Bu dəfəki Yay məktəbi gələcəyin tibb işçiləri üçün təşkil olunub - FOTOLAR
Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Tibb Kollecinin fəal tələbələrinin iştirakı ilə gənclərin növbəti “Yay məktəbi” təşkil olunub. NUHÇIXAN xəbər verir ki, “Yay məktəbi”nin iştirakçıları əvvəlcə “Xəmsə”, “Axtar, tap”, “Xəzinənin axtarışı” və “Oxunması zəruri olan kitablar” əsasında hazırlanan “Nə? Harada? Nə zaman?” intellektual oyunları ilə öz biliklərini sınayıblar. Həmçinin, voleybol, futbol və stolüstü idman oyunları oynayıblar. Nümayiş edilən “Girdab” bədii filmini, “Dahi şəxsiyyət” və Aprel döyüşlərindən bəhs edən sənədli filmləri gənclər maraqla izləyiblər. Ağbulaq kəndinin təbiətini daha yaxşı tanımaq üçün onların “Şəfa” bulağına və Ağbulaq kəndi ərazisinə gəzintisi də təşkil olunub. İstirahət saatlarının və asudə vaxtın əyləncəli keçməsi üçün Şahbuz Rayon Mədəniyyət Şöbəsinin kollektivi gənclər qarşısında konsert proqramı ilə çıxış edib.
“Yay məktəbi” çərçivəsində təşkil edilən fotomüsabiqədə və keçirilən yarışlarda qalib olan iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb. Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirlərdə fəal iştirak edən gənclərə sertifikatlar verilib.
“Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman, Səhiyyə Nazirlikləri, Gənclər Fondu, Naxçıvan Tibb Kolleci, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı tərəfindən təşkil edilib.