Muxtar respublika sərhədləri etibarlı müdafiə edilir

A- A A+

Azər­baycan Respublikası Sərhəd Qoşunlarının formalaşmasında ümummilli liderimizin siyasi fəaliyyətinin 1990-1993-cü illəri əhatə edən Naxçıvan dövrü müstəsna əhəmiyyətə ma­likdir. Bu dövrdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ilk milli sərhəd qurumları yaradılmışdır.

Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri seçildikdən cəmi dörd gün sonra, 1991-ci ilin sentyabr ayının 7-də Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərar qəbul etmişdir. Bununla da, Azərbaycanda vahid komandanlığa tabe olan ilk milli ordunun əsası qoyulmuşdur. Həmin vaxt Naxçıvandakı sərhəd dəstəsinin əmlakının, silah və sursatının tamamilə Azərbaycan sərhədçilərinə təhvil verilməsi işi də ölkəmizin milli maraqlarına uyğun şəkildə həll olun­muşdur. 1992-ci ilin avqust ayının 22 –də Naxçıvandakı 41-ci sərhəd dəstəsi Azərbay­canın tabeliyinə keçmiş və sərhəd dəstəsində ilk dəfə müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdı. Rusiya Sərhəd Qoşunları Baş Komandanlığı və Zaqafqaziya Sər­həd Qoşunları Dairəsinin rəhbərliyi ilə aparılan danışıqların nəticəsi olaraq, 1992-ci il sentyabrın 29-da isə 41-ci Sərhəd Dəstəsi ləğv olunmuş, onun bütün hərbi və təsərrüfat əmlakı Naxçıvanda yeni yaradılmış birinci Sərhəd Dəstəsinin sərəncamına verilmiş, 215 kilometrlik sərhəd ərazisi ilk dəfə olaraq milli Sərhəd Qoşunları tərəfindən mühafizəyə qəbul edilmişdir.

Ölkəmizdə Sərhəd Qoşunlarının yaradılması ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə ikinci qayıdışından sonra da dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmiş, Azərbaycan öz sərhədlərini müstəqil qorumağa qadir olduğunu nümayiş etdir­mişdir. Ümummilli liderimizin yolunu uğurla davam etdirən Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət sərhədlərinin mühafizəsinə və sərhədçilərə göstərdiyi böyük qayğı nəticəsində Sərhəd Qoşunları daha da möhkəmlənir. Ölkə başçısı Dövlət Sərhəd Xidməti ilə bağlı bir çox fərman və sərəncamlar imzalamış, normativ-hüquqi baza təkmilləşdirilmişdir. Həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşlarının artırılması, xidmətdə fərqlənənlərin orden və medallarla təltif edilməsi sərhədçilərdə böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur. Göstərilən qayğı nəticəsində dövlət sərhəd­lərimizin daha da etibarlı şəkildə qorunması, hərbi hissələrin maddi texniki bazasının möhkəmləndirilməsi, müasir texnika, avadanlıq və ləvazimatlarla təminatı sahəsində təd­birlər görülmüş, şəxsi heyətin peşəkarlığı artırılmış, yeni sərhəd infrastrukturları yara­dılmışdır. Ali Baş Komandan sərhədlərin qorunmasının əhəmiyyətini bildirərək demişdir: “Sərhəd hər bir dövlət üçün onun müstəqilliyini təcəssüm etdirən çox önəmli əla­mətdir. Sərhəd müstəqillik deməkdir. Müstəqillik sərhədsiz mümkün deyil”.

Sərhəd Qoşunlarının formalaşması və inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu gün muxtar respublikamızda da uğurla davam etdirilir. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmlən­dirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sər­həd Diviziyası, 2015-ci ildə isə Sərhəd Diviziyasının bazasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmışdır. Muxtar respub­likanın sərhədlərinin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuş­dur. Sovet dövründən qalan sərhəd zastavalarının yerində müasir sərhəd zastava kompleksləri tikilərək istifadəyə verilmiş, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılmışdır. Bu gün muxtar respublikanın sərhəd zasta­vaları müasir sərhəd struk­tur­­larına malikdir.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında aparılan quruculuq işləri davamlı xarakter daşıyır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Əlahiddə Sərhəd Diviziyası qərargahı, xəstəxana­sı, hamam-camaşırxana kompleksi yenidən qurulmuş, çörəkbişirmə sexi tikilib isti­fadəyə verilmişdir. Bundan başqa Şərur və Culfa sərhəd komendantlıqları yenidən qurulmuş, ən müasir tələblərə uyğun sərhəd zastavaları tikilmişdir. Həmçinin Əlahiddə Sərhəd Diviziyasının ərazisində abadlıq işləri görülmüş, avtomobil parkında təmir emalatxanaları, avtomobillərin saxlanılması üçün yeni saxlanclar, qarovul və qazanxana binaları tikilmişdir. Bununla yanaşı sərhədçi ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılmış, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində 72 yerlik müasir tələblərə cavab verən uşaq bağçası tikilmiş, 2 yaşayış binası yenidən qurulmuş, mərkəzləşmiş istilik sistemi yaradılmış, sərhədçi ailələri üçün istirahət parkı salınmışdır. 2018-ci ilin ötən dövüründə isə ölkə Prezidentinin iştirakı ilə Qaraçuq kəndində sərhəd dəstəsi üçün tikilmiş yeni xidmət kompleksi istifadəyə verilmişdir.

Muxtar respublikada sərhədçilərin peşəkarlıq səviyyəsinin artırılması, kadr və texniki potensialının gücləndirilməsi məqsədilə də kompleks tədbirlər görülür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müasir Azərbaycan sərhədçisi universal funksiyaların icraçısıdır. O, sərhədlərin mühafizəsi ilə yanaşı, beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, narkotik mad­dələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da müba­rizə aparmalı, fədakarlıq göstərməlidir”.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti göstərilən qayğı və yara­dı­lan şəraitdən səmərəli istifadə edərək bundan sonra da Naxçıvan Muxtar Respublikası sərhədlərini etibarlı mühafizəsi istiqamətdə qüvvə və bacarığını əsirgə­məyəcək.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: