Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ötən ay “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na müvafiq olaraq Culfa rayonu ərazisində 174 hektar meyvə bağı, 117 hektar meşə zolağı, Şahbuz rayonu ərazisində 163,58 hektar meyvə bağı və 33,56 hektar meşə zolağı plana alınaraq xəritələşdirilib.
Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə Şərur rayonunun Muğancıq-Müslüm, Muğancıq-Mehrab, Kosacan kəndlərinin və Kəngərli rayonunun Çalxanqala kəndinin ərazisində aparılan monitorinqlər zamanı müəyyən edilmiş qanun pozuntularının aradan qaldırılması istiqamətində işlər davam etdirilib. Şərur rayonunun İbadulla və Qışlaqabbas kəndlərinin ərazisində monitorinqlərə başlanılıb.
Ötən ay 722 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 499 texniki sənəd hazırlanıb, 97 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, yeni yaranmış 32 daşınmaz əmlak obyektinə ünvan verilibdir. Naxçıvan şəhərinin 11 nəqliyyat infrastrukturu obyektində ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması işləri yekunlaşdırılıb.