“Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələr tam zərərsizləşdirilməyib. Bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var”.
NUHÇIXAN-ın məlumatına görə, bunu baş nazir Nikol Paşinyan İrəvanın mərkəzi meydanında təşkil olunan mitinqdə deyib. Onun sözlərinə görə, Ermənistanı uzun müddətdə talayan quldur dəstə parlamentdən tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər. Paşinyanın səsləndirdiyi fikirləri şərh edən erməni ekspertlər bildirirlər ki, siyasi mübarizənin dərinləşməsi Ermənistanın məhvinə səbəb olacaq. Onsuz da ölkədə ağır iqtisadi vəziyyət hökm sürür. Hökumət postu uğrunda çəkişmələr isə daha ciddi problemlərə yol açır. Parlamentdə çoxluğun “Respublikaçılar”da olması Paşinyanı narahat edir. Bu səbəbdən çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, eks-prezident Robert Köçəryanın həbsdən çıxması daşnakların və respublikaçıların fəallaşmasına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir. Robert Koçaryanın evində və ofisində axtarış aparılması göstərir ki, Paşinyanın geri addım atmağa fikri yoxdur. Ermənistan Baş Prokurorluğu Köçəryanın həbsdən azad olunması ilə bağlı Apellyasiya Məhkəməsinin çıxardığı qərardan kassasiya şikayəti verib. Əgər kassasiya şikayəti təmin edilərsə, sabiq prezident yenidən həbs olunacaq. Köçəryanın vəkili Ayk Alumyan 2008-ci ilin 1 mart hadisələri zamanı zərərçəkənləri inandırmağa çalışıb ki, sabiq prezidentin həmin terrorla heç bir əlaqəsi yoxdur. Guya istintaq Robert Köçəryana qarşı dəlil tapa bilməyib. İstintaq xidməti Ovik Abramyanla bağlı araşdırmaları da davam etdirilir. Sabiq baş nazirin qardaşından sonra sürücüsü Ambik Gevorkyana qarşı ittiham irəli sürülüb. O, qanunsuz odlu silah saxlamaqda günahlandırılaraq həbs olunub. Ambik Gevorkyan, həmçinin, 2008-ci il 1 mart terrorunda iştirakda şübhəli bilinir. Onun evində axtarışlar zamanı 3 zirehli texnika, 7 snayper, 2 tapança və çoxlu sayda sursat aşkar edilərək götürülüb. Xatırladaq ki, bundan əvvəl Ovik Abramyanın qardaşı, keçmiş millət vəkili Henrix Abramyan qanunsuz silah saxlamaq ittihamı ilə saxlanılıb.