Artıq payızlıq taxıl əkinlərinə hazırlıq kampaniyasına başlanıb. Qeyd edək ki, əkinə hazırlığın ilkin mərhələsi olan yay şumu və bundan sonrakı bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir. Əvvəlki əkin zamanı taxıl sahələrində pas xəstəlikləri müşahidə olunubsa, həmin yerə taxıl toxumu səpilməməli, təkrar əkinlərə üstünlük verilməlidir. Taxıl əkiləcək sahə sələf bitkilərdən boşalan kimi hər hektara 20-30 ton peyin, 250-300 kiloqram fosfor və 100-150 kiloqram kalium gübrələri verilərək 28-30 santimetr dərinlikdə şum edilməlidir. Fosfor bitkilərin güclü böyüməsini, inkişafını və qışdan salamat çıxmasını təmin edir, eləcə də əlverişsiz şəraitə müqavimətini artırır. Haqlı olaraq el arasında ona «bar gübrəsi» də deyirlər. Əldə olunan təcrübə göstərir ki, fosfor və kalium gübrələrinin illik normasının şum altına verilməsi daha səmərəlidir. Bundan başqa, münbitliyi az olan torpaqlarda bitkiləri azotla normal təmin etmək məqsədilə səpin zamanı toxumla birlikdə sahəyə azot gübrəsi də verilməsi məqsədəuyğundur. Taxıl əkiləcək sahənin şumunun keyfiyyətli və səpindən 1-2 ay tez aparılması məhsuldarlığın 2-3 sentnerə qədər artıq olmasına təsir göstərir. Şumla birlikdə səpin də optimal müddətdə aparılmalıdır. Təcrübələr göstərir ki, payızda bitkilərin güclü və mərhələli inkişafı toxumların vaxtında səpilməsindən daha çox asılıdır ki, bu da bitkilərin əlverişsiz qışlama şəraitinə davamlılığını təmin edir. Bitkilərin xəstəliklərə tutulmaması, zərərvericilərlə zədələnməməsi, dənin yetişmə vaxtı da səpin müddətindən asılıdır. Bütün bunlar bitkilərin sıxlığına, dənin keyfiyyətinə və məhsuldarlığa mənfi təsir göstərir. Ona görə də səpin optimal müddətdə başa çatdırılmalıdır. Vaxtında toxum səpilmiş sahələrdə bitkilər şaxtalar düşənə kimi kifayət qədər güclü yan köklər əmələ gətirir, möhkəmlənir, kollanır və qışın əlverişsiz hava şəraitinə davam gətirə bilir. Gecikmiş səpinlərdə isə cücərtilər kollana bilmir və zəif halda qışlamaya başlayır. Payızda zəif kök almış bitkilər qışa az davamlı olur, onların çoxunu şaxta tələf edir, nəticədə əkinlərdə seyrəklik əmələ gəlir. Toxumun muxtar respublika şəraitində aran zonalar üzrə oktyabrın 30-dək, dağətəyi zonalarda sentyabrın 20-dən oktyabrın 25-dək səpilib qurtarması məsləhətdir. Havalar əlverişli keçərsə noyabr ayında da səpin aparmaq olar. Səpin üçün hazırlıq tədbirləri isə avqust ayından başlanmalıdır. Yüksək məhsul götürmək üçün tətbiq olunan aqrotexniki tədbirlər içərisində toxumun keyfiyyəti əsas yer tutur. Qeyd edək ki, bu gün muxtar respublikada torpaq mülkiyyətçilərini toxumla təmin etmək üçün «Naxçıvan Aqrolizinq» ASC-nin yerli təşkilatları, «Gəmiqaya» MMC-nin taxıl terminalı və toxumçuluq təsərrüfatları məşğul olur. Payızlıq taxıl əkinlərinin keçirilməsi ilə əlaqədar keyfiyyətli toxum materialı almaq üçün hər kəs həmin təşkilatlara müraciət edə bilər. Toxumla yayılan, taxıl üçün qorxulu sayılan bir çox xəstəliklərin qarşısını almaq və ona qarşı mübarizə aparmaq üçün səpiləcək toxum materialının dərmanlanması ən vacib şərtlərdəndir. Bu xəstəliklərə qarşı mübarizə məqsədi ilə toxum 75 faizli Vitovaks-200 (bir tona 3 kiloqram), 15 faizli Baytan (bir tona 2 kiloqram), Dinit (bir tona 1,5 kiloqram), Çonil (bir tona 1,5 kiloqram), Alyans (bir tona 1,5 kiloqram) preparatlarının biri ilə səpinqabağı dərmanlanmalıdır. Taxılın səpin norması sələflərdən, torpağın münbitliyindən, səpin müddətindən və üsulundan, əkiləcək sortun bioloji xüsusiyyətlərindən, toxumun təmizliyindən, mütləq çəkisindən və digər amillərdən asılı olaraq dəyişə bilər. Gecikmiş əkinlərdə səpin norması 10-15 faiz artırılmalıdır. Səpin aşağı norma ilə aparılanda bitkilər seyrək olur, alaqların inkişafına əlverişli şərait yaranır, əkinlər az məhsul verir. Səpin norması çox olduqda isə sahədə bitkilər sıx olur, bir-birini kölgələndirir, torpaqda su və qida maddələri çatışmır. Nəticədə, bitkilər seyrək və cılız dənli kiçik sünbüllər əmələ gətirir. Ona görə də 1 hektara orta hesabla 250- 280 kiloqram buğda, 180-200 kiloqram arpa toxumu səpilməsi məsləhətdir. Səpin zamanı akademik Cəlal Əliyevin yetişdirdiyi «Bərəkətli-95», «Qiymətli-2 /17», «Əzəmətli-95», «Nurlu-99», «Ruzi-84» və muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun gələn «Qılçıqsız-1» sortlarından istifadə məqsədəuyğundur. Toxumlar torpağa elə basdırılmalıdır ki, onlar rütubət, istilik və hava ilə normal təmin oluna bilsinlər. Normal rütubətli və yaxşı becərilmiş torpaqlarda toxumun 5-6 santimetr dərinlikdə basdırılması məsləhətdir. Səpin qurtaran kimi sahədə mora və ya şırım açılaraq suvarma aparılmalıdır. Ən yaxşı üsullardan biri şırımlarla suvarmadır. Bu üsul tətbiq edildikdə torpaq normal rütubətlənir, qaysaq əmələ gəlmir, torpağın strukturu yaxşı saxlanılır, su itkisi olmur, əl əməyindən az istifadə edilir, torpaq tam dolduğundan bitkilər quraqlığa qarşı davamlı olur. Vaxtında şumlayın, vaxtında əkin və tələb olunan aqrotexniki tədbirlərə düzgün əməl edin ki, məhsulunuz bol, gəliriniz artıq olsun.
Xaliq ABBASOV
Kənd Təsərrüfatı nazirliyinin əməkdaşı
“Şərurun səsi” qəzeti