Boyəhməd arıçılıqda təcrübə qazanmış kəndlərimizdəndir

A- A A+

Sizə bir kənddən bəhs edəcəyəm ki, o kənd dağlar qoynunda məskən salıb. Ərazi və əhalisinə görə rayonun digər kəndlərindən kiçik, rayon mərkəzindən 62 kilometr şimal-şərqdə, Əlincə çayının sol sahilində qərar tutub. Bu kəndə gəlib çatana qədər Əlincə çayı boyu yerləşən bütün yaşayış məntəqələrini bir-bir görmək olur. Sanki seyrinə çıxırsan bu yerlərin gözəlliyinin…

Dağlar qoynuna üzük qaşıtək yaraşan, əzəməti ilə insanı özünə vurğun edən Boyəhməd kəndinə çatırıq. Təkəmseyrək palıd ağacları dağlara xüsusi gözəllik bəxş edir. Kəndin bərəkətli çölləri, sıralanmış təpələri və səngərtək düzülmüş sərt qayaları insanın könlünü oxşayır. Boyəhməd kəndinin insanları mehriban və qonaqpərvər, torpaqları bərəkət rəmzidir. Bu yerlərdə görünməmiş min hikmət, bol-bəhrəli min naz-nemət var. İlin bu vədəsində kəndin gül-çiçəkli, bağ-bağçalarda meyvələrin bol olduğu vaxtdır.

Kəndin rahat və asfalt yolları ilə gəzdikcə bu yerlərdə insanların rahat yaşayışı üçün yaradılanların da şahidi oluruq. Ən ucqar kəndimizdə belə sakinlərimizin yaxşı yaşaması, övladlarımızın ən müasir məktəbdə təhsil alması, hər bir evdə şölələnən mavi alov, fasiləsiz elektrik, kəsintisiz rabitə, kənddə müasir səhiyyə ocağı və daha nələr nələr…

Bu gün kənd yerində yaşamaq, əkin-biçin işləri ilə məşğul olmaq üçün heç bir çətinlik yoxdur. Əksinə insan amilinə göstərilən qayğı Boyəhmədin bütün problemlərini həll edib. Nəticədə, kənd sakinləri bu yerlər üçün xas olan və yaxşı gəlir mənbəyi olan bağçılıq, heyvandarlıq və arıçılıq təsərrüfatı ilə məşğul olurlar.

Qeyd edək ki, Boyəhməd kəndində təbii biçənəklər çox olduğundan burada heyvandarlıq daha əlverişlidir. Kənd sakinlərindən Çölü Hacıyev, Rəhim Quliyev, Ülvi Allahverdiyev xırdabuynuzlu, Elşad Allahverdiyev, Mehrac Novruzov, Mahir Hacıyev, Elmar Əliyev və başqaları iribuynuzlu heyvandarlığa üstünlük verir, təsərrüfatlarını ildən-ilə daha da genişləndirir, ailələrinin dolanışıqlarını təsərrüfatın bu sahəsi ilə məşğul olmaqla təmin edirlər.

Bu yerlərdə arıçılıq qədimdən üstünlük verilən təsərrüfat sahəsi olub. Qədim kəndimizin coğrafi ərazisi arıçılıq üçün əlverişlidir, əhalinin bu sahə üzrə ənənəvi təcrübəsi də mövcuddur. Məhz bu səbəbdəndir ki, bu kənddə təcrübəli arıçılar daha çoxdur. Digər bir səbəb isə yay aylarında aran bölgələrimizdən bu yerlərə, kəndin güllü-çiçəkli dağlarına gətirilən arı ailələridir ki, zamanla sakinlər bu təsərrüfatı tam mənimsəyiblər. Buna görə də arıçılıq Boyəhməddə böyük maraq göstərilən sahələrdən birinə çevrilib. Həmçinin dövlətin bu sahənin inkişafına göstərdiyi hərtərəfli qayğı da kənd təsərrüfatının bu sahəsinə olan marağı artırıb. Təsadüfi deyil ki, dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına böyük önəm verilir. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin, qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, kənd əhalisinin məşğulluğunun artırılması, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması kimi bir çox vəzifələrin nəzərdə tutulması bunu bir daha təsdiq edir. Bundan əlavə, xatırlatmaq lazımdır ki, muxtar respublikada istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olub.

Bu gün kənd sakinlərinin əsas gəlir mənbəyinə çevrilən arıçılıqda Müseyib Quliyev, Balabəy Allahverdiyev, Ədalət Həsənov, Ramazan Əliyev və başqaları daha çox təcrübə qazanıblar. Boyəhməd balı öz dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə yaxşı tanınır və yüksək qiymətləndirilir. Kəndin təcrübəli arıçıları balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları da istehsal edirlər.

Əvəzsiz nemət olmaqla yaxşı gəlir mənbəyi olan bal artıq süzülmə dövrünü başa vurub. 2000-ə yaxın arı ailəsinin bəslənildiyi Boyəhməd kəndində bu il məhsuldarlıq da yaxşı olub. Kəndin qocaman və təcrübəli arıçılarından olan Firyəddin Hacıyev: - Arıçılıq qədim dövrlərdən boyəhmədlilərin həyatında mühüm rol oynayır. Arıçılıq gəlirli sahədir, ona daim qayğı və qulluq gərəkdir. Arının dilini biləsən gərək. Ulularımız əbəs yerə deməyiblər ki, “Bəsləsən atlas olar tut yarpağından”. Bunun üçün təbii imkanlardan bacarıqla istifadə etməliyik. El arasında deyilir ki, “Bal da çörək kimidir, zəhmət bahasına başa gəlir”. Arıçılıqla istənilən adam məşğul ola bilməz. Arıçı gərək arının “dilini”, “sirrini” yaxşı bilsin.

Qocaman arıçı Firyəddin Hacıyevin fikrincə, balın insan orqanizminə verdiyi xeyri heç bir qida əvəz edə bilməz. Balın min bir dərdin dərmanı, əsl möcüzə olduğunu elm də təsdiq edib. Peşəkar arıçı əsl balla saxta balı fərqləndirən xüsusiyyətlərdən söz açdıqdan sonra bizi ailə təsərrüfatlarının məhsulu olan balın dadına baxmağa dəvət etdi. Kəndin ən yaşlı arıçısının məhsulundan dadırıq. Bizi heyrətləndirən isə yediyimiz balın xoş ətri ilə bərabər, yaşı 80-ni haqlamış Firyəddin Hacıyevin ömrünün bu çağında özünü çox gümrah hiss etməsi oldu. Ailə təsərrüfatından ağızdolusu danışan Firyəddin babanı seyr etdikcə bizə aydın oldu ki, onun belə gümrah qalmasının səbəbi arıçılıqla məşğul olmasıdır. Elə özünün də dediyi kimi: “Bəlkə də burada yaşayan insanların uzunömürlülüyünün sirri kəndin təbiətində, dişgöynədən buz bulaqlarında, bir də ki təmiz balındadır”.

                                                           “Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: