Milli Məclis şəhid adının əbədiləşdirilməsi, şəhid ailələrinə güzəştlər və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi ilə bağlı Qanunda dəyişikliklərlə bağlı qanun layihələrini birinci oxunuşda təsdiq edib. Dəyişikliklər uyğunlaşdırma xarakteri daşıyır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlarda dəyişikliklər barədə qanun layihəsi parlamentin payız sessiyasının ilk iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsinin beşinci abzası və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin altıncı hissəsi ləğv edilir.
Milli Məclis, həmçinin şəhid ailələrinə güzəştlərlə bağlı plenar iclasın gündəliyinə daxil edilən digər qanun layihəsini də birinci oxunuşda təsdiqləyib. Qanun layihəsinə əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 3-cü maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilir. Dəyişiklikdə sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidlərin ailə üzvlərinə üstünlük verilməsi öz əksini tapır.