Qələmin müqəddəs vəzifəsi

A- A A+

Muxtar Məmmədoğlunun “Mirzə Cəlil: Bütün nəsillərin, bütün dövrlərin yaşıdı” adlı essesi haqqında düşüncələr

Həmişə böyük fəxrlə özümə müəllimim hesab etdiyim Muxtar Məmmədoğlu ilə 13 il  “Şərq qapısı” qəzetində birgə işləmişəm. Qələminə, xarakterinə, iş üslubuna, yazı manevrasına, gənc jurnalistlərə münasibətinə yaxından bələdəm. Bu gün fəxr duyuram ki,  bir yerdə işlədiyimiz müddətdə, demək olar ki, onun əlyazmalarının ilk oxucusu özüm olmuşam. O yazılar barədə söhbətlərimiz indi də yadımdadır və görüşdüyümüz, ən azından telefon danışıqları vaxtı yenə də bu söhbətlər davam edir.

Hərdən düşünürəm ki, bir gün məndən soruşsalar ki, Muxtar Məmmədoğlu kimdir? Tam səmimiyyətlə deyərəm: Hər şeydən əvvəl, mənim üçün ən müsbət keyfiyyətlərə malik insan.

Müsbət keyfiyyətlərə malik insan ifadəsi çox geniş anlam daşıyır. Bu anlamın məsuliyyəti də çox böyükdür. Nə demək istəyirəm? Eşidəndə ki, Muxtar müəllim yeni kitabını nəşrə hazırlayır, bir neçə il əvvəl onun “Mirzə Cəlil: Bütün nəsillərin, bütün dövrlərin yaşıdı” adlı essesi haqqında qələmə aldığım və bir neçə mətbuat orqanında dərc olunmuş yazımı xatırladım. Ürəyimdən həmin yazımın da kitaba düşməsi keçdi. Kiçik dəyişikliklərlə həmin yazını Muxtar müəllimə göndərdim. Muxtar müəllimin Mirzə Cəlili necə böyük məhəbbətlə mütaliə etdiyini bilirəm və adı çəkilən essesində  bu məhəbbəti görmək çətin deyil; o, dahi yazıçının bütün qələm sahiblərinə istinadən dediyi “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir... Bu ola gərək hər bir qələm sahibinin amalı”  tövsiyəsini bir daha xatırladaraq yazır: Ədəbiyyatımızda əbədiyaşarlıq qazanmış dahi sənətkar  Mirzə Cəlilin bu qiymətli sözlərinin canlı ifadəsini  elə ustad yazıçının öz həyatı  və yaradıcılığında  bütün yönləri ilə görmək mümkündür. Müəllifin istər ən kiçik hekayələrinin, felyetonlarının, məqalələrinin, məktublarının, eləcə də dram əsərlərinin hər sətrində bir işıq görürük.  Müəllifin ürəyinin və sabaha ümidinin  işığını.  Bu işıq hər birimizə təlqin edir ki, Vətəni sevmək xalqı,  milləti sevməkdir, doğma torpağı sevməkdir. Bu, ən ali, ən bəşəri, ən ülvi hissdir. Bu kamillikdir, mənəviyyatımızın minillik həqiqətidir”.

İxtisasca ədəbiyyat müəlliminin və bu gün peşəkar jurnalistin dahi ədibə verdiyi bu dəyər ən böyük qiymət səviyyəsindədir. Və hiss etmək çətin deyil ki, Muxtar müəllimin bəlkə də, bütün ömrü boyu ən çox mütaliə etdiyi müəllif elə Mirzə Cəlildir. Onun ədəbiyyat tariximizdə özünə əbədi yer tutan Cəlil Məmmədquluzadə haqqında qənaəti birmənalıdır: “Zaman-zaman bu hissləri yaşadanlar, bu hissləri yaşayanlar bu gün yaddaşlarda özlərinə yaşamaq hüququ qazanıblar. Ürəklərdə təsdiqləniblər”. Hər kəsə qismət olmayan bu təsdiqlənmə nə ilə bağlıdır? – sualının cavabına diqqət yetirək: “Mirzə Cəlil şəxsiyyəti, Mirzə Cəlil vətəndaşlığı, Mirzə Cəlil ziyalılığı...

İnanmıram ki ikinci bir hansısa sənət adamı öz xalqını, öz millətini öz Vətənini öz dilini Mirzə Cəlil qədər sevə bilsin. Bu, reallıqdır. Professor Cəfər Xəndanın sözlərini xatırlayıram: “Cəlil Məmmədquluzadənin əsərlərində... böyük vətənpərvərlik ruhundan doğan  bir lirika da vardır.  Bu lirika bəzən gülüşlə birləşsə də, bu gülüş göz yaşları arasından doğan gülüşdür”. İnanmıram ki, hansısa yazı-pozu adamı Mirzə Cəlil  kimi dəlicəsinə sevdiyi xalqının dərdlərini, ağrılarını belə çılpaqlıqla, yanarlılıqla qələmə alsın. Bu da heç bir analoqu olmayan həqiqətdir”.

Cəlilsevərlər bu həqiqəti onun bütün əsərlərində görürlər. Bu həqiqət həyat həqiqətidir, Mirzə Cəlilin özünün yana-yana yaşadığı, yaşaya-yaşaya yandığı həqiqətdir.  Yazını oxuyarkən onu da hiss etmək çətin deyil ki, müəllif Mirzə Cəlilin həyatı barədə də geniş və hərtərəfli məlumatlara malikdir: “Qələmə aldığı əlyazmalarını yanacaq  tapmadığından, uşaqları qışın soyuğunda üşüməsin deyə sobaya atıb yandıranda Mirzə Cəlilin çəkdiyi ağrılar,  əzablar o əsərləri yazarkən çəkdiyindən, yəqin ki, artıq idi”. Burada Muxtar müəllimin də yaşadığı ağrıları bir daha yaşayırsan: “Yəqin ki, o əsərlər bu gün ədəbiyyatımızın  artıq özünə əbədilik qazanmış “Ölülər”, “Anamın kitabı”, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Azərbaycan” əsərləri ilə yanaşı, şübhəsiz ki, daha da zənginləşdirəcəkdi.

Bu gün həmin hissləri yaşamaq nə qədər ağırdırsa, ədəbiyyatımızın itirdiyi ondan ölçüyəgəlməz qədər ağırdır. Belə böyük itkinin yerini doldurmaq bu gün ilahinin də qüdrətindən uzaqdadır”.

Mirzə Cəlil böyük vətənpərvər idi – onun əsərlərinin mayasını elə vətənpərvərlik təşkil edirdi. Eləcə də dilimizə, bu dilin daşıyıcısı olan millətimizə məhəbbəti Mirzə Cəlil şəxsiyyətinin bütövlüyüdür. Bu bütövlük fonunda dahi yazıçının Vətən, millət, dil haqqındakı düşüncələri, onu bu müqəddəsliklərdə ağrıdan məqamlara Muxtar müəllim necə yanaşır? Vətənin  Mirzə Cəlil üçün təkcə coğrafi məkan olmadığı qənaətinə gəlir.

“Dünyalar titrədi, aləmlər mayallaq aşdı,  millətlər yuxudan ayılıb gözlərini  açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb,  dağılmış evlərini bina eləməyə üz qoydular. Bəs sən hardasan, ay biçarə vətən? Ax, unudulmuş Vətən.  Gəlin, gəlin ey unudulmuş vətənin çırıq-mırıq qardaşları... Niyə sakitsiniz, ey mənim  lüt-uryan qardaşlarım? Sizi deyib gəlmişəm. Sizi deyib gəlmişəm”.

Bu yazıda bir daha dərk və təsdiq etdiyim bir həqiqəti xüsusi vurğulamaq istəyirəm: Muxtar müəllim ömrü boyu “qələmin müqəddəs vəzifəsi”nə sadiq qalıb. Bu gün də sadiqdir. Elə yazı boyu bunu görürük; onun ilk yazılarından tutmuş bu günə qədər qələmə aldıqlarında bu hiss hakimdir.

“... Kim idi Mirzə Cəlil üçün millət, xalq?

Gülbaharmı, Nazlımı, İsgəndərmi, Novruzəlimi?

Yoxsa Şeyx Nəsrullah dünyası, Qurbanəli bəylər?

Mirzə Cəlilin Gülbahara, Nazlıya, İsgəndərə, Novruzəliyə olan məhəbbəti dünyanın ən uca, ən ülvi, ən munis məhəbbətidir.

Novruzəlilər də, Şeyx Nəsrullahlar da Mirzə Cəlilin özününkülər idi.  Burada dahi yazıçının “Anlamaq dərdi” yada düşür. Torpaq kimi ikiyə bölünməyimizdən əvvəl içimizdə neçə-neçə  yerə bölünməyimizi böyük ustad yana-yana qələmə alırdı. Onun elə böyüklüyü də ondaydı ki,  bizim  hamımızın gördüyümüzü,  lakin demədiyimizi və ya deyə bilmədiyimizi, ola da bilsin, demək istəmədiyimizi...

Mirzə Cəlil milləti olduğu kimi görürdü”.

Məni də bir Mirzə Cəlilsevər kimi içimdən oyadan, düşündürən fikirlərə Muxtar müəllim necə aydınlıq gətirir: “Mənəvi yoxsulluğun, cəhalətin, nadanlığın, yad təsirlərə uymuş milli cılızlığın  tüğyan etdiyi bir dövrdə özünüdərkin kamillik zirvəsindən böyük  ustad xalqı seyr edirdi, düşünürdü:  Bu millət  öz dilinə, öz kökünə  niyə belə baxır?  Bu milli dəyərlər tək mənə,  sənə, ona mənsub deyil axı,  bütün bir xalqa məxsusdur.  Ata-babalarımız onları bizə əmanət veriblər.  Əmanətə beləmi baxarlar? “Dilsiz xəlq olmayan millətin” dilinə o milli  “intelligentlər” niyə nankorluqla yanaşırlar? Cavab tapa bilmirdi: yenə gücü qələminə çatırdı ki, ürəyindən keçənləri kağıza köçürsün”.

Yenə də qələmin müqəddəs vəzifəsi Muxtar müəllimin bu yazıdakı son qənaəti – mən belə düşünürəm –  hələlik son qənaət deyil: “Elə bir əsərinə rast gəlmək mümkün deyil ki, orada Mirzə Cəlilin ürək yanğısı, qəlb göynərtisi hiss olunmasın. Belə də olmalıdır. Çünki daxilən mənən uca olmayanlar ucalıqdan danışa bilməzlər. Torpaq, Vətən, millət, dil haqqında ancaq Mirzə Cəlil ucalığında fövqündə dayananlar danışa bilərlər”.

Müəllif Xalq yazıçısı Anarın fikrinə söykənir: “Böyük yazıçılar bütün nəsillərin yaşıdıdırlar. Cəlil Məmmədquluzadə də babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim bir çox problemlərimizə cavab verən  müdrik qardaşı kimi baxır.  Mən bilirəm, bizim nəsil də gedəcək, amma o qalacaq və oğlumun yaşıdı olacaqdır...

Və bizdən sonra gələn nəsillər onu yenidən nəşr edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və  övladlarına bəxş edib gedəcəklər”.

Mirzə Cəlil elə bir dahidir ki, onun haqqında yazmaq üçün bu böyük yazıçını, bu böyük vətənpərvəri olduğu kimi başa düşmək gərəkdir, onun haqqında yazmaq məsuliyyətini dərk etmək gərəkdir və məntiq etibarilə, sözün ciddi mənasında cəsarət gərəkdir. Muxtar Məmmədoğlunun “Mirzə Cəlil: Bütün nəsillərin, bütün dövrlərin yaşıdı” adlı essesində məhz bunu gördüm. Gördüm və müəllimimin yaşadıqlarını yaşadım.

Sara Əzimova

Naxçıvan Muxtar Respublikası

Televiziya və Radio Şurasının üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: