Uzundur hicrindən qara gecələr

A- A A+

Dünən görkəmli sənətkar Yaqub Zurufçunun səhhətinin kritik həddə olduğunu eşidəndə özümün sosial media hesabımda onun möhtəşəm “Ayrılıq” mahnısını paylaşaraq belə yazmışdım: “Ayrılıq”la qovuşduran Adam, hələ ayrılmaq vaxtı deyil, möhkəm ol!

Amma tale bu gün onu cismən aramızdan apardı. Beləcə, ürəyi Azərbaycan boyda olan və Vətən üçün döyünən daha bir Vətən daşı Vətən göylərinə çəkildi...

Yaqub Zurufçu mənim üçün özlüyündə bir dəyərdi. Təkcə ona görə yox ki, o gözəl sənətçi və bir-birindən möhtəşəm mahnıların müəllifidir... Həm də ona görə ki, O, öz sinəsindəTəbrizin, Bakının, Qarabağın, Naxçıvanın havasını gəzdirməyi bacarırdı. 90-cı illərdə xalqımız öz azadlığı uğrunda ayağa qalxanda Yaqub Zurufçu və onun “Ayrılığ"ı dillərdə dastan, ürəklərdə həsrət və nisgil, sabaha inam, bizi birləşdirən böyük mənəvi güc, qırılan tikanlı məftillər idi. Şirin Təbriz ləhcəsində səslənən “Ayrılığ”ı bizim uşaqlığımızın ən gözəl xatirəsi, sanki görmədiyimiz Təbrizin canlı portreti idi...

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olar yaman ayrılıq...

Özünün dediklərindən: “Atam müharibədən sonra orada iş tapmadığından Bakıya gəlmişdi. Təbrizə qayıdandan sonra səhərlər radio dalğalarında Bakını tutub mahnılara qulaq asır, dinlədikcə kövrəlirdi. Bakıdan geri qayıtdığına çox təəssüflənirdi. Mən radioda səslənən Azərbaycan mahnılarının sözlərini yazıb götürür, sonra oxuyurdum. Atam bir gün dedi ki, sən də yaxşı oxuyursan. Onun bu sözündən həvəslənib musiqi ilə məşğul olmağa başladım. Yəni mənim musiqi həvəsim də bu tayla, Bakı ilə bağlı olub. Atam Bakı radiosuna qulaq asıb ağladığına görə mən də mahnıları göz yaşı, yanğı ilə oxuyurdum”.

Xatırlayıram ki, 2000-ci illərin əvvəllərində Naxçıvandakı konsertindən sonra “Şərq Qapısı” qəzetində çalışan tələbə jurnalist həmkarlarımızdan birinə verdiyi müsahibəsində Naxçıvanı qədim mədəniyyətimizin beşiyi adlandırmış, Nuh diyarında olmağını taleyinin xoşbəxtliyi hesab etmişdi. 

İxtisasca iqtisadçı olsa da, ürəyində daim sənət və musiqi sevdası yaşadırdı... “Evləri var xana-xana”, “Dilbər”, “Dəniz” onun şirin dilindən bulaq suyu kimi süzülürdü:

Yenə dəniz, tanış dəniz,

Dalğalarla danış, dəniz...

Get sahildən qarış-qarış

Dalğalarla qayna, qarış...

2009-cu ildə "Əməkdar artist" fəxri adı alan sənətçi bu adın haqqını da layiqincə verməyi bacardı...

Hamı bu dünyaya bir dəfə gəlir, amma insanlar var ki, həmişə yaşayırlar. Səsi, avazı ruhu oxşayan Yaqub Zurufçu da öz səsi,  nəfəsi, vətən sevgisi ilə daim xatırlanacaq, unudulmayacaq... Çünki O, öz məlahəti və ürək çırpıntıları ilə ayrılıqları qovuşduran, ürəkləri isidən vətənpərvər sənətkardı! Onun budəfəki ayrılığı həqiqətən də qəlbimizə yara vurdu...

Uzundur hicrindən qara gecələr,

Bilmirəm, mən gedim hara gecələr,

Vurubdur qəlbimə yara gecələr,

Ayrılıq, ayrılıq, aman ayrılıq,

Hər bir dərddən olar yaman ayrılıq...

Yaxşı ki, biz belə gözəl sənətçilərlə eyni vaxta yaşamaq xoşbəxtliyinə çatmış, onları minlərlə kərə dinləmiş, səsləri, nəfəsləri ilə böyümüş, onlarla zümzümə edib, görüşlərinə tələsmişik... Amma həyat da belədir, hər görüşü bir ayrılığa döndərir...

Bir görüş yaxşıdır yüz ayrılıqdan

 

Sahil Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: