Cəlil Məmmədquluzadənin ev muzeyi ziyarət edilib - FOTOLAR
Maddi-mədəniyyət nümunələrimizin saxlanc yeri olan muzeylərlə kollektiv tanışlıq davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən şənbə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev muzeyinə ekskursiya ediblər.
Muzeydə kollektivə bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyev böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin yaradıcılığına və şəxsiyyətinə, onun əsərlərinin tədqiqi və nəşrinə, eləcə də adının əbədiləşdirilməsinə həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Məhz ümummilli liderin siyasi hakimiyyəti illərində yazıçı haqqında yeni və sanballı tədqiqat əsərləri kütləvi şəkildə nəşr olunub, xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, yubileyləri təntənəli şəkildə qeyd edilib.
Qonaqların diqqətinə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin ev-muzeyi iki ekspozisiya zalı və foyedən ibarətdir. Muzeyin fondunda 2500-ə yaxın eksponat vardır, onlardan 300-dən çoxu ekspozisiya zallarında nümayiş olunur. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi, məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirləri və tədqiqatçılarının əsərləri, rəsm əsərləri muzeyin qiymətli eksponatları sırasındadır.
Adilə Səfərova