Şəhid və müharibə iştirakçılarının övladları “Badamlı” Mineral Sular Zavodunda olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ekskursiyada şəhid və müharibə iştirakçılarının övladları, valideyn himayəsindən məhrum uşaqlar və xüsusi qayğıya ehtiyacı olan digər ailələrin uşaqları olmaqla 24 nəfər iştirak edib. Tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə baş tutan ekskursiya Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Ekskursiya zamanı uşaqların diqqətinə çatdırılıb ki, “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə Naxçıvan şəhərində başlanılıb. Xarici bazarda bu süfrə suyuna tələbatın artması ilə əlaqədar olaraq Şahbuz rayonunun Badamlı qəsəbəsində, suyun mənbəyində əvvəlkindən daha böyük zavod inşa olunaraq ötən ilin may ayında istifadəyə verilib. İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan zavodda 20 çeşiddə qazlı və qazsız mineral su istehsal edilir. Əvvəlki zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, yeni zavod bu rəqəmi 100 faizə çatdırmağa imkan yaradıb.
Bildirilib ki, Zavodun Naxçıvan və Bakı şəhərlərində satış bazaları yaradılıb və ölkəmizin hər yerində satışı həyata keçirilir. “Badamlı” brendi ilə mineral suların xarici ölkələrə ixracı da həyata keçirilir. Ötən il 3 ölkəyə 500 tondan artıq məhsul ixrac olunub.
“Badamlı” mineral sularının istehsal prosesi uşaqlarda böyük marağa səbəb olub, zavodun rəhbərliyi tərəfindən onlara hədiyyələr təqdim olunub.
Zavodla tanışlıqdan sonra uşaqlara Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda “Ağ atlı oğlan” filmi nümayiş etdirilib.
Novruz Məmmədov