Yaponiyada pasiyentin özünün qan hüceyrələrindən trombositlər yaradılıb. Məhz bu səbəbdən də trombositlərin orqanizm tərəfindən qəbul edilməməsi halı baş vermir. Kioto Universitetinin iPS-hüceyrə tədqiqatları mərkəzinin (CiRA) nümayəndəsi Hiroyuki Vadahama bildirib ki, alimlər əməliyyatı insan üzərində aparmağa hazırlaşırlar.
NUHÇIXAN RİA Novosti saytına istinadla xəbər verir ki, bu, müxtəlif qan xəstəliklərindən, o cümlədən onkoloji xəstəliklərdən əziyyət çəkən insanlara kömək edəcək.
“Pasiyentin qanından, məhz leykositlərdən iPS hüceyrələri yaradılır. Sonra onlardan meqakariosit hüceyrə xətləri yetişdirilir ki, bunlar da adi şəraitdə inkişaf etmir. Lakin biz onların bölünmə qabiliyyəti əldə etməsinə nail olduq. Bir neçə mərhələdən sonra onlardan trombositlər əmələ gəldi və köçürülmə yolu ilə pasiyentin qanına yeridildi”, - deyə institut nümayəndəsi bildirib.
Donor trombositlərinin köçürülməsi ilə bağlı əsas problem ondadır ki, pasiyentin orqanizmi hər hansı xəstəlikdən, məsələn, aplastik anemiyadan əziyyət çəkirsə, yəni qanda hüceyrələrin artım sürəti azalır və ya tamamilə dayanırsa, o zaman onları kənar vücud kimi qəbul etməyə başlayır. Bu cür reaksiya pasiyentə qan köçürülməsini faydasız edir.
Vadaxama izah edib ki, pasiyentin özünün qan hüceyrələrindən trombositlərin yaradılması üzrə tədqiqatlara, daha sonra siçanlar üzərində təcrübənin aparılmasına bir neçə il sərf edilib. İndi alimlər bu köçürmənin təhlükəsiz olmasından əmindir və bu təcrübənin insan üzərində aparılmasından ötrü Səhiyyə Nazirliyinə müraciət ediblər.
Eksperimental köçürmə cəmi bir adam – aplastik anemiyadan əziyyət çəkən və orqanizmi donor hüceyrələrini qəbul etməyən pasiyent üzərində aparılacaq.
Eyni zamanda, gələcəkdə bu nəticələrdən digər qan xəstəliklərində, o cümlədən onkoloji xəstəliklərdə nə dərəcədə istifadə edilməsinin mümkünlüyü barədə suala cavabında CiRA İnstitutunun nümayəndəsi bildirib ki, tədqiqatlar onların mümkünlüyündən ötrü aparılır.
Süni çoxfunksiyalı iPS hüceyrələrindən istifadə edilməsi əsasında əməliyyat dünyada ilk dəfə 2014-cü ildə Yaponiyada həyata keçirilib. Torlu qişanın ağır xəstəliyindən – yaşla bağlı makulyar degenerasiyadan əziyyət çəkən 70 yaşlı pasiyentdən dəri hüceyrələri götürülüb və süni iPS gövdə hüceyrələri yetişdirilib. Daha sonra onlardan tor qişanın retinal piqment epiteliya hüceyrələri alınıb və əməliyyat prosesində köçürülüb.