Naxçıvanın ən böyük ağacları, daşdan süzülən su və 9 əsrlik tarix...

A- A A+

İsti yay günlərində insanlar sərinləmək , mənəvi rahatlıq tapmaq üçün  təbiət qoynunda vaxt keçirməyə  daha çox  üstünlük verirlər.  Belə gözəl  məkanlar isə Naxçıvanda çoxdur.   Səfalı, sərin havası olan kəndlərimiz, meşələr, yaylaqlar,  xiyabanlar, bağlar  yay aylarında insanların istirahətində mühüm rol oynayır

Naxçıvan şəhərində yerləşən   istər genişliyinə, istərsə də gözəlliyinə görə  seçilən Əcəmi seyrəngahı  Mədəniyyət və İstirahət parkı da  naxçıvanlılar  üçün ən sevimli istirahət  yeridir. Seyrəngahda ümummilli lider Heydər Əliyevin büstü ucalır.  Naxçıvanlılar yaxşı bilirlər ki,  Əcəmi seyrəngahı yalnız adi istirahət  məkanı  deyil, bura həm də  Naxçıvanın  tarixinə şahidlik edən əvəzsiz məkandır.

 Yay aylarında işgüzar həyatdan yorulan, təmiz hava almaq istəyən uşaq, gənc, yaşlı - hər kəs yolunu buradan salır. Gün ərzində bu bağda insanların çoxluğuna baxmayaraq, daim ümumi sakitlik hökm sürür.

Göz oxşayan yaşıllığı , sərin havası ilə   bura  şəhərimizin ən gözəl istirahət və gəzinti məkanıdır.

Əcəmi seyrəngahı Naxçıvan şəhərinin  gözəl təbiət incisi, maddi mədəniyyətimizin  əsrarəngiz nümunəsi olmaqla yanaşı,   şəhərimizin  tarixi və müasir simasını təşkil edən  təbii kompleksdir.  Bura gələn hər kəs  həm təbiətin gözəlliyini duyur, istirahət edir,  həm də  tariximizi vərəqləyir.  Görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin XII əsrdə inşa  etdiyi Mömünə xatın türbəsi,  XVI əsr abidəsi olan Mir Yaqub piri, XVIII- XIX əsrlərə aid olan  Xan sarayı və  daşdan yonulan  qoç heykəllər  burada insana tarix  danışır sanki.    Açıq Səma Altında Muzeydə Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sənduqələrdən ibarət 450 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir.

Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən  biri olan Mömünə xatın türbəsi isə təkcə  bu seyrəngahın deyil, ümumiyyətlə  Muxtar Respublikamızın bəzəyidir və  şəhərimizin əzəmətini əks etdirir. Bu memarlıq abidəsindən bir qədər aralıda  Xan diki adlanan ərazidə  Naxçıvan xanlarının evi olan Xan sarayı yerləşir.  Bura daxil olanda saray həyatının ab-havasını duyursan. Bu gün həm də muzey kimi fəaliyyət göstərən bu sarayda   Naxçıvan xanlarına aid olan,  həmin dövrü əks etdirən eksponatlarla tanış olmaq mümkündür.

Son illər Naxçıvanda aparılan quruculuq işləri  istirahət məkanlarından da yan keçməyib. Əcəmi seyrəngahı da  sanki   bir qədər cavanlaşıb, bağ park estetikasının ən yaxşı nümunələri ilə zənginləşib. Ərazi  dekorativ daşlar, rahat oturacaqlar,  yaşıllıqlar, gül çiçəklər, göylərə dirək kəsilən qocaman ağaclar  və təmizliyi ilə valehedicidir.   Bura şəhər əhalisinin  mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkilində mühüm rol oynamaqla yanaşı həm də   milli bayram və el şənliklərinin,  ədəbi bədii və musiqi proqramlarının, konsertlərin, beynəlxalq  festivalların   keçirildiyi bir  yerdir.

Ötən gün axşam saatlarında  insanların  istirahətinə şahidlik etmək üçün yolumuzu bu istirahət məkanından saldıq.  Burada hərə özünəməxsus şəkildə dincəlirdi.  Kimisi  dost tanışla gəzib söhbət edir,  kimisi üzərində günəşin şüaları əks olunan Xan Arazın seyrinə  dalır,   kimisi bədii ədəbiyyat oxuyur, kimisi də musiqi dinləyirdi.  Həm söhbət olduğumuz şəhər sakinlərindən bəziləri evinə yaxın olduğundan hər gün səhər və axşam saatlarında yolunu bu istirahət məkanına  salırlar.  Təbiət qoynunda bir rahatlıq tapırlar. Burda nəvələrini gəzdirərək Naxçıvanın tarixindən danışan nənə-babalara, övladının sağlamlığını düşünən, onu hər gün təmiz hava almaq məqsədilə ağacların altında gəzdirən qayğıkeş valideynlərə, bir ağac kölgəsinə çəkilib gələcək planlarını quran gənc ailələrə tez-tez rast gəlmək olur.

Bu  yaşıllıq guşəsi isti yay aylarında  şəhərin havasının sərin  və təmiz olmasına  da təsir edir. Bunun səbəbi isə təbii ki, seyrəngahdakı  qeyri-adi ağaclardır. Bəlkə də Naxçıvan şəhərinin ən böyük ağacları burda bitir. Onların bəzilərinin çətiri on metrlərlə sahəni əhatə edir. Seyrəngahın üzərindəki yaşıllığın aşağısında ayrı bir gözəllik var.  Gəzə-gəzə bu gözəl yerə- Qızlar bulağına gəlirik.  Hər fəsildə əsrarəngiz mənzərəsi olan bu bulaq  yayda daha da valehedicidir.  Bulağın qayaların arasından süzülüb gələn göz yaşı kimi dumduru sərin suyu var.   Burada quşların və bulağın nəğməli səsi bir birinə qarışır.  Bura daha çox sevgililərin görüş yeri kimi yadda qalıb. Amma indi burda yaradılan şərait sanki hər kəsi buranı görməyə çağırır. Naxçıvan şəhər sakinləridən bəzilərinin sözlərinə görə  qayadan tumurcuqlanıb mirvari kimi süzülən su qızların hörüyünə bənzədiyinə görə, bəzilərinin fikrinə görə isə qızların tez-tez  bu bulaqdan səhənglə su daşıdığı üçün   buraya “Qızlar bulağı” adını veriblər.

Seyrəngahda yerləşən  Bazar gölü istirahət məkanı  da  yay fəslində qaynarlığı ilə seçilir. Burada istirahət edənlərə iaşə xidməti  göstərilir, gölün sahilində dincələn   insanlara çay, dondurma və  sərinləşdirici içkilər təklif olunur. Gölün sahilindəki səkidə kimi oturub dincəlir,  kimi dost tanışla söhbət edir, şəhərimizə qonaq gələn insanlara bu yurdun gözəllikllərindən danışır, kimisi də  göldə üzən qazlara, ördəklərə dən ataraq  təbiətin bu gözəlliyindən   zövq  alır. Bir sözlə bura sözün əsl mənasında Açıq səma altında təbiət  muzeyidir.

Odur ki ,ekoloji təmizliyi duymaq, təmiz hava almaq , ətrafı bürüyən yaşıllığa göz dolusu baxmaq  istəyən hər kəs  yolunu Əcəmi seyrəngahı Mədəniyyət və İstirahət parkından sala bilər.

                                                                              Türkanə Əmoyeva

                                                        Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: