Azad Vətən torpağını azad görmək istəyirdi - FOTOLAR

A- A A+

Soyuq bir qış günü oğlunun məzarını ziyarətə gəlmişdi nəvəsi ilə birgə. Şərur Şəhidlər xiyabanında tanımışdım onu. 4 mart 1987-ci ildə Şərur rayonunun Çomaxtur kəndində doğulan, Vətən müharibəsində cəsarətlə döyüşərək şəhidlik məqamına yüksələn kapitan Zeynalov Azadın atasını -  Rafiq Zeynalovu.

Nəvəsinin əlindən tutaraq gah məzarın arxasına keçib baxır, gah da önündə dayanırdı. Özünə yer tapa bilmirdi. Gözləri dolmuşdu o uca qamətli kişinin. Qəlbinin dərinliklərində danışırdı oğlu ilə. Nəvəsi isə babasının əlindən tutub  sakitcə atasının rəsminə baxırdı. Baxışları onun baxışlarına zillənmişdi. O dinməz baxışlar  “Ata, sənə layiq bir oğul olacağam” deyirdi. 

Bu günlərdə Rafiq Zeynalovun evinə getmişdim. Azadın ata ocağına. Zeynalovlar ailəsinin böyük övladı Azadın bir zamanlar önündə məhəllə uşaqları ilə oynayıb o tərəf, bu tərəfə qaçdığı darvazanın qapısını ehmalca açıb həyətə daxil oldum. Səkinə xanım (Azadın anası) bağçada çalışırdı. Oğlunun yoxluğuna başını iş-gücə qataraq alışmağa çalışsa da, xəyalında Azadın uşaqlığı, bu bağçada ata -anası ilə çalışdığı günlərin xiffəti vardı.

Səsləndim. Məni görüb düşüncələrdən uzaqlaşdı. Saçları ağappaq idi... Həyətdəki  masanın ətrafına əyləşib  Azaddan danışdıq.

“Azadın həyatda bir arzusu vardı... Vətən torpaqlarını azad görmək. 2020-ci ilin Novruz bayramında gələcəkdi oğlum. Amma pandemiyaya görə gələ bilmədi. Dedi, məzuniyyətimi götürüb dekabrda gələcəyəm. Gəlişi belə oldu”, -deyib köks ötürən ağsaçlı ana sağlığında oğlu ilə necə fəxr edirdisə, yoxluğunda da o cür qürur duyur.  Bilir ki, bu yoxluq cismani yoxluqdur. Azadın adı, şücaəti, şəhadəti onu dünya durduqca, Azərbaycan var olduqca yaşadacaq.

Sonra ehmalca durub evdən Azadın medallarını, rəsmlərini və onun şəxsi əşyaları arasından bir neçə kitabını gətirir. O medallara, şəkillərə baxır, “44 günlük Vətən müharibəsinin Şərur şəhidləri”, “Mən sərkərdə olacağam” kitablarının səhifələrini vərəqləyirik. Heydər Əliyev adına Hərbi Liseydən illər əvvəl məzun olan kursantların “Mən sərkərdə olacağam” kitabında yer alan ürək sözlərinə nəzər yetirir, onların istəkləri, arzularını oxuyuruq... Azadın da arzuları var bu arzular arasında.

 Allah qoysa, Ali Hərbi Məktəbə daxil olacağam.

“Uzun müddət  Şərur rayonunun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasına bizim Çomaxtur kəndindən  olan rəhmətlik İsa Hüseynov rəhbərlik edib. O, böyük Vətən müharibəsinin  qəhrəman döyüşçülərindən idi. Sinəsi orden və medallarla dolu idi. Onun qardaşının da müharibədən qara  kağızı gəlmişdi. Yaxşı yadımdadır, mən hələ o vaxtlar ibtidai sinifdə oxuyurdum. İsa baba veteran yoldaşları ilə məktəbimizə qonaq gəlmişdi. Onlar bizə zabitlik peşəsindən, kəndimizdən ilk olaraq polkovnik rütbəsinə yüksəlmiş İsmayıl Məmmədovdan  xeyli danışdılar. Məsləhət gördülər ki, biz də böyüyəndə Bakıya gedib Cəmşid Naxçıvanski adına  ixtisaslaşdırılmış hərbi təmayüllü internat məktəbinə (indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey)  daxil olaq. Ancaq bizi Bakıya kim idi aparan? O zamanlar çoxları bu arzuya düşsə də, arzuları elə arzu olaraq  qaldı. Lakin ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda həmin məktəbin filialını açandan sonra şəxsən  mənim də istəyim həyata keçdi. Üç il Naxçıvanda təhsil aldım və artıq bir neçə gündən sonra Allah qoysa, ali hərbi məktəblərin birinə daxil olacağam. Sağ ol, mənim əziz hərbi liseyim”.

Azadda zabit olmaq arzusu məhz belə yaranmışdı, arzusuna da çatdı.

Ana oğlundan danışır:

-9-cu sinifdə oxuyanda hərbçi olmağa qərar verdi. 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialına sənədlərini apardı. Həmin ili kəndimizdən  5 şagird liseyə sənəd versə də, onlardan üçü hərbinin ağırlığını sona qədər daşıya bilmədi. Azad isə liseyi uğurla başa vurdu. 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu.

Azad 2009-cu ildə həmin məktəbdən məzun olan günü Rafiq Zeynalov da böyük sevinc və fəxrlə oğlunun yanında idi. Azad “Motaatıcı” ixtisası üzrə akademiyanı bitirir.

Beləliklə, leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Azad Zeynalov  2013-cü ildə baş leytenant rütbəsinə layiq görülür. 2014-cü ildə Qazax Qarnizonunun  Hərbi Polisinin Hərbi Müfəttişliyinin rəisi vəzifəsinə təyin olunur. 2017-ci ildə hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün komandiri olur və həmin ilin dekabr ayında kapitan rütbəsi alır. 2020-ci ildə Qusar rayonunda yerləşən “N” saylı  hərbi  hissələrin birinə təyinat alaraq xidmətini orada davam etdirir. 2020-ci ilin sentyabrın 27-də isə Vətən müharibəsinə yollanır...

Bir azdan Rafiq kişi darvaza qapısını açıb həyətə daxil olur. Əlində oğlunun ölümündən sonra Füzulinin işğaldan azad olunması uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə aldığı medal var. Ata qürurludur. Lakin bir o qədər də nisgilli.  Azaddan danışmaq istəyəndə sözləri boğazında düyünlənib qalır. Göz yaşları o məğrur duruşlu kişinin qəddini əyir:

-Kaş ki, oğlum sağ olub bu medalları özü alardı. Onunla dost idik. Azad çox zəhmətkeş uşaq olub. Həmişə həyət-baca işlərində mənə kömək edirdi. Mən özüm qaynaqçı olmuşam. Bu ağır işlə iki oğul, bir qız böyütmüşəm.  Övladlarımın ikisinə ali təhsil vermişəm. Azad isə hərbini seçdi. Torpaqlarımız işğal olunanda o körpə bir uşaq idi. Bəlkə də elə körpəliyindən söz verib seçmişdi  bu peşəni. Döyüşlərdə olan zaman bizimlə əlaqə saxlayırdı. Deyirdi, “ata, hər şey yaxşıdır. Müharibə Azərbaycanın xeyrinə bitəcək. Biz qalib gələcəyik”.

Azad Zeynalov oktyabrın 11-i Füzuli istiqamətində gedən döyüşlərdə yaralı əsgərini döyüş meydanından çıxararkən yaralanır. Oktyabrın 12-si Bakıda hospitalda ağır əməliyyat keçirir və 14 gün reanimasiyada qalır. Həkimlərin səylərinə baxmayaraq, oktyabrın 26-sı  şəhid olur.  Oktyabrın 30-u Şərur Şəhidlər xiyabanında dəfn olunur.

“Xidməti dövründə də, ölümündən sonra da bir çox medallarla təltif olunan   oğlum  vətəninə qüsursuz  xidmət etdi”. Bu sözləri deyən atanın simasını  fəxarət hissləri bürüyür. Mən isə masanın üzərindəki medallara baxıram.... Azadın qəhrəmanlığından xəbər verən medallara... “Azərbaycan ordusunun 100 illiyi” yubiley medalı, “Vətən uğrunda”,  “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları Azaddan ailəsinə ərmağan qaldı.

“Onun çatdığı məqam hər insana qismət olmur. Azad haqqında danışmaq o qədər çətindir ki, amma onun var olduğunu bilirəm, bunu hər an hiss edirəm”. Azadın həyat yoldaşı Cəvahir xanım deyir bu sözləri. Onunla bağlı xatirələrini dilə gətirməkdə bir qədər çətinlik çəksə də, danışır:

-Azadı 2003-cü ildən tanıyıram, 13 yaşımdan. Qonşu olmuşuq. Uşaqlıqdan sevgimiz olub bir-birimizə qarşı. 2010-cu ildə ailə həyatı qurmuşuq. 10 illik ailə həyatımızın bəlkə də 5 ilini bir yerdə yaşamışıq, amma çox xoşbəxt yaşamışıq.   Azad  mənə həm ata, həm qardaş, həm  yoldaş, həm də sirdaş olub. Deməklə qurtarmaz. Bir insan bu qədərmi yaxşı olar. Bəlkə də həyatda xoşbəxt  insanam ki, Azad kimi bir insanı Allah mənim qarşıma çıxardı. Onsuz necə yaşadığıma  hələ də inana bilmirəm. Hər gün öz-özümə deyirəm, bağışla ki, mən sənsiz yaşaya bilirəm, Azad. Çünki məcburiyyətlərim var. Onun mənə əmanət etdiyi övladları mən heç kəsə əmanət edə bilmərəm. Düzdü, nənə, baba, əmi, xala, bibi var.  Lakin ata-ananın yerini  heç kim verə bilməz onlara.

17 yaşım olanda atam vəfat edib. Atasızlığın nə demək olduğunu yaxşı bilirəm. Heç vaxt istəməzdim övladlarım atasız böyüsün. Ancaq tale yazısı... İnana bilmirəm ki, o yoxdu bu həyatda. Mən onu bir də görəcəyimə inanıram. Cənnətində görüşəcəyik biz Azadla. Qocalığı heç kim istəməz. Amma mən tez qocalıb Azada qovuşmaq istəyirəm.

 Azadın evdən getdiyi gün...

27 sentyabr, səhər saat 6 idi. Bilirdi gedəcəyini. Bir gün ondan qabaq mənə demişdi.  26-sı günorta  gəldi evə, dedi ki, mənə bir çanta hazırla, səhər gedəcəyəm. Dedim, hara? Dedi, narahat olma, aparırlar bizi Qarabağa, bir az narahatçılıq var”. Dedim, yoxsa müharibə olacaq. Dedi, yox, qorxma, heç nə yoxdu”.

Mən onun çantasını hazırladım, lazım olan nə varsa, həmin çantaya qoydum.

Səhər saat 6-da  telefonuna zəng gəldi. Həyəcan siqnalı verildi. Onda bildim... Amma ona bildirmədim, o da mənə bildirmədi müharibəyə getdiyini. Qapıdan çıxanda görüşdük. Aslan yatmışdı. Dedi, Aslanı öpmədim. Qayıdıb Aslanı öpüb  getdi. Bir də qayıtmadı. Düz bir ay sonra oktyabrın 27-si mən onu son dəfə gördüm. Oktyabrın 11-i yaralanmışdı,  qəlpələr onun ağciyərlərinə dəymişdi. 12-si hospitala gətirib əməliyyat etmişdilər. Amma mənə deməmişdilər. Əməliyyatdan sonra bildim. Səhər xəstəxanaya yanına getdik, buraxmadılar. Həmin an başqa bir nömrə ilə mənə zəng etdi. Telefonu açdım, səsi tamam başqa idi. Dedi, yaxşıyam, narahat olma, Aslan necədi? Aslan bilmirdi, ona deməmişdik.

Döyüşlərdə olanda oktyabrın 11 –i  zəng etdi. 37 saniyə danışdıq. Bir onu dedi ki, yaxşıyam, narahat olmayın, bu nömrəni ver atamgilə, mənə zəng vursun. Həmin gün günortadan sonra yaralanıb.

26-sı axşam  bizə dedilər ki,  Azad şəhidlik zirvəsinə ucaldı.  O gecəni yatmadım, səhərə qədər oturdum ki, hava işıqlansın. Nə hiss idi, bilmirəm. Elə düşünürdüm, gedəcəyəm, Azad məni qarşılayacaq, o bizi qoyub getməz. Səhər getdik xəstəxanaya, dedilər, kapitan məsciddə...

Mən onu sonuncu dəfə tabutda gördüm. Atası üzünü açdı. Azad dərin yuxuda idi, çox dərin... Saçlarındakı ağlar da qaralmışdı. Kaş ki, onu belə görməyərdim.  Əllərinə, üzünə əllərimi vurdum. Soyuq idi, buz kimi... Sonrasını xatırlamıram...

