki 30 ilə yaxın işğal altında qalan Vətən torpaqları azaddır. Üçrəngli şanlı bayrağımız Qarabağda dalğalanır...

Rahat uyu, Azər Tağıyev! Sən və sənin kimilər bu torpaqları bizə əbədi Vətən etmisiniz. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” deyimini siz öz qanınızla, canınızla təsdiqləmisiniz.

                                                             Anar Qasımov

                                                          “Yeni həyat” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: