Azərbaycan ədəbiyyatının “Heydər baba”sı

A- A A+

Ustad Məhəmmədhüseyn Şəhriyar... Azərbaycan şeirinin sarsılmaz sütunu,  Heydərbaba ünvanlı və ağırlıqlı nəhəng simadır. O, hansı dildə yazmasından asılı olmayaraq  yazdığı əsərlərilə “Azərbaycan və İran ədəbiyyatlarının fəxridir”.

                                                (Akad.B.Nəbiyev)

Azərbaycan poeziyasında sadə ana dilində, xalq şivəsində yazıb-yaratmaq ənənəsi olsa da, Məhəmmədhüseyn Şəhriyar öz şirin ana dilində, xalq dili şivəsində yazdığı “Heydərbabaya salam” əsərilə xalqın sadə həyat və yaşayış tərzini, mənəvi dəyərlərini, milli yaddaşını özündə bütün canlılığı ilə ehtiva edən bir ədəbi hadisə ortaya qoyub. Bu görkəmli söz ustadı əsərlərinin bir hissəsini fars dilində yazmaqla daha çox bəşəri dəyərləri əks etdiribsə, türkcə yazdığı əsərlərilə daha çox millilik, xalqa, ana vətənə bağlılıq nümayiş etdirib. Akademik İsa Həbibbəyli  görkəmli ustadın yaradıcılıq fəaliyyətini qiymətləndirərkən haqlı olaraq yazırdı ki, “Təbrizdə Azərbaycan şeirinin Şəhriyar məktəbi yaranmışdır”.

Görkəmli alim ustad şairin yaradıcılığındakı bəşəri məsələlərə toxunaraq çox doğru ifadə edirdi ki: “Şair “Haqqın səsi” poemasında “İnsanın vətəni Yer kürəsidir” ideyasını irəli sürmüş, bütün insanları qardaşlığa, bərabərliyə, şər işlərdən əl çəkməyə çağırmış, “Stalinqrad qəhrəmanları” poeması ilə dünyanı ağuşuna alan faşizm bəlasına qarşı mərdliklə döyüşən qəhrəman insanlardan, el və xalqlar birliyindən bəhs etmiş, bütün bəşəriyyəti Stalinqradın müdafiəsi timsalında şərə, şər qüvvələrə, imperializmə qarşı birləşməyə, insanları birlikdə xeyiri, səadəti müdafiə etməyə səsləmişdir. Bu mənada onun yaradıcılığında xalqlar dostluğu, qardaşlıq, birlik kimi məsələlər ideyalaşaraq bəşəri duyğularını ümumiləşdirirdi”.

Bu nurani dünya, pirani dünya,

Əzəldən meyvəli bir bağa bənzər.

Bəşərin qocaman sərt ağacında

Hər insan bir gülə, yarpağa bənzər.

 

Yarpaqlar, budaqlar ayrı olsa da,

Bu dünya bağının bəhəri birdir.

Udduğu hava bir, içdiyi su bir,

Yerdən şirə çəkən kökləri birdir.

 

Budaq heç yaşarmı budaqdan ayrı?

Ömür edə bilərmi insan insansız?

O doğma gülşəndən, o bağdan ayrı

İnsan xəzəl kimi ölüdür yalnız!

 

Mənə elə gəlir hardasa, kimsə,

Bir insan ömrünə qələm çəkirsə,

Özü də bilmədən yüz qan salır o,

Bəşər ağacına balta çalır o.

 

“Haqqın səsi” şeirində ustad sənətkar bəşərin indisi və gələcəyi haqqında qayğılanaraq “Bəşər dedikləri vahid bir bədən, Bəs nədən düşübdür ürəklər ayrı?” kimi suallar ətrafında insanları düşünməyə vadar edir, eyni zamanda onlara mənalı, müdrik cavablar da verirdi. Humanist şair bütün insanlara, bütün bəşəriyyətə heç bir fərqlilik, ayrı-seçkilik qoymadan “Atabir, anabir doğma qardaşıq” və yaxud, “Birləşsə cahanda milyard ürəklər, Bütün arzulara yetişər bəşər!” - deyə cavablar verirdi. Bəşəriyyətin taleyi haqqında qayğılanan şair eləcə də “Dunay çayının bəşəriyyətə müraciəti” əsərində də bütün insanlara, bütün xalqlara bərabərlik və xoşbəxtlik arzularını ifadə edibdir:

Gəl, bu gün dünyanın ərazisini

Əhalinin nisbətinə görə bölüşdür.

Millətlərin hər nəfərinin üzünü güldür,

Hər kəsin səhmini öz əlinə tapşır.

Böyük şairin yaradıcılıq amalı, həyat idealı “Gərək bütün millətlər bərabər olsun” fikri idi və humanist sənətkar vicdanının səsilə ulu Tanrıya “Ayrıseçkiliyi kökündən qopar”, “Qoyma xalqlar çərçəng olsunlar” və s. kimi dualarla səslənirdi. Şair bütün bəşəriyyətin əvəzindən ulu qüdrət və qüvvət sahibi Tanrıya və əlbəttə, taleyi öz əlində olan ulu bəşəriyyətin özünə “Qayıt və dünyanın cəhənnəmini cənnətə döndər”, - kimi çağırışlar edirdi.

Məhəmmədhüseyn Şəhriyar bəşəri sənətkar olmaqdan da irəli milli, xəlqi şairdir. Əlbəttə, təbiidir ki, şair Məhəmmədhüseyn Şəhriyar beynəlmiləlçi, bəşəri ideyalara özünün milli təbi, ruhu, mövqeyi ilə qovuşurdu. Xalqına bağlılıq, vətənə sevgi, elinə həmdərdlik, vətən torpaqlarına tutqu onun yaradıcılığının milli səciyyəsini təşkil edirdi. Mənsub olduğu çoxmilyonluq, qədimdən də qədim, ulu mədəniyyət, mənəviyyat sahibi olan xalqının şirin ləhcəli, şəkər şivəli dilində şeirlər yazmaqla ustad sənətkar həm də xalqının, elinin qayğılarını, dərdi-dilini dilə gətirmişdir. Əbəs deyildi ki, şair özü də öz vətəndaşlıq vəzifəsi, şairlik missiyası haqqında bəhs edərək bədii, poetik şəkildə yazmışdı:

Dedim: Azər elimin bir yaralı nisgiliyəm mən.

Nisgil olsam da, gülüm, bir əbədi sevgiliyəm mən.

El məni atsa da, öz gülşənimin bülbülüyəm mən.

Elimin farsca da dərdini söylər diliyəm mən.

Haqqa doğru nə qaranlıq isə, el məşəliyəm mən,

Əbədiyyət gülüyəm mən.

Xalqına bağlılığı bütün ruhu ilə öz əsərlərində ehtiva edərək ümumiləşdirən ustad sənətkar Məhəmmədhüseyn Şəhriyar onu milli şair olaraq məşhurlaşdıran “Heydərbabaya salam” poeması kimi ilk irihəcmli və ana dilində yazılmış əsərindən başlamış “Türkün dili”, “Azərbaycan”, “Əsir Azərbaycanıma xitab” və çoxsaylı başqa əsərlərilə fərdi olduğu Azərbaycan xalqının qayğılarını, kədərini və sevincini, arzularını və istəklərini ifadə edib.

Şəhriyar Heydərbaba və Səhənd dağlarına müraciətlə yazdığı poemaların vüsətli poetik ehtirası fövqündə vətən və el məhəbbətini, xalqına bağlılığını dağ qüruru və ağırlığı ilə rəmzləşdirən qüdrətli el sənətkarıdır. Dağlara müraciətlə yazılmış silsilə əsərlər içərisində onun böyük poetik vüsətlə yazdığı “Heydərbabaya salam” və “Səhəndiyyə” poemaları ən məzmunlu və bədii gözəllik ehtiva edən əsərlər sırasındadır.

 Akademik İsa Həbibbəyli haqlı olaraq  “M.Şəhriyarın “Səhəndiyyə” poeması Azərbaycan şeirinin yeni və dərin mənalı bir “Vətəniyyə”sidir”. Səhənd dağı kəsb etdiyi bədii siqlət, ümumiləşdirdiyi simvolizə ilə Heydərbabaya, Savalana qardaşdır, arxa-hayandır, dayaqdır:

                        Şah dağım, çal papağım, el dayağım, şanlı Səhəndim!

                        Başı tufanlı Səhəndim!

                        Səni Heydərbaba ol nərələr ilə çağıranda,

                        O səfil, darda qalan, tülkü qovan şir bağıranda...

                        “Dədə Qorqud” səsin aldım, dedim arxamdı, inandım.

                        Arxa durduqda Səhəndim, Savalantək havalandım,

                        Selə qarşı qovalandım.

                        ...Dağlı Heydərbabanın arxası hər yerdə dağ oldu,

                        Dağa dağlar dayaq oldu...

Şəhriyar yaradıcılığında Heydərbaba, Səhənd, Savalan Azərbaycanın bir el, vətən, xalq, vətəndaş, milli varlıq, sərhəd, tarix, dəyər və s. kimi keyfiyyət və dəyərlərinin simvolu olaraq çıxış edir. Qələm əhli arasında ustad sənətkarı şairlər şairi edən məşhur “Heydərbabaya salam” poeması mövzusundan tutmuş məzmununa qədər bir elin həyat, yaşayış və düşüncə tərzinin canlı poetik ensiklopediyası, tarixi salnaməsi, bədii etnoqrafiyası əhəmiyyətinə malikdir. Konkret simalardan tutmuş dağları, təpələri, meşəsi, obası, adət-ənənələrinə qədər bir el “Heydərbabaya salam” əsərində möhtəşəmliklə əks olunubdur. Canlı və dəqiq təsvirlər, əhatəli və təfərrüatlı təqdim əsəri milli-etnoqrafik yaddaşın salnaməsinə çevirib. Hətta bir çox hallarda hadisələri ardıcıl təhkiyə etmək üslubu da bu görkəmli əsərə Azərbaycan poeziyasının lirik-epik poeması kimi yüksək dəyərə mindirməyə haqq verib. Əsərin başqa bir əhəmiyyəti həm də ondadır ki, poema həm forma, həm də məzmunca tamamilə yeni məna və ümumən yeni ədəbi hadisə kəsb edərək həm milli Azərbaycan şeirində, həm də dünya ədəbiyyatında özünəməxsus ənənə formalaşdırıb. Şair bu əsərində bütün digər məziyyətlərilə birgə şirin-şəkər ana dilinin lətafətini əks etdirərək, Azərbaycan dilinin ecazkar təravəti və məna qüdrətini, şeiriyyət və musiqililiyini təzahür etdirib. Öz doğma dilinə məhəbbət və heyranlıq ifadə edən şair onu “Türkün dili” şeirində öyə-öyə doymurdu:

 

                        Türkün dilitək sevgili, istəkli dil olmaz,

                        Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz.

                        ...Türkün məsəli, folkloru dünyada təkdir,

Xan yorğanı, - kənd içrə məsəldir, - mitil olmaz.

 

Azərbaycan, Vətən sevgisi Şəhriyarın əsərlərində möhtəşəmliyi ilə ifadə olunub. Azadlıq ruhu onun Vətən mövzulu əsərlərinin poetik vüsətini təşkil edir. Mübarizə, əzm, birlik Şəhriyar poeziyasının nüvəsində dayanır, vulkanik bir vüsətlə meydana çıxır:

Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan,

Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!

Beləliklə, Məhəmmədhüseyn Şəhriyar yaradıcılığı milli və bəşəri idealların qovuşuq vüsət aldığı poetik bir məkandır. Şair bu əsərlərində nə qədər millidirsə, xalqına, vətəninə bağlıdırsa, bir o qədər də bəşəridir, beynəlmiləldir. Doğru mülahizədir ki: “Ümumbəşərilik, beynəlmiləllik Şəhriyar poeziyasının üfüqlərini genişləndirən yaradıcılıq qanunauyğunluğu kimi meydana çıxır. ... Öz ölkəsinin, xalqının taleyi ilə bağlı olan vətənpərvər şair beynəlmiləlçi, humanist bir sənətkardır” (H.Billuri). Bu mənada Şəhriyar təkcə mənsub olduğu Azərbaycan xalqının deyil, bütövlükdə bəşəriyyətin ən nəhəng söz adamlarından biridir.

P.S. Məşhur, dillər əzbəri olan “Heydərbabaya salam” poemasında ustad sənətkar Məhəmmədhüseyn Şəhriyar “Salam olsun şövkətüzə, elüzə, Mənim də bir adım gəlsin dilüzə. ...Bizdən də bir yad eləyən sağ olsun, Dərdlərimiz qoy dikəlsin, dağ olsun” deyirdi. İllər keçib və keçəcək də, qəlbi hər zaman insan və vətən sevgisilə alışıb-tutuşan böyük ustad Şəhriyarın adı dillərdən düşməyəcəkdir. Əsən yellər də, coşan sular da böyük ustadın salamını diyardan diyara, eldən elə, zamandan zamana daşıyaraq xoşbəxtlik yolçusu olan şairin dərdini anladacaqdır... Eynən yüz illərlə yol gələn türk şeirinin böyük ustadı Yunus Əmrə kimi: Gəl, gör, məni eşq neylədi...

Ramiz Qasımov

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: