Naxçıvanşünaslıq Mərkəzində “Araz-Türk Respublikası” mövzusunda tədbir keçirilib

A- A A+

XX əsrin əvvəllərində çox mürəkkəb ictimai-siyasi şəraitdə Naxçıvan əhalisinin təşəbbüsü ilə 1918-ci ilin noyabr ayında Araz-Türk Respublikası yaranması Naxçıvanın muxtariyyət statusuna atılmış tarixi addım idi.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu keçirilən tədbirdə Mərkəzin elmi katibi Nihad Tarverdiyev  deyib. Qeyd edilib ki, Araz-Türk Respublikasının hüdudları Naxçıvan, Şərur-Dərələyəz qəzalarını, Ordubad mahalını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və digər əraziləri əhatə edirdi. Araz-Türk Respublikası silahlı qüvvələrin köməyilə Ermənistan daşnak hökumətinin Naxçıvanı özünə birləşdirmək istəklərinin qarşısı alınıb. 1918-ci ildə yaradılan Araz-Türk Respublikası 1919-cu ilin martında süquta uğrayıb.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, İnstitutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov vurğulayıb ki, Araz-Türk Respublikası Şimali Azərbaycan üçün çox gərgin bir dövrdə bölgənin ermənilərin əlinə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünü təmin etdi.

Sonra tədbir iştirakçıları Naxçıvanşünaslıq Mərkəzində yaradılan kitab sərgiləri ilə tanış olublar.

Qeyd edək ki, Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alaraq, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 24 sentyabr 2019-cu il tarixdə Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında Sərəncam imzalayıb. 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: