“Şərq qapısı” qəzeti Şahbuz rayonunun sosial-iqtisadi ictimai-siyasi həyatının tarixiləşdirilməsində böyük rol oynayıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər rayonun Mədəniyyət Sarayında təşkil olunan “Şərq qapısı” qəzetinin 100 illik yubileyi mərasimində səsləndirilib.
Mərasimdə qəzetin muxtar respublikanın tarixi inkişaf yolunun işıqlandırılmasındakı böyük rolundan, Şahbuz rayonunun sosial-iqtisadi inkişafının, ictimai-siyasi həyatının tarixiləşdirilməsindəki əhəmiyyətindən danışılıb.
“Şərq qapısı” qəzetinin baş redaktoru, əməkdar jurnalist Mehriban Sultanova bildirib ki, böyük maarifçilik məktəbi, mütərəqqi ideyaların beşiyi sayılan “Şərq qapısı” qəzeti ictimai-siyasi fikir tariximizdə, milli-siyasi təfəkkürün formalaşması və inkişafında mühüm rola malikdir. Qeyd olunub ki, müstəqillik illərində “Şərq qapısı” qəzetinin maddi-texniki bazası gücləndirilib, yaradıcılıq imkanları genişləndirilib, qəzetin rəngli nəşrinə başlanıb, yubileyləri dövlət səviyyəsində qeyd olunub.
Tədbirdə qəzetlə bağlı xatirələrini dilə gətirən rayon ziyalıları milli mətbuatımızın inkişafında, Şahbuz rayonunun sosial-iqtisadi inkişafının, tarixinin mətbuat vasitəsilə işıqlandırılmasındakı rolunu vurğulayıblar.
Sonda “Şərq qapısı” qəzeti ilə yaxından əməkdaşlıq edən “Oğuz Səsi” qəzetinin əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təsdiq olunan Tədbirlər planına əsasən “Şərq qapısı” qəzetinin 100 illik yubileyi muxtar respublikamızda geniş qeyd edilir.
Novruz Məmmədov