Vətən müharibəsinin ilk həkim şəhidi- Turqut Xəlilbəyli - FOTOLAR

A- A A+

“44 günlük Vətən müharibəsinin Şərur şəhidləri” kitabını vərəqləyəndə ağ xalatlı, gülərüz bir həkimin obrazı da gözümdən yayınmadı. O şanlı müharibədə 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən şəhidlik məqamına ucaldı. O isə haqq savaşımızın ilk şəhid həkimi oldu. Qəhrəmanlığı ilə dastan yazdı tibb xidməti leytenantı Turqut Xəlilbəyli. Onun qəhrəmanlığı digərlərindən fərqli oldu. Turqut əlinə silah almadan müsəlləh əsgəri oldu bu Vətənin...

1993-cü il isti bir yay günündə Şərur rayonunun Yengicə kəndində bir oğul dünyaya göz açdı. Turqut Xəlilbəyli Hüseynovlar ailəsinin ilk göz ağrısı, Xəlil kişinin ilk oğul nəvəsi oldu. O sakit təbiətli, istiqanlı uşaq, vətən, torpaq sevgisi ilə böyüdü. İlk təhsilini  6-cı sinfə kimi Yengicə kənd tam orta məktəbində əla qiymətlərlə oxudu. 2011-ci ildə yüksək balla ATU-nun tələbəsi adını qazandı, hərbi həkim peşəsini seçdi. Çünki uşaqlıqdan hərbçi olmaq idi Turqutun arzusu. Anası isə onu ağ xalatlı həkim görmək istəmişdi. Beləcə Turqut nə özünün, nə də anasının arzusunu gözündə qoydu. Bu yolda onun idealı, ən böyük dəstəkçisi isə yaxın qohumu, ehtiyatda olan tibb xidməti polkovnik –leytenantı  Çingiz Məmmədov oldu.

ATU-nun tələbəsi olduğu illər ərzində Turqut gecə-gündüz oxudu, savadlı bir həkim olmaq üçün çalışdı. Turqut 2018-ci ildə ali tibb təhsilini bitirib Beyləqan rayonunda hərbi həkim kimi ağ xalatı əyninə geyinib işinə başlayanda Almaz xanım da oğlunun yanında idi. Turqutu həkim libasında görən ananın  sevinci, qüruru yerə-göyə sığmadı. Çalışdığı üç il ərzində hər ay maaşından kasıb ailələrə, kimsəsiz uşaqlara köməklik etdi.   

Bir payız günündə Qarabağı azad etmək uğrunda Vətən müharibəsi başladı. Onda Turqutu döyüş bölgəsinə aparmaq yox, Beyləqan hospitalında saxlamaq istəyirlər. Turqut “yaralı bura gəlib çatana kimi yolda dünyasını dəyişə bilər. Mən onlara orda lazımam” deyib ön cəbhəyə getmək istədiyini bildirdi. Bununla da uşaqlıq arzusuna çatan Azərbaycan Silahlı Qüvvələrinin gənc zabiti böyük ürəklə ön cəbhəyə getdi. Turqut hərb sənətini elə sevdi ki, bəzən bir həkim olduğunu belə unutdu. O, həkim kimi arxa cəbhədə qala bilərdi. Ancaq  vətən,  peşə sevgisi onu ön cəbhəyə apardı. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə Turqut həm döyüşür, həm də yaralı əsgərləri xilas edir, vətənpərvərliyi, humanistliyi ilə onlara ürək-dirək verir. Deyilənə görə, döyüşlər zamanı 100-dən çox hərbçimizin həyatını xilas edən qəhrəman həkim döyüş bölgəsindən daha çox yaralını çıxarmaq üçün əyninə qoruyucu jilet belə geyinmirdi. Döyüş yoldaşları deyirlər ki, bəzən olurdu, Turqut hər iki çiynində yaralı, şəhid daşıyırdı.  İmkan vermirdi, döyüş bölgəsində  şəhid və ya yaralı qalsın.  

Turqut bütün şəkillərdə gülür, hətta anasının yuxularında da... Gülüş bir insana bu qədərmi yaraşar?! Bu şəkillərə baxanda Turqutun yarımçıq qalmış ömür payına təəssüflənirəm, digər tərəfdən də qürur hissi keçirirəm ki, 30 illik  vətən həsrətimizə belə oğullar son qoydu. O gülərkən yalnız üzü yox, gözləri də gülərdi. “Təkcə hərbi vəsiqəsindəki şəklində ciddi dayanırdı”, -deyir anası Almaz xanım.

“Mənə bildirmirdi döyüş bölgəsində olmağını. Hər gün iki dəfə - səhər, axşam zəng vururdu. Oktyabrın 7-si saat 12-nin yarısı idi, zəng vurdu. Axşam gözüm qaldı telefonda.  Saat 8 və ya 9 olardı, onun şəhidliyi xəbəri gəldi. Bayrağını göndərdi mənə.  Elə bil bilirdi şəhidlik zirvəsinə ucalacağını. Deyirdi, ana, Bakının elə bir yerində özümə ev alacağam ki, nəinki mənim dostlarım, bütün Azərbaycan  tanıyacaq evimi. Səni hər yerdə tanıdacağam, mənimlə fəxr edəcəksən. Evi də II Fəxri xiyaban oldu. Şəhid olandan sonra evimizə çox adamlar gəldi. Turqutun qəhrəmanlığından danışdılar. Qismət belə imiş, Vətən sağ olsun.  Oğul da vətən üçündür”. 

Atalar analardan daha dözümlüdürlər, deyirlər hər zaman. O, mənim tanıdığım ən güclü şəhid atasıdır deyə bilərəm. Bu günə qədər bir çox şəhid ailələri ilə ünsiyyətdə olmuşam.  Etiraf edim ki, tanıdığım şəhid ataları şəhid övladlarından danışanda çətinlik çəkir, göz yaşlarını gizlədə bilmirlər. Amma Nadir kişi elə deyil. Eləcə məğrur, qürurla danışır oğlundan. Turqutu xatırlayarkən hərdən simasına təbəssüm, hərdən də fəxr hissləri qonur. Onun məğrur və qürurlu duruşu əsl vətənpərvərlik nümunəsidir.

“Turqutdan danışsam, gərək onun yaşadığı ömür qədər bir zamanım ola. Ağıllı, istiqanlı, həyat dolu bir uşaq idi. Üzündən təbəssüm əskik olmurdu. Dost olmuşuq biz. Hər sirrini, sözünü mənə danışırdı. Həm insan kimi, həm dost kimi, həm oğul kimi əvəzi olmayan biri idi Turqut.  Şəhid olmamışdan 2 gün qabaq getmişdim yanına. Oktyabrın 4-ü, Cəbrayıl azad olunan gün idi.  Biz   həkimlərlə cəbhə bölgəsinə yardım aparmışdıq. Mən sürücü kimi getmişdim. Həmin vaxtı Horadiz hospitalına gəlmişdi. Orda görüşdük. Yoldaşlarından mənə dedilər ki, oğlunuza deyin, əyninə qoruyucu jilet geysin. Gülə-gülə dedi –“ata, jiletsiz daha çox yaralını xilas edə bilirəm”.   Dedim darıxmırsan? Güldü, dedi –“darıxdım, qorxdum, o nə deməli şeydi? Anam məni böyüdüb ki, burada biz olaq. Burada olmaq mənim üçün böyük şərəfdir. Ata, məndən nigaran qalmayın, bir yaralımızın belə ölməyinə imkan verməyəcəyəm. İnşallah, Qarabağ alınandan sonra görüşəcəyik. Şəhid olsam da, narahat olmayın, ağlamayın”.  

Oğlu ilə son görüşünü belə xatırlayan ata ardınca Turqutun döyüş yoldaşlarının onun haqqında dediklərini dilə gətirir:

“Turqut  sonrakı döyüşlərdə yenə həyatını təhlükəyə atıb yaralı döyüşçüləri çıxarıb. Son xidməti vəzifəsini yerinə yetirən zaman göydən mərmi yağışı yağıb. Həmin ərəfədə yaralılardan kimsə kömək istəyib. Yoldaşları deyib, bir-iki dəqiqə gözlə,  qoy  minomyot  atışı dayansın, sonra gedib çıxardarsan. Deyib, yox, mən getməliyəm. O ölürsə, mən də ölməliyəm. Həmin adamı çıxardan zaman minomyot düşüb yanlarına. Ağır yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, şəhid olub. Turqut şəhid olanda tabutunu açmağa bizə icazə verdilər. Amma mən buna ürək etmədim. İstədim ki, oğlum son dəfə gördüyüm kimi yaddaşımda qalsın”.  

Bütün şəhidləri öz balası bilən Nadir Hüseynov  özü də 90-cı illərdə Sədərək döyüşləri zamanı  könüllü vuruşub. Belə bir atanın oğlu da qəhrəman olmalı idi. Nadir dayı deyir ki, Turqutun dəfnində tanımadığı çox insanlar ona minnətdarlıq etdilər. Bu o insanlar idi ki, Turqut onların övladlarına  həyat vermişdi. 

Turqutun ölümdən xilas etdiyi sürücüsü Ağakişi Möhsümov da bu gün sağdır. Həyatını isə  o qəhrəman həkimə borcludur:

“Biz Turqutla 27  sentyabrda tanış olduq. Turqut həddən artıq zarafatcıl, gülərüz və cəsur oğlan idi. İlk tanışlığımızda hətta o əllərini çiynimə qoyaraq mənə  təxəllüs qoydu - “Rüzgar”. Hansı ki, mən bu adı ömrümün sonuna kimi daşıyacağam.Turqut qısa müddətdə mənim ən yaxın dostum və silahdaşım oldu.  Biz döyüşə Füzuli və Cəbrayıl istiqamətindən başlamışdıq. Döyüşlərin qızğın vaxtında o döyüş meydanına atılır, yaralı və şəhidlərimizi çıxarırdı. Bir dəfə Turqutla döyüşdən yaralı çıxararkən səhvən alınmamış erməni postuna girdik. Mən ondan on metr qabaqda gedirdim. Həmişə o deyirdi ki, “Rüzgar, ehtiyatlı ol, minalar var, minaya düşərsən”. Özünü yox, yoldaşlarını, silahdaşlarını fikirləşirdi. Biz posta girəndə özünü ölülüyə vurmuş düşməni gördük. Sən demə, bizi əsir götürmək üçün ölü vəziyyətində uzanıbmış. Mən onu təpiklə vurub üstündən keçdim. İki metr aralanmışdım ki, başıma  silah dayandığını hiss etdim, əvvəlcə Turqut olduğunu zənn etdim. Erməni əsgəri mənə pıçıltı ilə “irəli get və səsini çıxarma” dedi. Mən artıq donub qalmışdım. Nə gizlədim, həm də çox qorxdum. Bir az getmişdim ki, arxadan zərbə səsini eşitdim  və silahın başımdan çəkildiyini hiss etdim. Arxaya dönüb baxanda gördüm ki, Turqut çığırır: “Rüzgar, kömək et, kömək et, öldürək”. O, silahın süngüsünü  erməni əsgərinin boynuna sancmışdı. İlk dəfə Turqut məni o vaxt xilas etdi. Cəbrayıl istiqamətində gedən döyüşlərdə mən və bir neçə əsgər minomyot qəlpəsindən yaralandıq. Turqut yenə də canını təhlükəyə ataraq bizə yardım göstərmək üçün gəldi. Mənə sarğı çıxarıb verdi ki, ayağımı bağlayım. Özü isə digər yaralılara tərəf qaçdı. Həmin an göydən dron səsi eşitdik. Mən qaçmaq istədim. Amma yaralarım buna imkan vermədi. Artıq bir neçə saniyədən sonra öləcəyimi  gözləyirdim. Bir anda hiss etdim ki, kimsə məni möhkəm itələyib qırağa atdı. Ayılanda Turqutun mənə görə özünü ölümə atdığını gördüm. Turqut mənə və digər iki yaralı əsgərə görə həyatını qurban verdi. Yaralı əsgərləri xilas etmək üçün özünü onların üzərinə atıb.  Həmin əsgərlər də mənim kimi sağdırlar.  Xəlilbəyli Turqutun sayəsində yaşayırıq”.

“Mən səngər həkimiyəm” deyən Turqut Xəlilbəyli elə səngərdə şəhid oldu.  Hər zaman həyat qurtaran Vətən müharibəsinin ilk həkim şəhidi bu dəfə həyatını döyüş yoldaşlarına, vətənə bağışladı. Ən uca zirvələrə yüksəldi. Onu bu zirvəyə yüksəldən isə uşaqlıq arzusu idi. Doğmaları düşünür ki, o an bəlkə də əynində qoruyucu jileti olsa idi, Turqutu ölümdən xilas edərdi. Amma yox, o, yuxusunda da görmüşdü şəhid olacağını.

44 günlük Vətən müharibəsinin iki gülər siması oldu. Xudayar Yusifzadə və Turqut Xəlilbəyli. Biri sərhədçi, biri həkim. “Polad səngər generalıdırsa, mən də səngər həkimiyəm” deyən Turqut Xəlilbəyli qəhrəmanlığı və məqamı ilə səngər generalımız Polad Həşimovun davamçısı oldu. O, yaddaşlarda qəhrəman bir həkim  kimi  qaldı.   

Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpa edilməsi zamanı fədakarlıq və rəşadət göstərərək, vəzifə borcunu ləyaqət və vicdanla yerinə yetirdiyinə görə Xəlilbəyli Turqut Nadir oğlu prezidentin müvafiq sərəncamları ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. 

İndi Turqutun ailəsi Bakıda yaşayır. Həyat yenə öz axarında davam edir. Nadir dayı hər səhər işinə gedir, axşam evinə qayıdır. Almaz xanım hər gün ev işləri ilə məşğuldur. Üzləri hərdən gülsə də, qəlblərində bir oğul itkisinin yarası qaysaq bağlamır. Ancaq hər zaman fəxrlə deyirlər. –“Biz oğul böyütmüşdük Vətən üçün”. 

Turqut sonuncu dəfə Cəbrayılda gedən döyüşlərdə yaralıları döyüş zonasından çıxaran zaman dostlarına “mən şəhid olsam, narahat olmayın, sadəcə unutmayın məni”  deyibmiş.

Vətənin qəhrəman həkimi, sən heç zaman unudulmayacaqsan. Çünki vətən üçün, torpaq üçün ölənlər unudulmaz. Bakının ən gözəl yerində (II Fəxri xiyabanda) özünə “ev aldın”, elə bir ev ki, hamı o evi tanıdı. Bu gün yenə əbədi ünvanına, səcdəgahına minlər, milyonlar gəldi. Anan Almaz xanımı hamı, bütün Azərbaycan tanıdı! Bir ana üçün bundan böyük qürur ola bilməz.

27 sentyabr 2020-ci il. Böyük zəfərə getdiyimiz yolun başlandığı gün. Bir il nə tez ötdü.  Bu gün xalqımız fəxr və qürur hissi ilə şəhidlərini anır. Minlərlə igidimizin ruhuna dualar oxunur, namazlar qılınır. O igidlərin sırasında ağ xalatlı bir həkim, gülərüzlü  Turqut da var.

Vətən müharibəsində onlarla can qurtarıb, öz canını torpağına, əsgərə fəda edən, ömrü 27 yaşında tamamlanan qəhrəman həkimin vaxtilə təhsil aldığı ATU –nun kitabxanası onun adını daşıyır. Turqut Xəlilbəyli adına küçə, gəmi, bir də bir bulaq var.  O bulağın suyu hər zaman çağlayacaq. O sudan içənlər isə Turqut kimi qəhrəman olacaqlar!

                                                                                    Türkanə Əmoyeva

                                                                                    “NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: