NUHÇIXAN xəbər verir ki, Babək Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib. Müşavirədə görülən işlər və qarşıda duran vəzifələrdən ətraflı bəhs olunub. Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov müşavirədə çıxış edərək ayrı-ayrı sahələrdə, xüsusən də energetika, qaz təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində payız-qış mövsümünə hazırlıqla əlaqədar həyata keçirilən işlərdən danışıb. Bildirib ki, rayon mərkəzində yerləşən 3 təşkilat, 4 məktəbdənkənar müəssisə qazla, digər təşkilatlar isə qazanxana və kombi ilə, 4 mərtəbəli inzibati bina və beş mərtəbəli 60 mənzilli yaşayış binası qazanxana ilə qızdırılacaq.
Həmçinin rayonda fəaliyyət göstərən 36 təhsil, 34 səhiyyə, 74 mədəniyyət müəssisəsi də müvafiq olaraq qazanxana, kombi, ağ neft və maye qazla heç bir çətinlik olmadan qızdırılacaq. Bundan başqa, energetika sahəsində aparılan kompleks tədbirlər nəticəsində elektrik dirəkləri yenilənib, 4 ədəd yeni transformator stansiyası quraşdırılıb.
Rayon ərazisində yeni tikilən evlər qazlaşdırılıb. Qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədi ilə 6220 ədəd abonent qutusu quraşdırılıb. Müşavirədə rabitə sahəsində görülən işlər də vurğulanıb. Bildirilib ki, rayonda fəaliyyət göstərən 30 ATS-in hamısı yeni nəsil NGN tipli ATS-lərlə əvəz olunub. 225 abonentə yeni telefon xətti çəkilib.
Rayon Yol Təmir İstismar idarəsi, kommunal müəssisələri kombinatı, rayon dövlət yanğın təhlükəsizlik şöbəsi payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq tədbirlər həyata keçirirlər.
Rayonun müvafiq idarə və təşilatlarının rəhbərləri də görülən işlərdən danışıblar.
Məhəmməd Fərəcov
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.