Təbiəti qorumaq həm də vətənpərvərlik və insanpərvərliklə eyniyyət təşkil edir. Bu iki hiss birləşəndə istənilən nəticəyə çatmaq olur. Unutmamalıyıq ki, təbiətin qorunması canlı varlığın qorunması, torpağın qorunması, gözəlliyin qorunmasıdır. İnsanın fiziki, əqli, ruhi dünyasının, sağlamlığının, möhkəmliyinin, zənginliyinin qorunmasıdır. Xalq şairi Məmməd Arazın belə bir kəlamı var: «Təbiətlə daim üzbəüz olan insan başa düşməlidir ki, bu səxavətli, əliaçıq, varını qısmadan paylayan varlıq, həm də üzübozdur, kinlidir, qısqancdır. Onunla hesablaşmadan ona edilən zərbəyə qarşı birə-beş qüvvətlə cavab verir». Bu «əliaçıq», həm də «kinli», «üzüboz» varlığın zərbəsinə tuş gəlməmək üçün onun sərvətlərinin mühafizəsi, artırılması və qorunması vacib şərtlərdəndir. Bunu, həm də insanın mənafeyi tələb edir.
Bu da faktdır ki, muxtar respublikamızın hər yerində, eləcə də rayonumuzda 1995-ci ildən başlanan, hər il yaz və payız iməciliklərinin keçirilməsi haqqında Ali Məclisin Sədri tərəfindən 2001-ci ildə imzalanan sərəncamdan sonra isə daha intensiv şəkil alan təbiətin mühafizəsi, ekologiyanın sağlamlaşdırılması, yeni bağların və meşə zolaqlarının salınması istiqamətində həyata keçirilən tədbirlər kifayət qədərdir. Artıq hər tərəf yamyaşıldır, hətta daşlı-qayalı, şoran yerlər də yararlı hala salınıb, torpaq və təbii iqlim şəraitinə uyğun ağaclar əkilib. Kütləvi iməciliklər Şərur şəhərindən 30-35 kilometr aralı, dəniz səviyyəsindən 1.500-2.000 metr yüksəklikdə yerləşən dağ kəndlərinə də gedib çatmışdır. Havuşda, Tənənəmdə, Şahbulaqda meyvə tumları, tinglər əkilir, dağ yamaclarında sıradan çıxmış yaşıllıqlar bərpa edilir. İşğaldan azad edilmiş Günnüt kəndi ərazisində isə buranın təbii-iqlim şəraitinə uyğun yeni meyvə bağları salınmasına hazırlıq görülür. Ümumilikdə, təbiətin yaşıl örtüyünün artırılması və mühafizəsi, onların qayğısına qalınması üçün vaxtaşırı lazımi tədbirlər həyata keçirilir. Son illərdə rayonda beş yüz hektardan artıq meyvə bağı salınıb, meşə zolaqlarının sahəsi xeyli genişləndirilib. Bütün yolların kənarlarında yaşıllıqlar salınıb. Kənd mərkəzlərinin ətrafında əkilən meyvə və bəzək ağacları, gül kolları bu məkanları daha yaraşıqlı, daha füsunkar edib. Bu ilki yaz iməcilikləri zamanı da rayonun müxtəlif yerlərində yeni meyvə bağları salınıb. Mövcud bağlarda və meşə zolaqlarında bərpa işləri aparılıb, yol kənarlarına və boş sahələrə meşə ağacları, çay qıraqlarına qələmə və söyüd çubuqları, parklara gül kolları əkilib, mövsümi çiçək şitilləri basdırılıb. Rayonda ərsəyə gəlmiş yaşıllıqların qorunması da nəzarətdə saxlanılır. Havaların isti keçməsi yaşıllıqların hərtərəfli qayğıya ehtiyacını daha da artırıb. Hamı bir nəfər kimi yaşıllıqlara qayğı ilə, ürəkdən qulluq göstərir. Bunun nəticəsidir ki, Naxçıvan – Sədərək avtomagistralının rayonumuzun ərazisindən keçən hissəsinin, Şərur şəhərindən başlayaraq Xanlıqlar kəndinədək olan yolun sağı, digər kəndarası yolların hər iki tərəfi yamyaşıldır. Yuxarı Daşarxdan Gümüşlüyə gedən yolun sol tərəfinə əkilmiş çinarlar baş-başa verib. Gümüşlü, Püsyan, Xanlıqlar, Danyeri və Dəmirçi kəndlərində əkilmiş meyvə bağlarındakı ərik, alma, alça, gilas, gilənar ağaclarındakı məhsul torpağın bərəkətindən xəbər verir. Şərur şəhərinə gələn qonaqlar buranı haqlı olaraq gül-çiçəkli məkan adlandırırlar. Küçələr boyu hündür qol-budaqları ilə biri-birini qucaqlayan çinarlar, akasiyalar, həmişəyaşıl ağaclar, parklardakı qızılgüllər, al-əlvan çiçəklər baxanları heyran edir. Rayon mərkəzindəki Heydər Parkı görkəmini tamamilə dəyişib. Buradakı fəvvarələrin fəaliyyəti bərpa edilib, cərgə ilə çinar ağacları əkilib, gülkarlıqlar kol-kosdan təmizlənib. Şərur Dəmiryol Stansiyasının ərazisində 1998-ci ildə salınmış və 2,5 hektar ərazini tutan park bu ilin yazında aparılan abadlaşdırma işlərindən sonra sakinlərin və rayonumuza gələn qonaqların əsl istirahət yerinə çevrilib. Burada təbii yaşıl örtük yaradılıb, çiləmə üsulu ilə suvarma təşkil edilib, oturacaqlar, dekorativ quş və heyvan fiqurları, dama, şahmat taxtaları qoyulub. Bütün bunlar vətənpərvərliyin, doğma torpağa bağlılığın, onun təbiətinin zənginləşdirilməsinə, daha da gözəlləşməsinə olan sevginin, məhəbbətin nümunəsidir.
Beləcə, Şərur qədirbilən insanların əlləri ilə günü-gündən daha yaraşıqlı, daha zəngin regiona çevrilir. Görkəmli akademik Həsən Əliyev deyiri: «Bəziləri təbiət deyəndə dağları, çayları, meşələri nəzərdə tutur. Halbuki, təbiət elə bizim həyətimizdən, yaşadığımız küçədən başlanır. Təbiətlə münasibət özünü bu başlanğıcda büruzə verir: həyətində neçə ağac əkmisən, küçənin təmizliyi üçün nə eləmisən?... Bəlkə toya, yasa və digər mərasimə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə çox yaşamağa yubanmaqdır».
Bəli, nə vaxtsa məlum səbəblərdən təbiətə münasibətdə müəyyən qədər, bəlkə də daha çox yubanmışıq. Bu gün isə gələcək nəsillərin sağlam böyüməsi, təmiz hava udması, təmiz su içməsi üçün təbiətin zənginləşdirilməsi və mövcud olanlara qulluq hər kəsin gündəlik işinin bir hissəsini təşkil edir. Hamı əl-ələ verərək çalışır ki, artıq çoxdandır həyətimizin, yaşadığımız küçənin sərhədlərini aşaraq daha geniş əraziləri tutan ana təbiətə münasibətdə yubanmasın.
Vaqif CABBAROV,
Şərur Rayon Uşaq və Gənclər yaradıcılıq mərkəzinin direktoru
“Şərurun səsi” qəzeti