Şəhid olmaq ölmək deyil-Dünya boyda ölümsüzlük!

A- A A+

Qayıdan torpaqların qayıtmayan oğullarından danışırıq bu gün. Necə danışırıq? Gözümüz, könlümüz dola-dola... İçimizdəki ayrılıqlara baş əyərək. Nə tez bir il oldu? O möhtəşəm, həyəcanlı, azadlıq nəşəli, şəhid ağrılı o payız günlərindən. Onsuz da son vaxtlar illər tez keçir. Saatı saatın, günü günün, həftəni həftənin, ayı ayın, ili ilin ucuna düyünləyərək yel qanadlı atın belində ötüb keçirik gözlərimizdən... 2020-ci ilin qırx dörd günü işıq sürətiylə bizi yeni bir eraya apardı.

Bu gün onların anım günüdür... Yox, yox, doğum günləridir. Canı, qanı torpaq, bələyi bayraq olan oğullar... Nur üzlərinə layla əvəzinə vətən himni oxunan igidlər. Bizi biz edib bizdən gedən, bizə qayıdan Tanrı mələkləri... Ölümləri ilə bizi öldürüb, yenidən dirilənlərim... Yaqub peyğəmbərlə oğlu Yusifin görüşü oldu sizin vətənlə qovuşmağınız, bizi vətənə qovuşdurmağınız. Düz otuz il çəkdi... Həsrət çəkdik, vətən, yurd həsrətinə bükülüb torpağa dönənlər çox oldu, agrılı-acılı illər uzun çəksə də, sonu aydınlıq oldu. İndi dizin-dizin sürünüb qan qoxulu, şəhid yuxulu torpağı öpənlər “torpağa qurbanım var” demişdi. Siz irəli düşdünüz. Çəkinmədən, göz qırpmadan, düşünmədən, bəlkə də elə arxada buraxdıqlarınızı düşünərək əzalarınızı, cisminizi, ruhunuzu, arzularınızı qurban verdiniz qaraca torpağa...

Üç min şəhidimin şəhadətindən- yenidən doğulmasından “Qırx dörd gün” adlı tarix danışır indi. Çox qəribə, “heyrət!” dedirdəcək bir tarixdi. İlk günü anım, hüzn, hər günü, hər saatı həyəcanla, qürurla yazılan tarix, son günü qələbə, sevinc...   

Ölümsüzlük

Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq!
Vətən daşın xəzinətək varlığıyla ovuclamaq!
Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!
Şəhid olmaq-bir arzuya çatmaq üçün,
Min arzunun yollarını açmaq üçün,
Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!
Kim sevəcək bu Vətəni, biz sevməsək?
Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?
Şəhid olmaq xəyanətə dözümsüzlük,
Şəhid olmaq-mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!
Şəhid olmaq ölmək deyil,
Dünya boyda ölümsüzlük!

 

Zəfər payız

Mən sevirəm payız səni...

Vətən kimi, əsgər kimi, bayraq kimi...

Müjdə verdin əsir olan torpağımdan.

Dedin, daha əsir deyil,

Dedin, daha azad olub vandallardan,

Qurtarıbdı əsgərlərim ürəyimi qandallardan.

 

Mən sevirəm payız səni...

Əsgərimin yaşıl-sarı paltarısan,

Neçə vaxtdı başsız qalan bağlarımda

Əkilməmiş ağacımın dərilməmiş nübarısan... 

Əsgər oğul səngərində

Hər an vuran ürəklərin qubarısan, qızıl payız...

 

Mən sevirəm payız səni...

Əllərimin tumarına uzaq qalan torpaq kimi,

Otuz ildi qalaq-qalaq həsrət qoxan yarpaq kimi...

İsti-ilıq şüaların qoy isitsin daşa yatan, silah tutan

Mərd balamın əllərindən.

Qələbənin ətri gəlir

Yarpaq-yarpaq, xəzan-xəzan çöllərindən...

 

Mən sevirəm payız səni...

Oğlum payız, qızım payız,

Möhtəşəmsən, qızıl payız...

Poladların qıy səsini,

Düşmənimin məğlub olan “vay” səsini

Qızıl-sarı rənglərində gətirdin sən...

Şuşa dolu, Laçın dolu ətirsən sən...

Namərdlərin yazdığını poza-poza,

Yeni tarix, yeni era, yeni əsr yaza-yaza,

tələsirəm...

Mərd, mübariz oğulların addımını öpə-öpə

Qarabağın qalasına,

Cıdır düzün bağrı qara lalasına,

Xarıbülbül havasına,

Meşəsinə, dağlarına, talasına mən edirəm səfər, payız!

Qarabağdan yol çəkmişəm sinən üstə,

Bu günümlə öyünərək ad qoymuşam- ZƏFƏR- payız!

 

Mən sevirəm payız səni...

Gün bu gündü, vaxt bu vaxtdı!

İllərimdən il ayırdım,

Günlərindən gün ayırdım,

Güllərindən gül ayırdım,

Tellərimdən tel ayırdım,

Çəkdim düşmən gələn yola çəpər, payız!

Yazdım sərhəd dirəyinə “Zəfər payız”...

Bayrağımın rənglərini həzin-həzin öpər payız!

 

Bilirsən ki, adın çoxdu ürəyimdə-

Qızıl payız, şair payız, sevgi payız...

Bu il sənə Tanrı verdi vergi, payız!

Sən yuxumu çin elədin,

İgid-igid oğulların od püskürən ürəyiylə,

Düşməninə silah çəkən o müqəddəs əlləriylə

Bir arzumu min elədin mərd, ər payız!

Qoy ən gözəl adın olsun qələbələr müjdəçisi,

Zəfər səsli-Zəfər  payız!                                               

 

Ata vəsiyyəti, oğul sözü

Sən güclü dövlətimin Qalib Sərkərdəsisən!

İnandırdın özünə bu dünyanı, bizi SƏN!

 

Geyib əsgər paltarın yola düşdün bir səhər,

İçində həyəcan var, boğazında bir qəhər.

 

Gözündəki yaş nədir, Ali Baş Komandanım!

Müqəddəs Fəxri məkan, Xiyabandır ünvanın.

 

Gəlib Ulu Öndərin abidəsi önünə.

Baş əyib, salam verdin, dik baxdın gözlərinə.

 

Dodağında sevincdən doğan ilıq təbəssüm.

Qürur dolu sinəndə dilə gəlir xoş sözün:

 

- ATA, vəsiyyətini yetirmişəm yerinə.

Otuz ilin həsrəti yenildi qırx dörd günə.

 

Gətirmişəm mən sənə şanlı Zəfər xəbərin,

Almışam yağılardan yurdun vuran ürəyin!

 

Axı sən demiş idin, hər şeyin öz vaxtı var.

Qarabağda ordumun qurulacaq taxtı var.

 

Zamanla ordumuzu biz müzəffər eylədik.

Son sözü həm savaşda, həm masada söylədik.

 

İgid –igid oğllar dəmir yumruğa döndü.

Bir ölüb, min dirildi, düşməni oda gömdü.

 

Gözlərin aydın olsun, ruhun şad olsun, ATA!

Qarabağı yenidən biz qaytardıq həyata.

 

Vətənin dar günündə dostlar bizimlə oldu,

Nə iş gördüm, ay ATA, Sənin izinlə oldu.

 

Qırx dörd gündə tanındı həm doğmamız, yadımız.

Tarixə imza atdıq, yenilməzdir adımız!

 

Zəfər günü paradda "Qalib Bizik!" oxuduq,

Qürurla öyünməyə səbəbimiz çoxudu.

 

Narahat ruhlarımız dərindən nəfəs aldı,

Şükür! Azərbaycanım Böyük Qələbə çaldı.

 

Əsgərlər yallı gedir doğma Cıdır düzündə,

Sevinc yaşları doğur xalqımızın üzündə.

 

Rahat yatsın şəhidlər, qisasları alındı,

Adlarına ürəkdə əbədi yer salındı.

 

Şəhidlərin qanıyla bütövləşdi yurdumuz,

Aslan kimi dağlarda adın yazdı Ordumuz!

 

Atdıq torpağımızdan qansoranı, illəti,

Qabaqda böyük işlər gözləyir bu milləti.

 

Oğuz yurdu, Türk yurdu Azərbaycan var olsun!

Qarabağ Azərbaycandır! -nidası şüar olsun!

 

Bu bir oğul sözüydü, göyərdib bitirdim mən!

Ata vəsiyyətini yerinə yetirdim mən!

 

Mənim ATAM, ÖNDƏRİM, ruhuna salam olsun!

Öyüdün, vəsiyyətin qəlbimdə qalam olsun!

                                                                                           

******


Şəhid Xansu Qurbanovun əziz xatirəsinə ...

Cənnətdəki ilk doğum günün- 21 yaşın mübarək, Şəhidim!

 

Görüşünə gəlmişəm,

Otağında Xan şəhid.

Su olub gozlərimi

Yandırıb, yaxan şəhid.

 

Şuşaya qonaq gedən,

Şuşanı azad edən,

Sən ruhu uçmuş bədən,

Mən ruhsuz bir can, şəhid.

 

Ananın bir çırağı,

Qeyrət oldu yarağın,

Şəhiddir solun, sağın,

Günəş doğur dan, şəhid.

 

Qarabağa can dedin,

Düşmənə divan dedin,

Gülüşünü, sözünü

Vətənə qurban, şəhid.

 

Sən mənim qürur yerim,

Ürəkdə vurur yerin,

Torpaq sevgin nə dərin,

Qisası coşan şəhid.

 

Ocağım, pirim, qalam,

Rahat yat, mənim balam,

Anasına söz verib,

Sözünü tutan şəhid...

 

Cənnətdəki ad günün,

Vətəndə azad günün,

Zəfər günün, şad günün

Mübarək olan şəhid...

 

23.09.2021

Təranə Arifqızı

Naxçıvan radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: