Müqəddəs şəhid adınla qürur duyuram, Fərmin- şəhid Fərmin Əliyevin həyat yoldaşı yazır…

A- A A+

2019-cu ilin noyabr ayının 9-u Fərminlə ailə həyatı qurmuşduq. Toyumuzun bayraq gününə düşməsi təsadüf deyildi. Mənim qəhrəmanım bayrağa olan sevgisini toy həyətini, bəy stolunu, bəy maşınını üçrəngli bayraqlarla bəzəməklə göstərdi. Fərmin bayraq, Vətən sevdalısı idi. Yəqin ki, bu Vətəni, torpağı ailəsindən daha çox sevdi. Əslində, heç də təəccüblü hal deyil. Özünü dərk etməyə başlayan andan etibarən hərbi forma geyinmişdi, çiynində silah, qəlbində Azərbaycan boyda Vətən sevgisi ilə haqq yoluna çıxmışdı. 

Və o gün gəlib çatdı. Sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücum əməliyyatını yerinə yetirmək üçün toplaşan heyətə komandirinin göstərişi ilə həmlə kəşfiyyat taborunun ilk könüllü dəstəsinin yaradılması tapşırığı verildikdə irəli ilk addımı atan məhz Fərmin olmuşdu. Əlli nəfərlik dəstəyə Fərminin komandirlik etməsi tapşırılır. Döyüş yoldaşlarının sözlərinə görə, sentyabrın 29-da cəbhənin Tərtər istiqamətində qızğın döyüşlər gedirdi. Düşmənin bu istiqamətdə yaratdığı beton istehkam qurğularını yarmaq üçün hər qarışa qan tökmək lazım idi. Ordumuz bu çətinliklərə baxmayaraq, bir neçə yüksəkliyi ələ keçirir. Əsgərlər zirvəyə olunan həmlələrin və əlaqə yollarının vurulmaması üçün hərəkətə keçirlər. Onları atəş altında saxlayan düşmənin minaatan batareyası məhv edilir. Həmin gün baş verən döyüşlər zamanı Fərminin Vətən eşqi, torpaq sevgisi ilə alışıb yanan ürəyi nadan gülləsinə tuş gəlir. 

Şəhidlik xəbərini ilk eşitdiyim an ürəyimin sanki durduğunu hiss etdim. Yaşadığım ağrı bütün bədənimə ilan kimi sarılıb onu var gücü ilə sıxırdı. “Fərminsiz yaşaya bilməyəcəyəm”,– deyə düşündüm. Sanki o an yarım qalmış həyatımıza, arzularımıza, gələcəyimizə baxdım. Gənc yaşımda bu qədər yük çiyinlərimə ağır gəldi, Fərmin. Sən Vətən müharibəsinin ilk şəhidlərindən idin. Qələbə gününü, Şuşa qalasını, Qarabağ torpağını görmədən şəhadətə qovuşmuşdun. Bilirsən, ən çox da buna yandım. Bütün həyatını hərbiyə, Vətənə həsr edən birinin “Zəfər Günü”nü görməməsi mənə ağır gəldi.

Bir də övladımız... Oğlumuzun anadan olmasını necə səbirsizliklə gözləyirdik. Gələcəyinə dair planlar qurub, adını düşünmüşdük. Mən isə onun anadanolma sevincini səninlə bölüşə bilmədim. Bir il keçdi, Fərmin. Həmin gündən indiyə çox şey dəyişib. Mən indi daha güclüyəm, daha məğruram. Şəhid Fərmin Əliyevin həyat yoldaşı kimi başımı dik tutmuşam. Oğlumuz da böyüyür, tezliklə bir yaşını qeyd edəcəyik. İnanırsan, “ata” deməyə başlayıb. Gözünü açandan sənin haqqında eşidir, sənin şəkillərinə baxır. Qoy, səninlə qürur duysun, şəhid adınla, şəhid ucalığınla. Oğlumuz Fərman böyüyəndə qürurla “mən şəhid Fərmin Əliyevin oğluyam”,– deyəcək. Söz verirəm, mənim əzizim, Fərmanı sənin adına layiq övlad kimi böyüdəcəyəm.

Biraz da Qarabağdan danışım sənə. Qarabağ torpağını azad görmək ən böyük arzun idi. Rahat uyu, əzizim. Qarabağ azaddır. Silah yoldaşların sona qədər gedib düşmənin murdar ayaqlarını birdəfəlik kəsdi Qarabağdan. Şuşada azan oxunur, Xudafərin körpüsündə bayrağımız dalğalanır, Füzuli Beynəlxalq Hava Limanı hava gəmilərini qəbul edir, Zəngilanda və Laçında da hava limanları inşa olunur, Ağdam şəhəri təsdiq olunmuş baş plana əsasən başdan-başa yenidən qurulur. Bir sözlə, Qarabağa həyat qayıdır. İnşallah, tezliklə mən də oğlumuzun əlindən tutub tarix yazdığınız o torpaqlara gedəcəyəm. Göstərəcəyəm hər qarışını övladımıza. “Bax, bu torpaqlar atan kimi minlərlə şəhidin qanı bahasına azad olub”,– deyəcəyəm.
Nur içində yat, şəhidim. Qisasınız alındı. Vətənimizin ərazi bütövlüyü bərpa olundu. İndi güclü, bütöv Azərbaycanın vətəndaşlarıyıq. Artıq qarşımızda daha ülvi bir vəzifə var: sizin canınız bahasına aldığınız torpaqlarımızı güllük-gülüstanlığa çevirmək. Dövlətimiz də arxamızdadır. İndi gələcək planlarımız daha sağlamdır. Sizin əziz xatirəniz üçün, övladlarımız üçün əl-ələ verib yenidən quracağıq Vətən torpağını... 

    Fatimə Əliyeva 
şəhid Fərmin Əliyevin həyat yoldaşı
“Şərqin səhəri”qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: