Kəngərli rayonundan olan qadınlar üçün toxuculuq təlimi keçirilib - FOTOLAR
Qədim el sənəti olan toxuculuq sənətinin yaşadılması ilə yanaşı, bu sahə üzrə peşə təhsilinin təşkili də mühüm əhəmiyyət daşıyır. Sosial əhəmiyyətli belə tədbirlər qadınların özünüməşğulluqlarının da təmin edilməsinə zəmin yaradır. Bu məqsədlə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında mütəmadi olaraq təlimlər keçirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti təlim Kəngərli rayonundan olan qadınlar üçün təşkil olunub.
“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində keçirilən təlimdə 13 sağlamlıq imkanları məhdud, 8 xüsusi qayğıya ehtiyacı olan qadın və Kəngərli Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 4 dərnək rəhbəri olmaqla, ümumilikdə 25 nəfər iştirak edib. İştirakçılar təlimdə fəal iştirak edərək toxuculuq bacarığına yiyələniblər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən təlimin məqsədi qədim toxuculuq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırlmasına kömək etməkdir.
Qeyd edək ki, müvafiq Dövlət Proqramı çərçivəsində bu il muxtar respublikanın bütün rayonlarında analoji təlimlər keçirilib.
Mədinə Rəhimli