Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbacan mənim həyatımdır! - Söz tələbə jurnalistlərindir
Ana Vətən ulu əcdadlarımızın havasını udduğu, suyunu içdiyi, dəfn olunduğu, bu gün bizi qoynunda daşıyan, əvvəlimiz və sonumuz olan torpaqdır. Vətən müqəddəsdir. Ona sevgi olmayan qəlbdə ülvi hisslərə yer olmaz. Vətənini tanımayan, ondan üz döndərən bir gün hər kəsdən, öz vicdanından da üz döndərər. Ümummilli lider Heydər Əliyev deyib: "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".
Normal düşüncə tərzi olan hər kəsin daxilində Vətənə sevgi yaşayır. Bu sevgi yüksək olduqca böyük şəxsiyyətlər yetişdirir. Ana Vətən məhz belə böyük şəxsiyyətlərin qollarına söykənir və adı ucalır. Ulu öndər Heydər Əliyevin Vətənə sevgisi o qədər uca və yenilməz idi ki, çətin günlərdən və mübarizələrdən qalib kimi çıxararaq bu gün bizə xoşbəxt yaşadığımız Azərbaycanı bəxş etdi. Bu gün hər birimiz müstəqil Vətənimiz, bayrağımız, azadlığımıza görə ümummilli liderə borcluyuq və onun ideyalarını yaşatmalı, bütün qəlbimizlə Vətəni sevməliyik.
Çıxışlarının birində Ulu öndər belə demişdi : "Mən balaca bir evdə, zəhmətkeş ailədə, bir yaz günü dünyaya göz açmışam. Yəqin ki dünyaya gəlişimlə beş-on, lap uzağı otuz-qırx nəfər sevinib, yaxud da biri digərindən muştuluq alıb. Bu gün bəlkə də bir qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Niyə belə qətiyyətlə deyirəm? Anamı mən cəmi Azərbaycana bənzədirəm. Ana qibləgahdır ! Mənim Azərbaycanım həm qibləgahdır, həm də Ziyarətgah. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm, bundan sonrakı günlərimi də ona qurban deyirəm".
Ulu Öndərin mənalı və şərəfli ömür yolunun parlaq səhifələri xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir.Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, uzaqgörənliyi sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdi.
Heydər Əliyev hələ 1969-cu ildə birinci dəfə Azərbaycan Respublikasına hakimiyyətə gəldiyi ilk gündən respublikanın hərtərəfli inkişafının təməlini qoydu. Bu təməl üzərində təhsil, elm, kənd təsərrüfatı, neft sənayesi, neft emalı və neft-kimya sənayesi, ordu qoruyuculuğu öz inkişaf yoluna çıxdı. Ulu öndər hələ o vaxtdan müstəqil Azərbaycan üçün möhkəm təməl yaratdı.
Heydər Əliyev qədər öz xalqını, onun tarixini, mədəniyyətini və dilini sevən ikinci bir şəxsiyyət tapmaq çox çətindir. SSRİ-nin ən sərt idarəçilik sistemi ilk növbədə "sovet xalqı" adı altında onun tərkibində olan xalqları ümumiləşdirmək ideyasını həyata keçirirdi, o cümlədən dövlət dili olaraq xalqların həm də öz dillərinin olmasını məqbul hesab etmirdi. Məhz dahi Heydər Əliyev öz xalqının müqəddəs dilini dövlət dili kimi Azərbaycan Respublikasının konstitusiyasına salmağa nail oldu. Heydər Əliyev SSRİ-nin məhv olacağı tarixi həqiqəti çox-çox illər öncə görürdü və müstəqil Azərbaycanın yaranacağını və onun öz dilinə böyük ehtiyacı olacağını bildiyindən onu qorudu və özünə layiq olan səviyyədə sevdirdi.
XX əsrin ikinci yarısında Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın böyük dövlətlərinin və beynəlxalq təşkilatların kürsülərində səslənməsi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. İti ağlı, dərin zəkası, uzaqgörənliyi və xalqsevərliyi ilə hamını heyrətdə qoyan ulu öndərimiz H.Əliyev milli dövlət quruculuğunda dil siyasətini ön plana çəkdi və bununla da ana dili – Azərbaycan dili ən yüksək inkişaf mərhələsinə çatdı. Onun öz sözlərindən sitat gətirmək yerinə düşər:
“Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir… İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
O dövrdə ölkədə milli dillərin sıxışdırılması siyasətinin yeridildiyi bir zamanda ulu öndər ana dilinin – Azərbaycan dilinin inkişafına böyük səy göstərirdi.
Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idi və faktiki olaraq oynayırdı. Həmin konstitusiyada isə elə əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı. Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə böyük hünərlə sinə gərdi. Nəhayət 1978-ci ilin aprel ayında Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasında Heydər Əliyevin təklifi ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” yazıldı. O vaxt “Vahid sovet xalqı, “vahid dil” siyasəti nəinki geniş təbliğ olunur, hətta güclü şəkildə tətbiq edilirdi. Kommunist ideologiyasının hakim olduğu bir dövrdə milli dil məsələsinin ortaya atılması tutduğu vəzifədən asılı olmayaraq hər bir şəxs üçün bir növ tale məsələsi ola bilərdi. Hətta bu məsələ bir çox xalqların siyasi xadimləri üçün faciə ilə nəticələnmişdi. Bütün bunlara baxmayaraq, Ümummilli Lider Heydər Əliyev ana dilinin inkişafına qətiyyətlə çalışırdı. Ulu öndər Sovet rejiminin tüğyan etdiyi bir vaxtda deyirdi ki, konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. Bütün bunların hamısı Ulu Öndərin Vətən sevgisindən irəli gəlirdi.
Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Məhz bu yöndən yanaşdıqda, Heydər Əliyev Azərbaycan xalqını məhv olmaqdan xilas etdi. Ölkəyə rəhbərliyin ilk illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən ümummilli lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi.
Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin intibah dövrü 1969-cu il 14 iyun tarixindən başlanılır. İndi ölkəmizdə faliyyət göstərən ümumi, texniki-peşə, orta ixtisas, ali, eləcə də əlavə təhsil müəssisələrinin geniş şəbəkəsi öz mənbəyini məhz keçən əsrin 70-ci illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almışdır. Ulu Öndərin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu işi gələcək inkişafın güclü təməlini qoymuşdur.
Azərbaycan müstəqillik qazandıqdan sonra cəmiyyətimizin hər bir sahəsində olduğu kimi, təhsil sahəsində də bir canlanma, yeniləşmə nəzərə çarpmağa başladı. Ümummilli liderimiz Heydər Əliyev siyasətinin böyük təsiri nəticəsində irəliləyişlər olub, orta, orta-ixtisas və ali məktəblərdə struktur dəyişiklikləri baş verib, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ciddi quruculuq işləri aparılıbdır. Milli tərəqqidə, müstəqil dövlət quruculuğunda təhsilin, tərbiyənin əvəzsiz rolu olduğunu Ulu Öndər Heydər Əliyev həmişə vurğulayıbdır.
Bütün həyatını xalqına, onun xoşbəxt gələcəyinin qurulmasına həsr edən Ümummilli Liderimiz Azərbaycanın müasir qüdrətli ordusu üçün də böyük işlər gördü, ordu quruculuğuna, ölkədə hərbi kadrların yetişdirilməsinə diqqət yetirdi. Hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi – azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. O dövrdə bu addımı atmaq çətin bir iş idi. Lakin burada da Ulu Öndərin əvəzolunmaz siyasəti köməyə yetir. O, azərbaycanlı tələbələrin rus dilini pis bildikləri üçün həmin məktəblərdə yaxşı təhsil ala bilmədiklərini səbəb göstərir. Və həmin tələbələrin öz dillərində təhsil almalarının və bunun üçün də Azərbaycanda hərbi məktəbin yaradılmasının vacibliyini bildirir. Əslində o zaman Heydər Əliyev gələcəkdə Azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışmışdır.
Sonralar H.Əliyev deyirdi:
“Biz Cəmşid Naxçıvanski adına hərbi liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
Bu gün Azərbaycanın güclü, sarsılmaz ordusu var. II Qarabağ müharibəsi ordumuzun qüdrətini, gücünü, döyüş əzmini, qələbə ruhunu göstərdi. Əsgərlərimiz Vətən üçün, torpaq üçün döyüşdülər, 44 günlük müharibə qələbə ilə tamamlandı. Ulu Öndər söyləyirdi ki, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir” və onun ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Bu gün biz erməni faşizmi üzərində hamılıqla tarixi Qələbə çaldıq. Nur içində yat, Ulu Öndər. Qurucusu olduğun ordu düşmənin işğalçılıq siyasətinə son qoyaraq 30 illik həsrətdən sonra Azərbaycanı tarixi torpağımız olan Qarabağına birləşdirdi! Bu gün şanlı bayrağımız Qarabağda dalğalanır.
Biz vətən, yurd, millət, xalq sevgisini Heydər Əliyevdən öyrənmişik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır”,-deyə böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Ümummilli liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irsi bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızda elə bir sahə tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir və daim öyrənilməlidir. Cəmiyyətə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Elə “Xalq–Heydər, Heydər–Xalq” birliyi də belə yaranıb. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimizin ideyaları daim yaşayacaq, Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq. Nə qədər ki Azərbaycan var, Ulu Öndər də var olacaqdır!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universiteti
"Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi