Murov zirvəsinin azad olunması müjdəsini bizə yaşadan Vətən müharibəsi şəhidi Ərtoğrul Nadirli - VİDEO

A- A A+

Milli birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğulların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Bu gün torpaqlarımızı erməni tapdağından azad edərkən şəhid olmuş daha bir zabitimizi – Nadirli Ərtoğrulu tanıyacağıq.

Qəhrəmanlıq hər bir azərbaycanlını xarakterizə edən ən başlıca cəhətdir. Belə qəhrəmanlardan biri də Vətən müharibəsi şəhidi Ərtoğrul Nadirlidir...

O, 1997-ci il mart ayının 31-də Sədərək rayonunda dünyaya göz açır. Atası məşhur türk sərkərdəsi Ərtoğrulun şərəfinə ona bu adı qoyur. Ərtoğrul böyüyərək şəhid məzarlarının önündən keçərkən içini bürüyən intiqam hissi ilə, 2012-ci ildə zabit olmaq üçün Heydər Əliyev adına Hərbi Liseyə üz tutur. Ardınca isə Ali Hərbi Akademiyanı başa vuraraq, illərlə xəyalını qurduğu zabit peşəsinə yiyələnir. Vətən müharibəsinin ilk günü cəbhənin Goranboy istiqamətindəki hərbi əməliyyatlara qoşulur. Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması müjdəsini bizə yaşadanlardan olur.

Ərtoğrul döyüşlərdə son damla qanına qədər vuruşur, döyüş yoldaşları ilə birgə düşmən postlarını ələ keçirilməsində, düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində mərdliklə, qəhrəmanlıqla iştirak edir. Peşəkarlığı sayəsində bir neçə döyüş yoldaşını ölümdən xilas edir. 2020-ci ilin oktyabr ayının 2-si Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlir.  Nəşi noyabrın 26-da qeyrət qalası Sədərəkdə torpağa tapşırılır.

Şəhid Ərtoğrul Nadirli ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Minlərlə ad içindən seçilən Ərtoğrulun adı şəhadətə yüksəldiyi Kəlbəcər dağlarında “Ərtoğrul postu” ilə əbədiləşib.

 

Elnurə Tahir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: