Ordubadın qədimliyindən xəbər verən çeşmələr

A- A A+

Söhbət Ordubadın tarixi-memarlıq abidələrindən gedərkən bu şəhərin inciləri sayılan çeşmələrimiz haqqında danışmaya bilmərik. Ordubadda tarixi abidələrdən ən mühümü yüz illərdən bəri yeraltı lağımlarla çəkilmiş çeşmələrdir. Bu çeşmələrin çəkilmə tarixi müxtəlif olmaqla, su tutumu da birbirindən çox fərqlidir. Sözügedən kəhrizlərin çəkilməsini əsasən iki dövrə bölmək olar. Birinci qrupa daxil olan çeşmələri təqribən 12-ci əsrə aid etmək olar. Bir çoxu isə 17-ci əsrin yadigarlarıdır. Xüsusilə şəhərin “Sərşəhər” məhəlləsində olan “Sərşəhər”, “Dilbər”, “Hacı Tağı”, “Qara Hovuzbaşı”, “Əngəc”, “Üçtürləngə” məhəlləsində olan “Nəhər”, “Çuxur”, Anbaras məhəlləsində olan “Hacı Məmmədqulu”, “Mingis” məhəlləsində olan “Meyrəmçə”, “Şai”, “Peci” “Fağıra”, “Kürdətal” məhəlləsində olan “Qırxayaq” çeşmələrinin üzərində qurulan ovdanlardan, onların üzərində yaranan tarixi-memarlıq abidələrindən danışmamaq olmur. Bunlardan “Şai”, “Sərşəhər”, “Qamet”, “Qırxayaq” çeşmələrin üzərində qurulan ovdanlar əhalini içməli su il təmin etməklə yanaşı, eyni zamanda yayın isti günlərində onların mənalı istirahətini təşkil etmək üçün yaradılıbdır.

Yaşlı insanların dediyinə görə, bu çeşmələrin bir çoxunu Təbrizdən gələn kankan və mühəndislər çəkmişlər. Təbriz çeşmələrinə oxşar çeşmələrdən Ordubadda bir neçəsi mövcuddur. Bu çeşmələrdə gözəl şəkildə buzxana yerləri, ərzaq saxlamaq üçün taxçalar, daş pilləkənlər, ovdanlar və nəhayət su buxarlarının çıxması üçün gümbəzvari damında deşik də qoyulmuşdur. Lakin sonrakı dövrlərdə salınan çeşmələrdə isə bəzi xidmət yerləri əksildilib, daha sadə formada tikilibdir. Bu çeşmələrin çəkilmə xüsusiyyətlərinə gəldikdə isə görürük ki, həmin çeşmələrin hamısı eyni prinsiplə, bir üslubda olubdur. Yəni əvvəlcə kankanlar mühəndislərin fikrini tutaraq hansı səmtə doğru getdiklərini öyrənib, yerin üz səthindən başlayaraq yeraltı 10- 15 metr dərinlikdə yüz metrlərlə tunel qazıb suyun mənbəyini tapıb, həmin yeraltı su anbarlarında yığılmış suyu hövzələrindən dartıb az mailli şəkildə spiralvari formada gətirib yerin üzərinə çatdırıblar. 

Qoca Şərqin ənənəvi şəhərlərindən fərqli olaraq, Ordubad həm də şəhər infrastrukturu baxımından cəlbedicidir. Aydın məsələdir ki, su olmayan yerdə həyat da olmaz. Ancaq su olan yerdə həyatın daha gözəl olmasını bu şəhərin sakinləri hələ qədimdən anlayıblar. Ordubad şəhər ziyalılarından olan Firdovsi Mehdiyev tarixçilərə istinad edərək bildirir ki, qədimlərdə Ordubad şəhərində yüzdən çox çeşmə olub. Elə təkcə XVII əsrdə yaşamış tarixçi Məhəmməd Müfid Mustafa Ordubad şəhərində 70-dən çox çeşmənin olduğunu bildirir. Bu kəhrizlərin inşası zamanı mühəndislik prinsiplərinə düzgün əməl olunub. Kəhriz quyuları elə etibarlı yerlərdə mühafizə olunub ki, oraya heç bir yerüstü lil və ya çöküntülər daxil ola bilmir. Kəhrizlərin yer səthindən 10-15 metr dərinlikdə yerləşdirilməsi çirkli suların çeşmə sularına qarışmasına imkan vermir. Həmçinin Ordubad şəhərində kanalizasiya qurğularının mövcudluğu, hamamlar burada qədim şəhər mədəniyyətini təsdiq edən faktlardır. Son dövrlərdə onlarla kəhriz yenidən bərpa olunaraq əhalinin istifadəsinə verilib. Firdovsi müəllimin dediyinə görə, keçmişdə yeraltı suların çəkilişi zamanı, əsasən, saxsı materiallarından istifadə olunub ki, bu da suyun həm ekoloji baxımdan təmizliyinin saxlanılmasına, həm də sərin olmasına imkan verib. Eyni zamanda hər kəhrizin suyu əhalinin təsərrüfat sayına görə bölünüb. Beləliklə, çeşmələrin yeraltı lağımları şəhərin alt hissəsində labirint kimi dolanaraq əhalinin suya olan tələbatını ödəyib.

Ümumiyyətlə çeşmə qazmaq, çıxartmaq çox əziyyətli və çətin olub, lakin çox xeyirxah və savab iş sayılıbdır. Məhz bu cəhətlərə görə neçə yüz il bundan əvvəl salınmış çeşmələr bu günə kimi işləyir, xalqa xidmət edir.

Çeşmələrin bir çoxu isə Ordubadda 17-ci əsrdə salınıbdır. Deyilənlərə görə həmin əsrin əvvəlində I Şah Abbasın verdiyi fərmana görə ordubadlılar bütün vergilərdən azad olur və iqtisadi vəziyyət düzəlir, əhali artır. Buna görə də quruculuq işləri geniş vüsət alır, yeni çeşmələr salınmasına tələbat çoxalır.

Ümumiyyətlə Ordubadın çeşmələri üçün qazılmış yeraltı kanallara nəzər yetirsək, görərik ki, ərazicə balaca olan şəhərin altında kilometrlərlə uzanan su lağımları var. Bu kanallar seysmik zona olan Ordubadda zəlzələ zamanı yerin aralanmasının qarşısını az da olsa alır. Bütün bu xüsusiyyətləri nəzərə alsaq, görərik ki, çeşmələrin çəkilməsi nə qədər əzablı olsa da, xalqa mənfəəti olduqca böyükdür. Demək olar ki, bu çeşmələr Ordubada həyat veribdir.

Ordubad şəhərinin yerləşdiyi relyef buraya gələn insanların könlünü açır, simasını nura qərq edir. Hər tərəfi dağlarla əhatə olunmuş və yaşıl bağlar qoynuna sığınmış Ordubadın iqlimi dörd qütbdən gələn küləklərin qovuşuğundan yaranaraq buranı cənnət-məkana çevirir, insanları qurub-yaratmağa, yaşamağa həvəsləndirir. Qədim səyyahların dediyi kimi: “Ordubad kiçik şəhərlər içərisində Avropada birinci, dünyada isə ikinci yaşayış məskənidir ki, buraya qonaq gələn nabələd adam da azıb qalmaz. Hər məhəllədə tikilmiş 2-3 məscid və qəbiristanlıq, tinlərin və dalanların kəsişdiyi yerlərdə salınmış karvansaraylar var. Qədim tipli çiy kərpicdən tikilmiş evləri olan bu kiçik şəhərə gələn hər bir kəs hara keçib getsə də, yenə gəlib mərkəzi küçədə görüşəcəkdir”.

                                                                                                                          Əminə Alməmmədova

                                                                          Ordubad Şəhər Tarix-Memarlıq Qoruğunun direktoru                                                                                                                         “El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: