Üzərliklər çırtlasın...

A- A A+

Bütün dünya xalqlarında oxşar formada inamlar vardır. Bu inamlardan biri də göz dəyməsidir. Biz tez-tez “filankəs nəzərçidir”, “onun gözündə var” kimi ifadələr eşidirik. Xalq inanclarına görə, nəzərdən qorunmaq üçün müxtəlif əşyalardan, vasitələrdən istifadə etmək olar. Ev və tikililəri nəzərdən qorumaq üçün hündür bir yerə at nalı, acı bibər, köhnə ayaqqabı və s. asırlar. Nəzərdən qorunmaq üçün ən çox istifadə edilən isə üzərlik bitkisi və onun toxumlarıdır.

Üzərlik Azərbaycanda yarımsəhra zonasında bitir. Naxçıvan Muxtar Respublikası ərazisində 600-1500 metr yüksəklikdə, arx və yolların kənarında, alçaq təpəliklərdə, köhnə məzalıqlarda  geniş yayılıb. Çiçəklərinin kəskin, xoşagəlməz iyi var. Buna baxmayaraq, bal arıları üzərlik çiçəyinə çox meyl edir. Hündürlüyü 25-70 santimetr olan çoxillik bitkidir. Meyvələri iyul-avqust aylarında yetişir. Tibdə və xalq təbabətində bir çox  xəstəliklərin müalicəsində istifadə olunur. Zəhərli olduğu üçün daxilə qəbul edilərkən ehtiyatlı olmaq zəruridir. Müalicə məqsədi üçün bitkinin yerüstü hissəsi, kök və toxumlarından istifadə olunur. Xalq təbabətində üzərliyin toxumunu döyüb toz halına salır, onu bişirib isti-isti təpitmə qoymaqla oynaq ağrılarını sağaldırlar. Üzərliyi döyüb alınan kütləni sirkə ilə qarışdırıb qaynadır, bu məlhəmi kürəyin ağrıyan yerinə təpitmə qoyur, yaxud da bir qədər duru eləyib kürəyə sürtürlər. Ağrılar keçənədək  gündə iki dəfə təkrar edilir. Üzərlik toxumu, su və zeytun yağı bir qaba doldurulur, qaynadılır, sıyıq vəziyyətdə başa qoyulduqda baş ağrısını götürür. Bundan başqa, qrip zamanı üzərlik toxumu 20 qram suda qaynadılır, burun dəliklərinə damızdırılır. Üzərlik toxumunu sirkədə qaynadıb alınmış maye ilə əzələləri masaj etdikdə əzələlərin fəaliyyətini artırır. Amma bir mühüm məsələni qeyd etməliyik ki, xalq təbabətində adıçəkilən hər hansısa bir vasitə, mütləq həkim məsləhəti ilə istifadə edilməlidir. Müalicə əhəmiyyətindən çox xalq üzərliyə inanc vasitəsi kimi baxır. Azərbaycan mifologiyasında, inanclarında və elə indiki məişətində də üzərlik digər bitkilərdən bədnəzərdən qorumaq xüsusiyyətinə görə seçilir. İnanclara görə, üzərlik yaşayış yerindən kənarda toplanılmalıdır. Xoruz səsi eşidən üzərlik təsirini itirir. Üzərlik bəzən kol şəklində biçilsə də, əsasən, yetişməmiş meyvələri toplanır, sapa düzülərək qurudulur. Nəzərdən qorunmaq üçün evlərdə, avtomobillərdə asılır. Bəzən geyimin ciblərinə üzərlik toxumu qoyulur, parçaya bükülərək uşaqların üstünə, inəyin buynuzuna bağlanır. Bundan başqa, üzərliyi közdə yandırıb tüstüsünü vermək adəti də vardır. Üzərliyi yanar oda atmazlar, çünki üzərlik yanan zaman tüstüləməlidir. Yanan üzərliyi üfləmək olmaz. Xalq inanclarına görə, mələklər onun iyinə gəlir, ona görə də axşam üzərlik salmazlar. İnanca görə, mələklər axşam üzərliyin iyinə gələndə qanadları yanar və üzərlik yandıran adam zərər çəkər. Evdən başqasına üzərlik verməyi düzgün hesab etmirlər, deyirlər ki, həmin adam nəfəsini qarşıdakı adama vermiş olur. Üzərlik salan zaman müxtəlif sözlər söyləyirlər: Üzərliksən havasan

Min bir dərdə dəvasan.

Üzərliyim çırtdasın,

Yaman gözlər partdasın.

Üzərlik dənə-dənə,

Tökülər dənə-dənə.

 Qohum ola, yad ola,

Gözü bu odda yana.

Üzərlik salan zaman tüsütsü verilən adam əli ilə tüstünü yelləyir, üç dəfə salavat çevirir. Üzərlik xəstələnmiş bir adama, ya da ümumi olaraq salınır. Sonda üzərliyin külü küçə qapısının hər iki tərəfinə tökülür. Bəzən heyvanlara da üzərlik salırlar. Toyda, nişanda, xırman döyüləndə üzərlik yandırarlar.

Marqlı burasıdır ki, üzərliyin tərkibində qarmin alkaloidi var. Tibdə bu alkaloid, beyin xəstəlikləri - ensefalit, damar xəstəlikləri - ateroskleroz, hipertansiyon kimi ekstrapiramidal sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Bu maddə  bədəndə olan toksinləri çox tez aradan qaldırır, manqan, karbon monoksid ilə zəhərlənmənin təsirlərini yox edir. Məhz bu xüsusiyyətləri min illər boyu xalqımız tərəfindən müşahidə edilən üzərlik bu gün şəfa bitkisi kimi geniş tətbiq edilir.

          Zaleh NOVRUZOV

        “Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: