Həzrəti peyğəmbərimiz Məhəmməd (s) buyurub ki, “əncir behişt meyvəsidir”. Eləcə də “Qurani-Kərim”in “tin” surəsində əncirin adı çəkilir.
Azərbaycanda bu meyvənin bir neçə növü yayılıb. Əncir A, B, C vitaminləri ilə zəngindir. Ondan hələ qədim zamanlardan sinəyumşaldıcısı, yuxugətirici, qəbizlik əleyhinə, başağrılarını kəsmək üçün istifadə ediblər. Xalq təbabətində, türkəçarələrdə, müalicə əhəmiyyətli bitkilərin təsnifatında və digər mənbələrdə əncirin adı tez-tez çəkilir.
Əncirin təkcə meyvəsi deyil, qurudulmuşu, yarpaqları, ağac zoğları da bir sıra xəstəliklərdə çox faydalıdır. Məsələn, saç tökülməsinin qarşısını almaq üçün əncir yarpağından müalicə öz bəhrəsini verir. Bunun üçün bir litr suda 50 qram əncir yarpağını qaynadıb gün ərzində bir neçə dəfə onunla başı yumaq kifayətdir.
Aparılan təcrübələr nəticəsində müəyyən edilib ki, qurudulmuş əncir yarpaqlarından və qabıqlarından hazırlanan dəmləmələr, həmçinin alınan qatranın spirtli məhlulu ürək fəaliyyətini artırmaq qabiliyyətinə malikdir.
Xalq təbabətində əncir yarpaqlarından və budağının qabıqlarından sulu dəmləmə və bişirmə formasında, kal meyvələrinin südündən emulsiya şəklində, eləcə də təzə yetişmiş meyvələrin şirəsindən ürək xəstəliklərində və hipertoniyada istifadə edilir. Əncirin doşabı və mürəbbəsi ürək zəifliyində, qanazlığında qüvvətverici vasitədir.
Bəzi yerlərdə əhali əncirin quru yarpaqlarından çay dəmləyib bronxial-astmada və böyrək xəstəliklərində sidikqovucu kimi, meyvələrini süddə bişirib ürəkbulanmasının qarşısını almaq üçün istifadə edir. Uşaqların qarnı ağrıyan zaman əncirin yarpağını, cavan budaqlarını və kal meyvələrinin südünü su ilə qarışdırıb tez-tez içirtmək məsləhətdir. Diş ağrısının sakitləşməsi və müalicəsində də əncirin şəfası dada çatır. Əgər pambığı əncir ağacının şirəsinə batırıb dişə sürtsəniz və yaxud da qaralmış hissəsinə qoysanız, ağrısı dərhal kəsər.
Yaddaşın, hafizənin gücləndirilməsində də əncirin bərabəri yoxdur. Belə ki, bir neçə quru ənciri doğrayaraq üyüdülmüş qoz, püstə və badamla qarışdırıb on gün ərzində hər gün iki xörək qaşığı yemək hafizəni qüvvətləndirir. Lap qədim zamanlarda xalq təbabətində bədənin müxtəlif yerlərində əmələ gəlmiş ziyili, başqa döyənəkləri aradan qaldırmaq üçün əncir şirəsindən istifadə ediblər.
Plevrit, bronxit və göyöskürək üçün quru əncirin ununu qəhvə əvəzinə işlətmək çox faydalıdır. Sınaqdan çıxıb ki, bədənə yığılmış suyu xaric etmək üçün əncir köməyə yetişir. Bunun üçün əncir ağacının nazik budaqları suda qaynadılıb içilir.
Xalq təbabətində dalaq ağrısının da əncirlə müalicəsi var. Bunun üçün ənciri sirkədə isladıb bir gün saxlamaq, sonra onu 6 gün acqarına yemək, qalan hissəsini isə əzib dalaq nahiyəsinə təpitmə kimi qoymaq lazımdır. Bu proses on gün davam edərsə, dalaq şişi və ağrılar çəkilər.
Qeyd edək ki, şəkərli diabet xəstələri, mədə-bağırsaq pozğunluğu olanlar və arıqlamaq istəyən kəslər əncirdən az istifadə etməlidir.
İndi bağların əncir vaxtıdır. İmkan tapdıqca qiymətli, şəfaverici, kimyəvi dərmanlardan min dəfə faydalı olan əncirdən istifadə edin, eləcə də qışa hazırlığınızı unutmayın. Mürəbbəsini bişirin, cemini hazırlayın, özünü və yarpaqlarını qurudun.
“Oğuz yurdu” qəzeti