Doğum günündə özünə şəhidlik məqamını bəxş edən şəhid Elvin Məmmədov - VİDEO
Şanlı Zəfər tariximizdə onun da adı var, 23 yaşlı Elvin Məmmədovun. Məmmədovlar ailəsinin sonbeşiyi olan Elvindən böyük olan iki qardaşı da hərbçidi. Baş leytenant Zaur Məmmədov və çavuş Seyfullah Məmmədov hal-hazırda vətənə hərbi xidmətlərini davam etdirirlər. Şəhidlik məqamı isə Elvinə nəsib oldu. O da son damla qanına qədər vuruşaraq, zabit kimi Vətənə son borcunu yerinə yetirib. 2020-ci il oktyabr ayının 1-də öz doğum günündə şəhadətə yüksəlib.
Onun həyat hekayəsi 1997-ci il oktyabrın 1-i, bir payız səhərində Babək rayonunun Nəzərabad kəndində başlamışdı. Qara gözləri ilə hər kəsi salamlayaraq Məmmədovlar ailəsini sevincə qərq etmişdi. İllər ötür, zaman öz axarında keçir və balaca Elvin böyüyür. “Mən hərbçi olacağam” təkidilə üz tutur Heydər Əliyev adına Hərbi Liseyə. Ardınca isə Ali Hərbi Akademiyanı müvəffəqiyyətlə başa vuraraq, arzusunda olduğu hərbçi peşəsinə yiyələnir. Bu peşə o yolu seçənlərdən səbr, dözüm, məsuliyyət tələb edir. Ən başlıcası isə canını Vətən üçün gözünü belə qırpmadan fəda etməyə hazır olmalısan. Bütün bunların hamısı Elvində var idi. Üstəlik o, ailəsinə bağlı, mehriban, gülərüz, heç kimin qəlbinə dəyməyən biri kimi yaddaşlara köçüb.
2020-ci il oktyabrın 1-i. Yenə bir payız günü idi. Amma bu dəfə həmin payız ordumuzun günü idi. Rütbəsindən asılı olmayaraq, hər kəs cəbhədə haqqımız olanı almaq üçün savaşırdı. Onların içində doğum gününü ilk dəfə Qarabağ torpaqlarında qeyd edən Elvin Məmmədov da var idi. Elvin müharibənin ilk günlərindən döyüşlərə qatılır. Hələ gənc leytenant olmasına baxmayaraq, Füzulinin, Cəbrayılın azadlığı uğrunda döyüşür. Qəfildən açılan atəş onu doğulduğu gündə şəhidliyə ucaldır.
Sonuncu dəfə zabit formasında ata ocağından çıxan Elvin oktyabrın 6-sı hərbçi yoldaşlarının çiynində başıuca qayıtdı.
Hərbi xidməti zamanı və şəhadətə yetdikdən sonra layiq görüldüyü “Azərbaycan Ordusunun 100 illik yubiley medalı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları bəzəyəcəkdi onun zabit formasını. Amma indi uğrunda qan töküb can verdiyi üçrəngli Vətən bayrağı onun məzarını, sinəsini bəzəyir. Sənin həm doğum günün, həm şəhadətin, həm də sənin şəhadətindən doğulan bütövlüyümüz mübarək, şəhidim!
Elnurə Tahir