Müzəffər Nəsirli
Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat
1920-1970-ci illər
( Davamı)
1933-35-ci illərdə Naxçıvanda gəncliyin inkişaf etməsində Əli Vəliyev və Mirzə İbrahimov yoldaşların xidməti olduqca böyük olmuşdur. Deyə bilərəm ki, onların köməyi sayəsində Naxçıvanda bütün bir ədəbi nəsil tərbiyələnmişdir. Hər iki sənətkar gənc şair və yazıçıların yazmış olduğu yeni ədəbi əsərləri oxuyub onlara faydalı məsləhətlər verirdilər.
Çox təəssüf ki, bu gözəl ənənə uzun müddət davam etmədi. Mirzə İbrahimov və Əli Vəliyev yoldaşlar Bakıya qayıtdılar. Sonrakı hadisələrlə əlaqədar olaraq birdən-birə Naxçıvanda yaşayan gənc yazıçı və şairlərin yaradıcılığında durğunluq əmələ gəldi. Bunun nəticəsində Naxçıvanda yazıçılar təşkilatının işi başlı-başına buraxıldı. Onlara heç bir yaradıcılıq köməyi göstərilmədi.
Təsadüf deyil ki, 11 may 1938-ci ildə Azərbaycanda nəşr edilən “Ədəbiyyat” qəzetində Azərbaycan Yazıçıları İttifaqının Naxçıvan şöbəsinin fəaliyyəti haqqında aşağıdakı sətirləri oxuyuruq:
“Naxçıvanda 27 gənc yazıçı və 16 aşıq vardır ki, bunlarla heç bir yaradıcılıq işi aparılmır. Bu vaxta kimi bir dəfə də olsun müzakirə və disput keçirilməmişdir. Yaradıcılıq işi tamamilə unudulmuşdur. Gənclərin yazdıqları roman, şeir, hekayə və oçerklərə göstəriş verən yoxdur. Naxçıvan yazıçılarından Qurban Qurbanov “Ayrım”, Hüseyn Baqi “Xəndan”, Qasım Tağıyev “Kolxoz həyatı”, Məmməd İsmayılov “Bizim gənclər”, Hüseyn Hüseynov “Yüksəliş” adlı əsərlər yazmışlar. Lakin bunların əsərləri heç bir yerdə müzakirə olunmamışdır ”.
Naxçıvanda yaşayan yaradıcı gənclik haqqında belə bir siqnaldan sonra Azərbaycan Yazıçılar İttifaqı Naxçıvandakı ədəbi gəncliklə yenidən məşğul olmağa başladı. Buna görə də “Ədədbiyyat qəzetində” “Yeni yazanların yaradıcılığı uğrunda” redaksiya məqaləsi çap edildi. Bu məqalədə ədəbi gəncliyə yaradıcılıq köməyinin zəruriliyindən, gənclərlə aparılan işin yarıtmaz olduğundan bəhs olunurdu.
Həmin tənqidi məqalədən sonra 1940-cı ildə Azərbaycan Yazıçıları İttifaqı tərəfindən Bakı şəhərində gənc yazıçıların respublika konfransı çağırıldı. Həmin konfransda Naxçıvandan Ənvər Əylisli, Yaqub Məmmədov, Abbasqulu Quliyev, Hüseyn Əzim, Miryəhya Seyidov, Təvəkkül Zeynalov kimi gənclər iştirak etdilər.
Azərbaycan Sovet Yazıçılar İttifaqının bu təşəbbüsü Naxçıvanda başlı-başına buraxılmış, yaradıcılıq təşkilatının işlərinin yenidən canlanmasına xeyli kömək etdi. Gənclər yeni axtarışlar aparıb, yeni şeir, hekayə və dram əsərləri yazmağa başladılar.
(Ardı var)