Culfada muzeylər ziyarət olunub - FOTOLAR
Culfada fəaliyyət göstərən bir sıra idarə, müəssisə və təşkilatların kollektivləri rayondakı muzeylərdə olublar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyətinin kollektivi Gülüstan türbəsini ziyarət edib. Kollektivə bildirilib ki, Gülüstan türbəsi Naxçıvanın tarixi-mədəniyyət abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə yenidən bərpa olunub.
Həmçinin rayonda fəaliyyət göstərən bir sıra idarə, müəssisələrin kollektivləri isə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olublar. Muzeyin bələdçisi bildirib ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılıb. Muzeyin fondunda ümumilikdə 250 eksponat var ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir.
Xosrov İbrahimov