On yaşlı Arxeologiya və Etnoqrafiya Muzeyi maddi-mədəni irsimizin təbliğinə xidmət edir - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında muzey işinin inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, burada müxtəlif sahələr üzrə təşkil olunmuş otuzadək muzey fəaliyyət göstərir. Son dövrlərdə bu siyahıya əlavə edilən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Əlincəqala” Tarix-Mədəniyyət, Dövlət Bayrağı, Naxçıvan Duz muzeyləri və digər bu kimi mədəniyyət müəssisələri tariximizin yadigarlarının qorunmasının və təbliğinin inkişaf dinamikasından xəbər verir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində yaradılmış Arxeologiya və Etnoqrafiya Muzeyi də məhz bu inkişafın təzahürlərindən biri kimi meydana çıxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı 2005-ci il 6 dekabr tarixli Sərəncam əsasında bölmədə təşkil edilən ekspedisiyalar zamanı əldə olunan çoxsaylı arxeoloji və etnoqrafik materiallar belə bir muzeyin formalaşdırılmasına zərurət yaratmışdı. On il bundan əvvəl AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Respublikasında ayrıca olaraq arxeologiya və etnoqrafiya sahəsi üzrə təşkil olunmuş 3 muzeydən biri, muxtar respublikada isə bu sahədə yeganə olan yeni muzey yaradılıb.
Muzeyin yaradılmasından keçən 10 il ərzində burda saxlanılan eksponatların sayı artırılıb, çeşidləri zənginləşdirilib. Onların böyük bir qismi Arxeoloji xidmət şöbəsinin fondunda mühafizə edilməkdədir. I Kültəpə, Sədərək, Ovçular təpəsi, Ərəbyengicə, II Kültəpə, Qız qala, Xaraba Gilan, Şahtaxtı, Oğlanqala, Zoğala və digərləri ilə birlikdə 21 arxeoloji abidədən aşkar olunan 550-dən çox maddi-mədəniyyət nümunəsi isə muzeyin sərgi salonunda nümayiş etdirilir. Neolit dövründən başlayaraq son orta əsrlər dövrünədək xronoloji ardıcıllıqla sıralanan bu dəyərli eksponatlar muzeyi ziyarət edənlərdə doğma diyarımızın tarixi haqqında zəngin təsəvvür yaradır.
Muzeyin cəhrə, teşti, nehrə, keçə və digər tədricən unudulmaqda olan məişət əşyaları ilə təmsil olunan etnoqrafik materialları milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından son dərəcə əhəmiyyətlidir.
Muxtar respublikanın müxtəlif bölgələrində aparılan tədqiqatlar nəticəsində muzeyə daxil edilən maddi-mədəniyyət nümunələrinin sayı gündən-günə artmaqdadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muzeyə bağışladığı, muxtar respublikamızın 90 illik yubileyi münasibəti ilə təsis olunmuş medallar eksponatlar içərisində xüsusi yer tutur. Hüseyn Cavid, Möminə xatın, Yusif Küseyir oğlu, Qarabağlar və Nuh Peyğəmbərin türbələrini əks etdirən bu dəyərli hədiyyələr muzeyin sərgi salonunu zənginləşdirməkdədir. Eksponatların bir qismi muzeyə müxtəlif təşkilatlar tərəfindən verilib. Vətəndaşlar tərəfindən də muzeyə maddi-mədəniyyət nümunələrinin təqdim edilməsi təqdirəlayiq haldır.
Muzeyin başlıca funksiyası arxeoloji, etnoqrafik materialların və digər maddi-mədəniyyət nümunələrinin toplanması, mühafizəsi və gələcək nəsillərə çatdırılmasından ibarətdir. Bu baxımdan muzey 2 funksiyanı özündə ehtiva etməkdədir: maddi-mədəniyyət nümunələrinin mühafizəsi və mədəni irsimizin təbliği. Bu funksiyalar muzeydə tələbələrə keçilən açıq dərslərlə, muzeyin məlumat-bələdçi kitabçasının hazırlanması, buraya yeni materiallar gətirilməsi və bununla da ziyarətçilərin artırılması vasitəsilə həyata keçirilməkdədir. Ziyarətçilər içərisində orta məktəb şagirdlərindən başlamış yüksək elmi dərəcəli şəxslərə, həmçinin əcnəbi qonaqlara da rast gəlmək olur. Onlar burada Naxçıvanın qədim və zəngin tarixini ardıcıl və sistemli şəkildə öyrənmək imkanı qazanırlar. Bu mənada, adıçəkilən muzey təkcə tariximizin, mədəniyyətimizin deyil, eyni zamanda mənəviyyatımızın da inkişaf dinamikasını nümayiş etdirmək kimi müqəddəs missiyanı yerinə yetirməkdədir.
Qeyd edək ki, yaxın vaxtlarda muzeyin məlumat-bələdçi kitabçasının Azərbaycan, ingilis və rus dillərində yeni nəşrinin hazırlanması Arxeologiya və Etnoqrafiya Muzeyinin 10 illik yubileyinə töhfə olacaqdır.
Zeynəb Quliyeva AMEA Naxçıvan Bölməsinin Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent