Gəl, payızım-zəfər payızım, gəl!..

A- A A+

Xoş gəlirsən, gəl, payızım. Səni təntənəsiz, təmtəraqsız qarşılamaqmı olar?  Ey fəsillər fəsli, mövsümlərin şahı, zəfər payızım, gəl! Gəl ki, zəfərimizin bir ilini bayram edək. Gəl ki, səni minlərimizə laylay edək. Gəl, payızım-zəfərim. Digər mövsümlərtək çox da sevilməyən, lakin 2020-dən hər kəsin sevimlisi fəslim, gəl. Sən əvvəllər insanların sevmədiyi xəzan çağı, bağ-bağçanın solan anı, yaşıl rəngin qənimiydin. Dünənədək ağacların xanı olan yarpaqları xəzəl edib  küləklərin ətəyində küçələrdə, dalanlarda o divara, bu divara çırpan idin. Yağışınla, çiskininlə, qara-bozlu buludunla ürəklərə ələm idin. Küçələrdə, bağçalarda islatdığın xəzəlinlə insanların rahatlığın pozan, bəddualar fəsli idin. Xəzəlini neçə həftələr toplayıb, ta bezikib ağacların solğunlaşmış yarpaqlarını çırpıb səndən biryolluq qurtarmaq istəyənlərin dillərində qarğış idin. Az insandı sənin rənglərində təbiətin hüsnün görən. O min rəngli yarpağında yaşılın hicranın görən. Çox az insandı xəzəlinin nəğməsini dinləməkçün saatlarla səninlə olan, küçə, dalan, xiyabanları dolanan. Səndən ilhan alıb şair, rəssam, bəstəkar, yazar olan. Çox az insandı...

Deyirlər, Allah hər kəsi eyni yaradıb, onlara hər şeyi eyni verib, amma nədənsə biz insanlar bunu anlamaq istəmirik. Daha doğrusu anlamağa çalışmırıq ki, məndə olan səndə bir başqa şəkildədir. Bax götürək elə səni. Ötən ilədək təbiətin sonu - yaşıl rəngli övladını qoynundan alan, növrağını pozan idin. Amma əslində sən həm də o yaşıla zamanla veriləcək yeni bir həyat idin. Bilindimi qədir-qiymətin? Yox.  Yaz bir yandan, yay bir yandan, insanlar da bir yandan tənə etdilər sənə. Üşütdükcə, küləkləri əsdirdikcə, qış xəbərin gətirdikcə sevilməyən fəsil oldun. Bəlkə də  acıdı ulu Yaradan, pozdu bərabərliyi aranızda.  Səni elə bir zirvəyə qaldırdı ki, fəsillərin şahı, ta bu dünya durduqca zirvələrdən boylanan oldun...

Gəl payızım-zəfərim, payızım-yazım, gəl! Gəl, ötən ilindən, indi səni milyonlarla sevənlərə özündən danış. Otuz illik Qarabağın hicranını vüsal edən o qırx dörd gününün hər anın danış. Gəl, payızım-zəfər fəslim, Ali Baş Komandanımızın əmrindən, ərənlərin Vətənimin harayına verdikləri haydan danış... İgidlərin başının altına yastıq olan, bir zamanlar sevilməyən xəzəlindən, sənintək heç bir fəslin görmədiyi qandan danış. Torpağımdan, əzəl yurdlarımdan danış. Suqovuşana qovuşmaqdan, Şuşadakı əlbəyaxa döyüşlərdən, göz yaşını otuz il sularına qarışdıran Arazın Xudafərin vüsalından, dünyaya göz dağı olan Məhəmməd Füzulinin adını daşıyandan, Ağdam, Laçın, Kəlbəcərdən-o ellərin hamısından, məşhur Qarabağ atlarından, düz otuz il boynubükük xarıbülbüldən danış. Düşməni doğma yurdumuzdan qovan, acgözlüyə divan tutan, gəncliyini torpağına qurban verən, anaları qara yaylıq, ataları belibükük, balaları yetim edən, qız-gəlinin gözlərini əbədi bir yola dikən minlərimdən danış...

Sonsuz idin, ana oldun ötən il, payızım. Minlərimin anası, onlardan danış. Qoynunda laylay deyib torpağa tapşırdığın igid, ərlərimdən danış. Ağlamadın,  yağış yağar, əsgərim islanar, xəstə olar. Yer islanar, palçıq olar, namus, qeyrət, ar davası yarım qalar. Göz yaşın içinə axdı, ürəyin sızladı, payızım. Sən nə qədər güclüymüşsən... İlahi, tək bir ana gör neçə min oğul verdi qırx dörd gündə torpağa. Bu xəbəri minlərimin uzaqdakı anasına da sən verdin. Hər xəbəri verəndə də nələr çəkdin...

Dağ payızım, dağlı payızım, həm də ki, vüqarlı payızım, gəl, xoş gəlirsən bu ellərə. Qurban sənin əsgər ayağı dəyən, yastıq, yorğan xəzəlinə, igid nəfəsi qarışan nəfəsinə, ərənlərin səninlə son görüşünə. Şəhidinə şahid fəsil, qurban səndə axan qanlara, bağrına çəkilən dağlara, köksündəki yaralara. Qurban sənin otuz ilin həsrətini qırx dörd gündə yox etdiyin ana. Yurd hicranlı qaçqın, köçkün, didərginə açdığın qucağa, kilidli qapılardan qopardığın qıfıllara... Qarabağa gətirdiyin bahara. O bahar ki, otuz ildi, didərgindi Qarabağdan. Payızıydın, payızında bahar oldun, yaz günəşi kimi doğdun. Minlərlə anadan balasını alsan da, Qarabağı sən qaytardın doğma ana qucağına. “Oğullar Vətənə qurban doğulur. Qoy olsunlar qurban, ta ki torpaq var olsun, yad əllərdə qalmasın” dedin. İgidlərimi aldın, əvəzində namusumuz, iffətimiz, izzətimiz olan torpağı geri verdin. 44 gündə dünyanı  bizimlə birgə  heyran etdin. Ölkələr rəhbərimiz ətrafında birliyimizin dəmir yumruq olub düşmən başına endirildiyindən, bu yumruğun otuz ilin sükutunu paramparça etdiyindən danışdılar. Haqqına susduqları haqsızlıq üsyan eyləyib Qarabağ sehrini çözdü. Biz zəfər qazandıq. Səninlə birgə qalib olduq, payızım. Sən sadəcə payızdın, zəfər payızı oldun. Fəsillərin şahı oldun. Həm kədərimiz, həm qürurumuz oldun. Elə o üzdən də övladlarını səndə itirən bu Vətənin anaları deyir:

         Şalımı al bağlaram,

         Qara yox, al bağlaram.

         Qarabağda minlərimi    

         Mən qürurdan ağlaram.

                                                        Mətanət Məmmədova

Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: