Vətən müharibəsi qəhrəmanı şəhid baş leytenant Raqib Hüseynov - VİDEO

A- A A+

Həyatda elə günlər olur ki, sadəcə yaşayırsan, amma özündən sonra xatirəsi belə qalmır. Amma gün də var ki, özü bir tarixə çevrilir. Bu tarixi yazanlar isə əsl qəhrəmanlar hesab olunurlar. Şanlı Vətən müharibəmizin şəhidləri kimi.. Hər kəs onları daha yaxından tanımaq, həyat hekayələrini dinləmək istəyir. İndi biz sizə Naxçıvan şəhərindən olan şəhid baş leytenant Raqib Hüseynovu tanıdacağıq.

 “Səni Şuşada qarşılayacam,ana!” deyirdi - alovlu, ölümün gözünə dik baxıb “qorxmuram” söyləyən baş leytenant Raqib Hüseynov. O,  uşaqlıqdan hərb sənətinə olan sevgiylə böyüyür, bu yoldan geri dönmür. Əvvəlcə Heydər Əliyev adına Hərbi Liseyi, ardınca isə Ali Hərbi Akademiyanı bitirir, 2015-ci ildən zabit kimi xidmətinə başlayır. 2020-ci ilin sentyabrın 27-si başlayan haqq savaşımıza da əsl zabit kimi ilk qatılanlardan, ən öndə irəliləyənlərdən və mərdliklə vuruşanlardan olur.

Raqib müharibədə yaralansa da, döyüş meydanını tərk etmir. Talış kəndi, Suqovuşan uğrunda gedən döyüşlərdə onlarla ermənini həm təkbaşına, həm də döyüş yoldaşlarıyla birgə məhv edir. Sentyabrın 29-u şəhadət şərbətini içir. Oktyabrın 1-i doğma torpaqda son mənzilə yola salınan Raqib böyük izdihamla torpağa tapşırılır: “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə....

Həmin gün “mənim oğlumun toyu da, nişanı da onun bayrağıdır!” deyirdi qəhrəman anası Rəna ana. Bu gün də onun dilinin əzbəridir bu kəlimələr. Bütün bunların önündə isə Vətənə, torpağa, bayrağa olan ümmansız sevgi dayanır.

Qəhrəmanımız göstərdiyi igidlik və şücaətə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına ” görə medallarına layiq görülür.

Raqib vətən üçün şəhid oldu, elin qəhrəmanına çevrildi. Vətəndən bir parça oldu, onun hər daşını, torpağını azad görmək istədi, elə bu yolda da canını fəda etdi. 

Kimdənsə yaşını soruşanda bəzən “bir igidin ömrüdür” deyirlər. Bizim igidin yaddaşlara həkk olunan yaşı isə 27 ilə sığıb. Əbədiyyən 27 yaşında qalan qəhrəman Raqib Hüseynov! Arzusunda olduğun Şuşan, doğma Qarabağın azaddır, Vətənin bütövdür.  Sən Qarabağa yol oldun, işıq oldun!  Qələbəni görməsən belə, bütün Azərbaycana qələbə sevinci yaşatmaqda misilsiz payı olan cəsur Şəhidim, səninlə fəxr edirik!

Elnurə Tahir

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: