Şəhid olduğu yüksəkliyə soyadı verilən şəhid kapitan Elməddin Meydanov - VİDEO
Şəhidlik ən uca zirvədir. Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu yüksək ada layiq olmaq hər kəsə qismət olmur. Vətən müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də şəhid olduğu yüksəkliyə soyadı verilən şəhid kapitan Elməddin Meydanovdur.
44 günlük şanlı Vətən müharibəsi bizi arzumuza çatdırdı, doğma Qarabağımıza qovuşdurdu. Bu qayıdışın təmin edilməsi yolunda canından keçən qəhrəman övladlardan biri kimi şəhid kapitan Elməddin Meydanov da Vətən savaşının cəsur döyüşçülərindən olub. Elməddin 11 sentyabr 1989-cu ildə Şərur rayonunun Vərməziyar kəndində anadan olub. Uşaq yaşlarından hərb sənətinə olan sevgisi qəhrəmanımızın yolunu Heydər Əliyev adına Hərbi Liseydən saldı. 2007-ci ildə həmin liseyi əlaçı kursant olaraq qırmızı diplomla bitirdi. Həmin il təhsil illərində əldə etdiyi nailiyyətlərə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən mükafatlandırılıb. Daha sonra Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirdi. 2011-ci ildə leytenant olaraq Cəlilabadın Göytəpə qəsəbəsində N saylı hərbi hissədə başlayan xidməti rayonun ayrı-ayrı zastavalarında baş leytenant, zastava rəisi, kapitan olaraq davam etdi. İstər kursant, istər tələbəlik illərində, istərsə də xidməti dövründə nümunəvi hərbi qulluqçu kimi seçilən Elməddin Meydanov hər zaman valideynləri və sevdikləri üçün qürur mənbəyi olub.
Elməddin Füzuli, Zəngilan rayonları istiqamətlərində gedən döyüşlərdə əsgərləri ilə çiyin-çiyinə igidlik və rəşadətlə döyüşüb, bir sıra kəndlərin, yüksəkliklərin azad edilməsində, düşmənin canlı qüvvəsinin, texnikalarının məhv edilməsində və ələ keçirilməsində şücaət göstərib. Strateji əhəmiyyətli Ağbənd qəsəbəsinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla iştirak edib. Eyni anda iki övladı Vətən müharibəsində döyüşlərin fəal iştirakçısı, bir övladı şəhid, bir övladı qazi olan ananın üzündəki qüruru sezmək, danışarkən necə fəxarətlə fikirlərini ifadə etməsi Qələbəmizdəki böyük pay sahibinin həm də Sünbül ana kimi məğrur xanımlarımızın olduğunu anladır.
Layiqli övlad olmaqla yanaşı həm də övladlarına, həyat yoldaşına qarşı diqqətcilliyi ilə seçilən Elməddin ailə başçısı kimi də nümunəviliyi ilə seçilib. Əli və Yusif adlı iki övladı yadigar qalan qəhrəmanımızın arzuları, övladlarına sevgisi göndərdiyi səs yazılarında da yaşayır.
İyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olundu. Şəhid Elməddin Meydanovun da ailəsi üçün Şərur şəhərində yeni istifadəyə verilən mənzilin açarları Ali Məclisinin Sədri tərəfindən verildi. İndi bu evdə şəhidimizin məğrur həyat yoldaşı və atalarının yollarını davam etdirəcəklərini deyən övladları böyüyür.
Elməddin Meydanov Zəngilan rayonunun Vejnəli kəndi istiqamətində azğın düşmənlə son damla qanınadək mübarizə apararaq şəhid olub, şəhadətə yüksəldiyi zirvəyə onun soyadını veriblər. İndi həmin zirvə “Meydanov zirvəsi” adlanır. Şəhidimizin qardaşı Saleh Hatəmov da Naxçıvan şəhərindən Xüsusi Təyinatlı bölmənin tərkibində döyüşə yollanmışdı. Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə, düşmənin canlı qüvvəsinin məhv edilməsində mərdliklə iştirak edib, sağ çiynindən qəlpə yarası alıb, hazırda xidmətini davam etdirir.
Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilən kapitan Elməddin Meydanov, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçən digər şəhidlərimiz daim qəlbimizdə, tariximizdə yaşayacaq, qürurla xatırlanacaqlar.
Yaqub İsayev