Şərurlu bağbanlar danışdı: Şərur şaftalısının sirri...

A- A A+

Günortadan xeyli keçib, havadan payızın ilıq nəfəsi duyulur. Kəndimizin pay torpaqlarında yazın ilk aylarından ta payızın sonunadək insanlar böyük şükranlıqla  çalışır, zəhmətlə əkir, becərir, eyni sahədən ildə bir neçə dəfə məhsul götürürlər. Son dövrlər kənd təsərrüfatına ayrılan diqqət və qayğı qocasını da, cavanını da torpağa ülvi hisslərlə bağlayıb. Əvvəllər kəndin 3-5 hektar ərazisi əkilirdisə, indi on hektarlarla əkin sahələri var. İlin bu çağında həmin bağ və bostan sahələrindən  toplanan məhsullar arasında  şaftalı xüsusi  yer tutur. İndi bu meyvənin sorağına Şərura üz tutanlar, bazar və yarmarkalarda Şərur şaftalısını alanlar çoxdur. Kəndin qənşərindəki magistral yolda çətirlərin altında da piştaxtalar qurub bağ və bostanından topladığı məhsulu satanlar var. Hər gün yoldan ötən yolçular yaxınlaşıb bu məhsullardan alır. Beləliklə, kəndli  həm pulunu qazanır, həm də qışına tədarük görür. 

Nurəli Həsənov da öz pay torpağında bağ salıb. Barından budaqları yerə dəyən   bu  şaftalı ağacları onun əlinin zəhməti ilə beş il bundan əvvəl əkilib. Yadımdadır, o, bağı saldığı ilk ili ağacların arasında tərəvəz də becərirdi. Dediyinə görə, bu ağacların daha yaxşı inkişafına  səbəb olur. İlbəil böyüyüb qol budaq atan  ağaclar artıq 3 ildir ki,  ona bəhrəsini verir. 

Yarpaqlar arasından işıq saçan meyvələr uzaqdan üzə gülür. Bağın girişində şaftalı yığılmış taralardan ətrafa xoş ətir yayılıb. Hərdən bir ağaclarla asta-asta “söhbət”  də edən Nurəli əmi onların verdiyi bar-bəhəri yığır. Sonra  əlindəki  dolu vedrələri taralara boşaltmağa tələsir.

-Təbiətin qoynunda çalışmaq ən gözəl işdir.

 -Bağda çalışanda təmiz hava,  səhərlər  ağacların şehi, axşamlar isə mehi  insana  yeni nəfəs verir, yüksək əhvali-ruhiyyə bəxş edir. Bu amil sağlamlığın ən böyük rəhnidir. Gözümü açandan kəndimizdə  şaftalının  becərildiyini görmüşəm. Bir az zəhmətli işdir. Zəhmətli olsa da, bəhrəsini görürük. Əvvəllər bu meyvə ancaq  həyətyanı sahələrimizdə əkilirdi. Torpaq kəndliyə paylanandan sonra şaftalı bağlarının da sahəsi genişləndi. Bizim rayonun torpaqları bu meyvənin becərilməsi üçün əlverişlidir. Az ərazidən daha çox məhsul və yüksək qazanc  verdiyinə görə insanlarımız bu ağacın becərilməsində maraqlıdırlar. Məhsul  bu il də boldur. Yetkin bir ağacdan 70 kq meyvə yığırıq. Bazar və yarmarkalarda məhsulumuzu rahat satmaq üçün də şərait var.  80-ci illərdə mənfur düşmənlərimiz   maşınlarla gəlib bizim şaftalıları alıb aparıb öz bazarlarında satırdılar. Şərur şaftalısının ətri, dadı  hər yerə yayılmışdı. Bunu o vaxt məhsulumuzu Bakı şəhərinə, Rusiya bazarlarına  aparanda da  deyirdilər.  Düzdür, şaftalı Xaçmazda da yetişir. Görünüşü gözəl olsa da, dadı bizim şaftalıya  çatmaz.  Zəngəzur dəhlizi açıldıqdan sonra  Şərurun meyvəsi- tərəvəzi  yenə   başqa yerlərə  çıxış imkanı əldə edəcək.

Bağbanın dediyinə görə, bağda  100-ü calaq, 60-ı təbii dənə ilə  çoxaldılan 160 ədəd şaftalı ağacı var. Sarı zəfəran, ağ, qırmızı, dənəsi çıxan şaftalı,  şələli ağaclarının səxavəti bağbanı sevindirib. Bu günə kimi  20 tona yaxın məhsul dərilib, yığım isə oktyabr ayının sonunadək davam edəcək.

-Şaftalı ağacının calaq edilməsi ilə bağlı tövsiyələrinizi oxucularla paylaşmaq istərdinizmi?

-Calaq edilən şaftalı daha  böyük, dadlı və ətirli olur. Şaftalı ağacına  avqust ayında calaq vurulur. Bu calağa “yatan göz” deyilir. Adətən biz bağbanlar calaq işini də özümüz edirik. 

Əməyi sevən insan ağacın gövdəsinə, budağına, meyvəsinə baxan zaman  onun nə istədiyini bilir və hər qayğısını özü çəkir. Bağı suvarır, ağacları budayır,  dibini belləyir,  məhsul yığır.   

- Bağın becərilmə qaydasını bilmək əsas şərtdir. Şaftalı bağı salınan sahə düzənlik ərazi olmalıdır. Torpaq  münbitləşdirildikdən sonra erkən  yazda və ya payızda  ting  əkilməlidir. Yaz aylarından  ağaca qulluq başlayır.  Dibi bellənir, ağacın yaxşı inkişaf etməsi üçün gövdəsi əhənglə ağardılır. Bu  ağacı günəş  şüalarından və həşəratlardan qoruyur.  Beləki ağacın gövdəsi  gündüz qızır, axşam isə soyuyur. Bu zaman gövdədə çatlar əmələ gəlir və zərərverici həşəratlar orada yumurta qoyaraq ağaca zərər vurur. Yazda göbələk, qurdlanma, yay dövründə isə şirə xəstəliklərinə qarşı dərmanlama aparırıq. Şaftalı ağacının vaxtında budanması vacibdir. Birinci növbədə bu budaqların qırılmasının qarşısını alır, məhsul iri olur, həm də ağacın ömrü  bir qədər uzanır. Şaftalı uzunömürlü  ağac deyil, 10 il ömrü var. Bundan sonra  bağ yenilənməlidir.

 İşlənməyən dəmir paslanar

İşləməyəndə özümü xəstə kimi hiss edirəm, yerimdə bir qərar tuta bilmirəm. Bu gün saat 5-dən oyağam. Kərənti ilə bağın otunu biçmişəm ta saat 9-a kimi. Sonra gedib digər işlərimi qaydasına qoymuşam. Axşamçağının sərinində isə məhsulu yığırıq ki, sabah bazarlarda satılsın. Yerə tökülən çox yetişmiş meyvələri də qoymuruq zay olsun. Onları da yığıb təbii meyvə arağı istehsal edib satışa çıxarırıq.Rayonumuzda şaftalı bağları ilbəil çoxalır.  Bu meyvə  şərurluların çörək ağacıdır. Mənə də qazanc verdiyi üçün  bağ sahəmi  1 hektar daha artırmaq fikrim var.

Bağı dolaşdıqca düşünürdüm, doğrudan da, torpaqda olan bərəkət heç yerdə yoxdur. O səxavətlidir, qayğısına qalanı naümid qoymaz. Bu yaşıl bağ da yay boyu səxavətini insan oğlundan əsirgəməyib. Nurəli Həsənovun alın təri ilə ərsəyə gətirdiyi bu ağaclar qarşıdakı aylarda yavaş-yavaş sarı, qızılı don geyinəcək. Payızın soyuq küləkləri yarpaqlarını töküb onları  dərin  bir qış yuxusuna aparacaq. Ağaclarla birgə o da dincələcək. Uzun bir yayın yorğunluğunu qışda çıxaracaq canından. Növbəti yazda isə yenə pöhrə verib cana gələn ağaclara qayğısını verəcək. Ağaclar da ona bəhrəsini.    

                                                                                                     Türkanə Əmoyeva

                                                                                                          “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: