Fəsillər içərisində bir fəsil var. Bəzən kövrək, həssas, bəzən isə hirsli olur. Küləyi ilə əsib sovurub, ildırımlar ilə barmaq silkələsə də, ömrün xəzan çağını görəndə buludları ilə dolub-boşalır. Bu qarışıq duyğuları özündə birləşdirən payız bir az da insan ömrünü xatırladır. Günləri, ayları bir-birinin ardınca qovaraq böyüyən otlar, güllər, ağaclar bu fəsildə ömürlərinin xəzan çağını yaşayırlar, eynilə insanın yaşlanması ilə sahib olduğu bir çox qabiliyyətini itirməsi kimi.
Ömrümüzdən illər xəzan yarpaqları kimi bir-bir tökülərkən çoxumuz bunun fərqində olmuruq. İldırımlar kimi şaqqıldayıb gurlayanda bəzən neçə - neçə könülləri sındırırıq. Geriyə dönüb baxdıqda qırdığımız qəlbləri, itirdiyimiz dəyərləri görüb payız buludları kimi doluruq. Ağlayırıq saatlarla, günlərlə, amma unuduruq ki, yaz yağışlarından fərqli olaraq payız yağışlarının solmuş güllərə, tökülən xəzanlara heç bir faydası olmayacaqdır.
Həyətdə bir ağac görürəm, saralmış yarpaqları ömrün illəri kimi tökülür. Lakin üstündəki meyvələr budağını əyir. Sanki ömrünün xəzan çağında cəmiyyətə fayda verdiyi üçün çox sevinclidir. O anlayır ki, ömür ilin fəsilləri kimidir. Gəncliyimiz yaz fəsli, ahıllığımız payızdır. Payızın ardından qış ölümü gətirir. İstəyir ki, xatirələrdə gəncliyində yaşıl budaqlarının kölgəsi, ahıllığında meyvələrinin faydası ilə qalsın.
Pəncərəmdən seyr etdiyim bu payız mənzərəsi məni dərin düşüncələrə aparır. Həyat özü necə də böyük bir məktəbdir. Həm də öyrənməyi çox çətin olan bir məktəb. Unutmayın, görünənin hər zaman arxa planı vardır. Təəssüf ki, insanların çoxu bunun fərqində deyil. Ətrafımıza diqqətlə baxsaq, daha doğrusu görmək üçün, öyrənmək üçün baxsaq, çox şey görərik. Gəlin həyatda zamanın nə qədər dəyərli və geri qayıtmaz olduğunu anlayaraq yaşayaq. Ömrümüzə biçilən zamanda cəmiyyət üçün faydalı olaq ki, ömrün xəzan çağında, hər şey sona çatanda payız buludlarıtək dolub gözümüzdən peşmançılıq yaşları axıtmayaq.
Həyatımızı elə yaşayaq ki, xatirələrdə "qızıl payız" olaraq qalaq. Amma bu adı bizə xəzanımızın rənginə görə deyil, insani dəyərlərimizə, təmiz vicdanımıza və ən əsası isə dürüstlüyümüzə görə versinlər.
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universitetinin
"Jurnalistika" ixtisası üzrə III kurs tələbəsi