Mirvarid Dilbazi XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindəndir. O, 1912-ci il avqustun 19-da Qazax rayonunun Xanlıqlar (indiki Musaköy) kəndində anadan olub.
NUHÇIXAN-ın məlumatına görə, Dilbazilər soyadı tarixi mənbələrə əsasən Nadir şahla bağlıdır. Mənası: “ürəkli adam”-deməkdir. XVI yüzilin sonlarında Səfəvi-Osmanlı müharibəsinədək Qazax bölgəsində yaşamış çoxsaylı nəsil şəcərəsi olan tayfadır.
Mirvarid Dilbazi 1994-cü ildə çap olunmuş “Bənövşələr üstə göz yaşları” xatirələr kitabında yazırdı: “XVII, XVIII və XIX yüzilliklərin sonuna qədər nəslimiz ziyalı mülkədar nəslini təmsil edib...”
Mirvarid xanım Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan şairə uşaqları çox sevirdi, onlar üçün “Nağıllar”, “Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitabları dərc olunub.
Mirvarid Dilbaziyə 1979-cu ildə Azərbaycanda ilk qadın şair olaraq Xalq Şairi fəxri adı verilib.
Şairə həmişə ana Vətəni, təbiəti və doğma anasını kövrək hisslərlə tərənnüm edib:
İlıq küləklər əsdi,
Yaz gəlməyə tələsdi,
Mənim ürəyim əsdi,
Anam yadıma düşdü...