Zoğal Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindəki meşəliklərdə yabanı halda yayılıb. Azərbaycanda Şəki-Zaqatala, Quba-Qusar zonalarında, eləcə də Kür-Araz çayları ətrafındakı rayonlarda ona çox təsadüf olunur. Bundan başqa, zoğal respublikamızın bir çox rayonlarının həyətyanı bağlarında da becərilir. Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı sərinlədici və ürəkyanğısının qarşısını alan vasitə kimi istifadə edirlər. Bundan əlavə, meyvəsinin tumunu qovurub toz halına salandan sonra uşaqlarda baş verən ishala dizenteriyaya qarşı işlədirlər.
Zoğal meyvələrindən hazırlanmış çaxır, demək olar ki, ishalın və dizenteriyanın ən vacib dərmanıdır. Zoğalın yarpağından çay surqatı kimi də istifadə edilir. Ümumiyyətlə, Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən isitməyə (malyariyaya) qarşı istifadə olunur. Bu məqsədlə zoğalın qurudulmuş meyvəsindən suda çay kimi dəmləyib gündə 2-3 dəfə bir stəkan xəstəyə içirirlər.
Zoğaldan hazırlanan keyfiyyətli lavaşa da rayon əhalisinə çoxdan məlumdur. Zoğal lavaşasından bir sıra xörəklərdə dadverici, iştahaartırıcı, mədənin həzm prosesini yaxşılaşdırıcı kimi geniş istifadə edilir.
Zoğal meyvələri yetişdikcə turşuluğu azalır, şəkəri isə xeyli artır. Odur ki, zoğalı al-qırmızı rəng olduqda toplamaq məsləhətdir. Zoğal qabıqlarından hazırlanan ekstraktı arpa unu ilə qarışdıraraq pasterizəyə bənzər maddə hazırlayıb səpki və çibanların üzərinə yaxıb müalicə edirlər. Qabıq və yarpağından hazırlanan dəmləmə və cövhərlərdən böyrək, qaraciyər xəstəliklərində və diabetdə istifadə edilir. Şirəsindən damcı kimi göz xəstəliklərində istifadə olunur. Zoğal yarpaqlarından çay hazırlanır. Meyvəsindən sinka, qanazlığında, soyuqdəymələrdə, qızdırmada, mədə-bağırsaq xəstəliklərində, şirəsindən, lavaşasından hazırlanan spirtsiz içkilərdən malyariyada, şəkərli diabetdə, eləcə də iştahaartırıcı vasitə kimi istifadə edilir.
Zoğaldan hazırlanan şirəyə bal və yumurta sarısı qataraq qarın yatalağının müalicəsində istifadə edirlər. Bu bitkinin meyvəsindən maddələr mübadiləsinin nizama salınmasında, qanazlığında və mədə xəstəliyində də istifadə olunur. Zoğalın yarpaq və cavan budaqlarından spirtli cövhər - ödqovucu və sidikqovucu kimi istifadə edilir. Onun çəyirdəyindən, şirəsindən və meyvəsindən hazırlanan spirtli tinktura qızdırma xəstəliyini sağaldır, qabığından hazırlanan spirtli məhlul isə orqanizmin fəaliyyətini gücləndirir. Çəyirdəyini qurudub üyütdükdən sonra yaranın üstünə səpdikdə yara tezliklə sağalır. Həmçinin çəyirdəyindən də qəhvə hazırlamaq mümkündür.
Bu bitki infarkt riskini azaldır, xərçəng əmələgətirən amillərin qarşısını alır. Xərçəngin sürətlə irəliləməsinə mane olur. Zoğal meyvəsi güclü bir melatonin qaynağıdır. Melatonin gecə ifraz olunur və bu sayədə yuxuya getmək asanlaşır. Yuxu probleminiz varsa və yata bilmirsinizsə, yatmazdan əvvəl mütləq 1 stəkan zoğal suyu için. Melatonin sürətlə ifraz olunduqca yuxunuz gələcək. Gündə 1 ovuc zoğal yemək döş xərçəngi hüceyrələrinin inkişafını dayandırır. Edilən araşdırmalarda zoğalda brokolidən 5 qat daha çox antioksidant tapılmışdır. Antioksidantlar hüceyrə quruluşumuzu qoruyur. Damarların tıxanmasını önləyərək, ürək xəstəlikləri və iflic kimi narahatlıqlardan qoruyur. Zoğal sidik yolu infeksiyalarında məsləhət görülür. Təbii bir antibiotik olan zoğal mədə xorası kimi xəstəliklərə xeyirlidir. Zoğal temperaturu salır və ishalı dayandırır. Yara və yanıqlarda müalicəedici xüsusiyyəti vardır. Əzilərək yaralara və yanıqların üzərinə qoyulur. Depressiya və ruhi xəstəliklərdə köməkçi bir qidadır.
“Oğuz yurdu” qəzeti