Naxçıvanda şəhid ailələri və müharibə iştirakçılarına xidmət göstərən vahid əlaqələndirmə mərkəzinin elektron bazası yaradılıb - FOTOLAR

237

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanına əsasən "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”nin elektron bazası yaradılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən elektron bazanın təqdimat mərasimində nazir Nicat Babayev Əlaqələndirmə mərkəzini şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq dəyərləndirib.

Yeni sistemin üstünlüklərindən bəhs edən nazir əlavə edib ki, elektron bazanın istifadəyə verilməsi şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının müraciətləri üzrə icra tədbirlərinin operativliyini və səmərəliliyini artıracaq, onlara tətbiq edilən güzəşt və imtiyazların mərkəzləşdirilmiş qaydada tətbiqini asanlaşdıracaq.

Elektron baza I və II Qarabağ müharibələri şəhidlərinin, onların ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və digər bu kateqoriyalardan olan şəxslərin məlumatlarını və onlara tətbiq edilən güzəşt və imtiyazları, müxtəlif təminat tədbirlərini özündə əks etdirir. Bazada hər bölmə üzrə müxtəlif meyarlar əsasında axtarış aparmaq və lazım olan informasiyalar üçün siyahıları məhdudlaşdırmaq mümkündür. Elektron sistem Nazirliyin daxilindəki digər sistemlərə də inteqrasiya olunub. Bu da bazada olan məlumatlardan daha səmərəli istifadə imkanları yaradır.

Qeyd edək ki,  Fərmana əsasən ötən müddət ərzində, ümumilikdə 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilib, şəhidlərin 284 ailə üzvünə Prezident təqaüdü, 43 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilib. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun xətti ilə Naxçıvan Muxtar Respublikası üzrə Vətən müharibəsində yaralananlar müalicəyə göndərilib, psixoloji dəstək xərcləri qarşılanıb. Müharibə iştirakçılarının reabilitasiyası məqsədilə Bakı şəhərində ən yüksək texnologiya əsasında 3 nəfərin aşağı ətraf protezi hazırlanıb. Həmçinin ötən müddət ərzində Vətən müharibəsi iştirakçılarından 7 nəfər Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə alıb, 8 nəfərə isə 14 ədəd reabilitasiya vasitəsi təqdim edilib.

Sözügedən sistem vasitəsilə mərkəzə edilən müraciətlərin icra vəziyyətinə nəzarət etməklə yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron müraciət etmək  də mümkündür.

 

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: