Dövlət Yol Polisi İdarəsi payız-qış aylarında avtomobillərin idarə olunması ilə bağlı sürücülərə müraciət edib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyinə verdiyi məlumatda Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin Təbliğat üzrə baş inspektoru  polis kapitanı Ayaz İsmayılov bildirib ki, nəqliyyat vasitələrinin küçə və yollarda təhlükəsiz hərəkətinin təmin olunmasında ən önəmli meyarlardan biri də onun şinlərinin normativ tələblərə uyğun olmasıdır. Yəni şinlərin protektorundakı naxışların qalmış hündürlüyü nəqliyyat vasitəsinin növündən asılı olaraq: minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobilləri üçün 1 mm-dən, avtobuslar üçün 2 mm-dən, motosikletlər üçün isə 0,8 mm-dən az olmamalıdır. Protektorların ölçüsü qeyd olunan normadan aşağı olduqda təkərlə yol örtüyü arasında ilişmə əmsalı nəzərə çarpacaq dərəcədə azalır ki, bu da tormozlanmanın zəifləməsinə və nəticədə nəqliyyat vasitəsinin sürüşməsinə səbəb olur. Ən əsası isə şinlər ölçüsünə və yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlməlidir, həmçinin  nəqliyyat vasitəsinin bir çoxuna protektoru müxtəlif naxışlı şinlərin geyindirilməsi yolverilməzdir. Bütün bunlarla yanaşı qış fəsli ilə əlaqədar olaraq sürücülər mütləq rezin şinlərdən istifadə etməli, qarlı, buzlu hava şəraitində sürət həddini nəzarətdə saxlamalı, ötmə və manevr qaydalarını pozmamalı, bir sözlə mümkün olan bütün təhlükəsizlik tədbirlərinə əməl etməlidir. Eyni zamanda yağışlı və qarlı hava şəraitində sürücünün yolu normal görə bilməsi üçün avtomobillərin alın şüşəsində şüşə siləcəkləri və şüşəyuyanlar nəzərdə tutulub ki, bu aqreqatlar da qeyd olunan hava şəraitində təhlükəsizlik baxımından əvəzolunmazdır. Yol-nəqliyyat hadisələrinin baş vermədən qarşısının alınması məqsədilə sürücülərə şüşə siləcəkləri və şüşəyuyanların saz vəziyyətdə olmasına həssaslıqla yanaşmaları və şüşəyuyanları donmayan maye ilə doldurmaları tövsiyə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: