NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov qarşıya qoyulan vəzifələrə diqqət çəkib.
Daşqın Rəhimov qeyd edib ki, nazirliyin sisteminə daxil olan inzibati binaların qızdırılması, cəzaçəkmə müəssislərinin bütün təlabatları nəzərə alınaraq, məhkumların isti geyim və ərzaqla təminatı sahəsində ehtiyac üzrə sifarişlər verilərək təyinatı üzrə istifadəsi diqqət mərkəzində saxlanılır. Qış mövsümü üçün tədarük edilən qida məhsullarının soyuducu anbarlarda saxlanmasına nəzarət edilir. Məhkumların sağlamlığı üçün də müvafiq tədbirlər görülür, tibb-sanitar hissəsində lazımi dərman preparatlarının alınması, məhkumların mütəmadi olaraq həkim müayinəsindən keçirilməsi, qış mövsümü xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan dərmanların sifariş verilməsi təmin edilir. Koronavirus pandemiyası ilə əlaqədar olaraq cəzaçəkmə müəssisələrinin giriş və çıxışlarına nəzarət gücləndirilir, kompleks dezinfeksiya tədbirləri davam etdirilir.
Ədliyyə Naziri Daşqın Rəhimov müşavirədə aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Sonra məruzə ətrafında çıxış edənlər görülən işlər və qarşıda duran vəzifələrlə əlaqədar məlumat veriblər.
Sonda nazirliyin tədbirlər planı təsdiq edilib.
Turab Hacızadə