Cavad atasını görə bilmədi...

Azad ikinci övladının olacağını müharibədən iki həftə qabaq öyrənmişdi.  Aslandan 10 il sonra Cavad dünyaya gələcəkdi. Amma bir çox vətən oğulları kimi ona da övladının, övladına isə onun üzünü görmək qismət olmadı.

Azadın ölümündən altı ay sonra 2021-ci ilin  may ayının 6-sı oğlu Cavad dünyaya gəlir. Vaxtından tez doğulduğuna görə səhhətində müəyyən problemlər olsa da, tanrı onu anasına bağışlayır.  “Yaşat” Fondu tərəfindən körpəyə 1000 manat pul verilir və onun adına bank hesabına 18 yaşına çatanda götürməyi üçün vəsait ayrılır.

Cavad mənim bu həyatdakı möcüzəmdi. Cavadın dünyaya gəlişi məni həyata bağladı.  Onun adı Azadla mənim adımdakı hecaların birləşməsidir. Əvvəlcədən  planlaşdırmışdıq övladımızın adını Cavad qoyacağımızı. Azada çox oxşayır. Cavad dünyaya gələndən sonra çox insanlar dedi, atasının adını qoyun. Azadın adını Cavada qoymaq onun yoxluğunu qəbul etmək demək idi. Mən onun yoxluğunu qəbul etmirəm. Elə bilirəm ki, o xidmətdədi. Bir gün gələcək... Həmişə onun  bizdən uzaqda olduğu günləri təqvimə yazırdım. Bu gün getdi, filan vaxt gəldi, gələcək... indi yenə elə bir təqvim düzəltmək istəyərəm. Amma hara qədər... İyirmi gün sonra düz bir il olacaq ki, Azad evdən çıxdı. Bu həyatdakı  xoşbəxtliyim Azadın  o gedişi ilə getdi. Azadın cismi ilə mənim də ruhum  getdi. İndi təkcə bir istəyim var, onun övladlarını adına layiq böyütmək. O dünyada görüşəndə deyim ki, Azad, bacardım. Övladlarını böyüdüb bir yerə çıxara bildim”.

Onu tez-tez yuxularımda görürəm. Həmişə ya yağış yağır, ya da yer su olur...

Cavad olmamışdan bir neçə ay qabaq da yuxuma girmişdi. Dedi, ona de ki, həyatı özünə yük eləməsin. Mən uzaqdayam. Böyüyəndə yanında ola bilməyəcəyəm.  Mənə dedi, çox ağlama... Azad həyat dolu bir insan idi.  Ciddi,  sərt ifadəli siması var idi. Ama evdə elə deyildi. Qapını açıb evə girəndə sanki günəş girirdi.  Aslanla zarafatlaşır, vaxt keçirirdi”.

Qəhrəman şəhidimizin oğlu Aslanın 11 yaşı var. Əvvəllər elə şıltaq uşaq olub ki.  Amma atası şəhid olandan sonra Aslan 10 yaş da böyüyüb sanki. Ağıllı, sakit, ağır təbiətli, uzaqgörən bir uşaq olub. Bu il Səbail rayon Texniki Humanitar Liseyinə qəbul olub.  Gələcək arzuları böyükdü.

Təqvimin sentyabr ayını yaşayırıq. Bundan sonra bu ay hər zaman bizə Qarabağ uğrunda döyüşlərin başlandığı tarixi anları, günləri xatırladacaq. Ötən ilin 27 sentyabrında başlanan Vətən müharibəsindən, o  şanlı tariximizdən beləcə bir il ötür. O məşum müharibədə minlərlə can verildi, qan töküldü, yarım qalan canlar, yarım qalan həyatlar oldu Vətənin azadlığı üçün. Qarabağ uğrunda döyüşlərin getdiyi  o 44 gündə Şərur rayonunun Çomaxtur kəndi 4 şəhidinə qucaq açdı. Zülal Mədətov, Aqil İsmayılov, Murad Xəlilov və Azad Zeynalovu  el hamılıqla o ilıq  payız günlərində vətən torpağına əmanət etdi. O Vətən oğullarının məqamı hər şeydən ucadı.

Ruhun şad olsun, kapitan. Azad görmək istədiyin Qarabağ azaddır!

                                                       Türkanə Əmoyeva

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: