Vətən müharibəsi tarixi nailiyyətdir

A- A A+

Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin 27 sentyabrında başlayan, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.

Vətən müharibəsi günlərində xalqımıza xas olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin təcəssümü faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, bir yumruq kimi milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir, danılmazdır.

Ölkəmizin Qarabağda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha qədər müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmayıb, ümummilli əhəmiyyət kəsb etməyibdir.

Qarabağda və ətraf rayonlarda qazanılmış böyük Zəfər məhz Azərbaycan naminə, Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və müzəffər Azərbaycan Ordusu, Azərbaycan əsgəridir, Azərbaycan xalqıdır.

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının rəhbəri kimi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdəki çıxışlarında Qarabağın xalqımıza məxsus olmasını bəyan edib, bu münaqişənin ilk növbədə sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasına tərəfdar olduğunu, dialoqla tarixi ədaləti bərpa etməyə səy göstərdiyini bildirsə də, müharibə yolu ilə də qələbəyə nail olmaq variantını nəzərə çarpdırırdı.Bu məqsədlə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi müstəqil dövlətin milli ordu quruculuğunun əsaslarını yaradır və silahlı qüvvələrimizin peşəkar kadrlarla, yeni nəsil mütəxəssislərlə, müasir texnika ilə təchiz edilməsi istiqamətində əhəmiyyətli addımlar atırdı. 

Prezident İlham Əliyevin isə Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Qarabağda böyük qələbəyə aparan yolun ən mühüm istiqaməti oldu. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırıb. Dövlət başçımızın fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu qurumun fəaliyyətinin təşkil edilməsi də Böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardan biridir. 

Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması, dünyada etibarlı müttəfiqlərin və tərəfdarların qazanılması da qələbəyə doğru gedən yolun əhəmiyyətli hadisəsidir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına, Avropa Birliyi Nazirlər Şurasına sədrlik etməsi, dünya ölkələri, xüsusən region dövlətləri ilə qurulmuş və inkişaf etdirilmiş əlaqələrə nail olması və sair kimi mühüm addımlar ölkəmizin beynəlxalq miqyasdakı mövqelərini daha da möhkəmləndirib. Beynəlxalq təşkilatlar və region dövlətləri arasında ölkəmizin qazandığı böyük etimad gələcək Böyük Zəfərin əldə edilməsinin əsas faktorlarından biri olub

Beynəlxalq münasibətlərdə illər uzunu birtərəfli qaydada seçilmiş hər hansı ölkələr qrupu ilə deyil, Şərqdə də, Qərb masştabında da demək olar ki, bütün ölkələrlə sağlam əlaqələr yaradan Azərbaycan Respublikasının qazandığı yüksək etimad Vətən müharibəsində dövlətimizin haqlı mövqeyinin düzgün qavranılmasını və dəstəklənməsini şərtləndirib. Təməli böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət - iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki Zəfərin ən mühüm amillərindəndir. Dünyanın istənilən ölkəsi ilə müqayisədə Azərbaycan Respublikasında yaranmış çox möhkəm xalq-iqtidar birliyi də Böyük Zəfərə təminat veribdir. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin ən böyük dayağı Azərbaycan xalqı olubdur. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, əlli milyondan çox Azərbaycan xalqı Vətən müharibəsində birmənalı şəkildə Prezident İlham Əliyevi dəstəkləyibdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı.

Ordumuzun Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi.

Dünyanın ən güclü silahlı qüvvələri sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində  azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla  yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Müharibə bitdikdən sonra hətta erməni hərbçiləri də mülki əhaliyə qarşı qadağan olunmuş, kütləvi tələfata səbəb ola biləcək silahlardan istifadə etdiklərini etiraf ediblər. Bütün bunlar onların necə mənfur xislətə malik olduqlarını bir daha təsdiqlədi. Bütün bu faktorlar dünya ictimaiyyətinə ətraflı şəkildə çatdırılıb, necə düşmənlə mübarizə apardığımızı bəyan edibdir. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz   mənfur düşmənin layiqli cavabını verdilər.

Biz bu möhtəşəm qələbəyə igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olduq. Bu gün vətən uğrunda vuruşan, canından keçən, şücaət göstərən oğullarımız dövlətimiz və Ali Baş Komandanımız tərəfindən lazımi səviyyədə dəyərləndirilir: onlara fəxri adlar verilir, orden-medallarla təltif olunur, müavinətlər təyin edilir, xatirələri əbədiləşdirilir. Dövlət başçısının sərəncamı ilə yaradılan Fondlar, aid qurumlar  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək verilməsi missiyasını həyata keçirir. Bununla yanaşı, hər bir vətəndaşımız, hər bir soydaşımız hərbçilərimizə, şəhid ailələrinə, qazilərimizə bacardıqları qədər arxa-dayaq olmağa çalışırlar. Şanlı tarix yazan bu qəhrəmanlarımız böyüyən yeni nəslin vətənpərvərlik ruhunda sosiallaşma prosesində böyük rol oynayacaqlar.

Müharibədə qazandığımız möhtəşəm qələbə sayəsində münaqişə bölgəsində mühüm siyasi-diplomatik üstünlüyə yiyələndik. Belə ki, 3 rayon hərbi əməliyyatlar aparılmadan azad edildi, anlaşmada ölkəmizin diktə etdiyi məqamlar, bəndlər öz əksini tapdı. Dost və qardaş Türkiyənin münaqişə zonasında monitorinq Mərkəzində təmsil olunması Cənubi Qafqazda artıq yeni regional güclərin meydana gəlməsinin göstəricisidir.  Darmadağın edilmiş Ermənistan ordusunda və siyasi dairələrində revanş arzusuyla yaşayanlara əsl tutarlı cavabdır. Müharibədən sonra da ordumuzun döyüş qabiliyyətinin artırılması, hərbi müttəfiqlərlə təlimlərin davam etdirilməsi bir daha onu göstərir ki, tez bir zamanda Qarabağın digər əraziləri də düşmən işğalından azad olunacaq. Bunun üçün mübarizəmiz davam edir, daha çox siyasi və diplomatik sahədə qazandığımız uğurlarla buna nail olacağıq. Cənab Prezidentin qeyd etdiyi kimi, nəyi nə vaxt etməyi bacarmaq, tarixi şərait və məqamdan düzgün istifadə etmək lazımdır.

Ölkəmizdə müharibədən dərhal sonra “Böyük Qayıdış” proqramının icrasına başlanılıb, nəzərdə tutulan hədəflərə çatmaq üçün kompleks tədbirlər həyata keçirilir, müasir texnologiyaların potensialından geniş istifadə edilməklə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələr, “ağıllı şəhər”, “ağıllı kənd” layihələri uğurla icra olunur. Qarabağın alternativ enerji mənbəyinə, “yaşıl enerji” zonasına çevrilməsi istiqamətində mühüm addımlar atılır.

Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin tez bir zamanda yerləşdirilməsi gözlənilir. Tikintisi yüksək sürətlə davam edən Füzuli Beynəlxalq Hava limanının istifadəyə verilməsi xarici qonaqların və turistlərin azad edilmiş ərazilərə, xüsusilə də Şuşaya gəlişini təmin edəcək. İşğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. İnşa olunan yollar bölgənin inkişafını sürətləndirməklə yanaşı regionun tranzit əhəmiyyətinin artırılmasında mühüm rol oynayacaq.  Dövlət başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən, başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən Zəfər yolu Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Tikintisi aparılan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Müharibədən sonra bölgədə uzunmüddətli sülhün təmin edilməsi, regionun gələcək inkişafı üçün bütün imkanların mövcud olduğunu əsaslandırılmış şəkildə dünyaya təqdim edən Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilən bütün tədbirlər müstəqil ölkəmizin daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsiz şəraitdə, rifah içində yaşamasına yönəlib. Qazandığımız möhtəşəm zəfər xalqımızın çoxəsrlik tarixinin ən şərəfli dövrü kimi hələ uzun müddət xatirələrdə və salnamələrdə yaşayacaqdır.

Mirməcid Seyidov

 Azərbaycan Vətən Müharibəsi Veteranları və

Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: