“Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə yaradıcılıq müsabiqəsi keçiriləcək

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Şərq qapısı” qəzeti redaksiyası tərəfindən elan olunan müsabiqə 1 oktyabr-30 noyabr tarixlərini əhatə edəcək. Müsabiqənin keçirilməsində məqsəd muxtar respublikanın aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin 100 illik yubileyi ərəfəsində Naxçıvanın qədim mətbuat tarixini, “Şərq qapısı” qəzetində muxtar respublikanın sosial-iqtisadi inkişafının, turizm potensialının, ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlərin, tarixi-mədəni irsimizin, elm, təhsil və səhiyyə sistemlərinin inkişafı istiqamətində aparılan işlərin, eləcə də milli dəyərlərimizin təbliği, müstəqillik illərində Naxçıvanda media siyasəti və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində görülən işləri jurnalistlərin təqdimatında geniş oxucu kütləsinə çatdırmaqdan və bu sahədəki yaradıcılıq fəaliyyətinə dəstək verməkdən ibarətdir. Müsabiqədə iştirak muxtar respublikanın kütləvi informasiya vasitələrində çalışan şəxslər, eləcə də mətbuatla və teleradiolarla sıx əməkdaşlıq edən kənar müəlliflər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılar “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin birində dərc edilməli, yaxud “Nuhçıxan” İnformasiya Agentliyində və ya digər rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında yerləşdirilməli, teleradio materialları Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolarda yayımlanmalıdır. Hər jurnalist yalnız bir istiqamət üzrə müsabiqəyə material təqdim edə bilər. Müsabiqə materiallarında “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən yaradıcılıq müsabiqəsinə təqdim edilir” qeydi göstərilməlidir.

Müsabiqədə 6 qalib müəyyən edilir:

 I yer - bir nəfər (1000 manat)

II yer - iki nəfər (500 manat)

III yer - üç nəfər (300 manat)

Müsabiqə materialları 1 oktyabr 2021-ci il tarixdən 30 noyabr 2021-ci il tarixə qədər rəsmi iş günləri saat 10:00-dan 18:00-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı “Şərq qapısı” qəzetinin redaksiyasına şəxsən təqdim olunmalıdır.

Ünvan: Naxçıvan şəhəri, “Təbriz” küçəsi 14 “Şərq qapısı” qəzetinin redaksiyası

Əlaqə telefonu (036) 544-52-52

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: