Boymadərən haqqında nələri bilirik?

A- A A+

Qədim dövrlərin məşhur həkimlərindən Suşrutun, Hippokratın, Qalenin və orta əsrlərdə isə “təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın əsərlərində xalq təbabətində faydalı bitkilər, onlardan necə istifadə olunması qaydaları haqqında müəyyən məlumatlar var. Qədim Yunanıstanın məşhur həkimi Hippokrat xəstəliklərin müalicəsində istifadə edilən dərmanları sistemləşdirməklə yanaşı, öz müşahidələrinin əsasında xəstəliklərin müalicəsi zamanı xalq təbabətini də yüksək qiymətləndirərək “Xəstəliyi təbiət sağaldır, həkim isə ona kömək edir” şüarını irəli sürürdü. Məşhur yunan həkimi Qalen müxtəlif bitkilərdən dərman preparatları hazırlayaraq bir çox xəstəliklərin müalicəsində istifadə edib.

Dağları min bir dərdə dərman müxtəlif bitkilərlə zəngin olan ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda xalqımızın min illərdən bəri qoruyub yaşatdığı adət-ənənələrində, zərb-məsəllərində, rəvayətlərində də dərman bitkilərindən istifadə qaydaları haqqında məlumatlar öz əksini tapıb. Hətta, bu məlumatlar bir sıra yazılı mənbələrdə də qeyd olunub.

Xəstəliyi də, onun müalicə yollarını da təbiətin min bir dərdə dərman olan bitkilərində, sularında tapan insanlardan  bu ifadəni  tez-tez bu  eşitmişik: “Biz indiyə kimi dərman nədi bilməmişik.”

Soyuqdəymədə, mədə-bağırsaq, nəfəs yolları, qanazlığı, baş ağrıları kimi xəstəliklərdə insanlar məlhəm kimi təbii bitkiləri seçiblər. Sınıqların, çıxıqların müalicəsində təbii yollar axtaranda yenə dərman bitkilərinə üz tutublar.

Bu baxımdan Şahbuz rayonunun hər dağında, dərəsində, düzündə, yamacında min bir rəngdə açan güllərin, çiçəklərin, günəşə sarı boylanan bitkilərin əksəriyyəti xalq təbabətində dərman vasitəsi kimi istifadə olunur. Zəngin təbiəti olan rayonun bitki örtüyündən toplanan məhsullar hesabına burada hər il tonlarla dərman bitkiləri tədarük olunur. Tarixən bu qədim yurd yerinin əhalisi həmin bitkilərdən istifadə etməklə müxtəlif xəstəliklərdən qorunub, səhhəti pozulanlarsa şəfa tapıb.   Əbəs yerə demirlər ki,təbiətdə bütün xəstəliklərin şəfası var. Sadəcə, həmin bitkilərin, necə deyərlər, “dilini bilmək”, onlardan istifadə qaydalarını mənimsəmək lazımdır. Belə bitkilərdən biri də boymadərəndir.

Adi boymadərən çoxillik ot bitkisi olub, hündürlüyü 20-80 santimetrdir və bir qədər uzunsovdur. Ölkəmizdə ağ (bozumtul) və sarı boymadərən növlərinə daha çox rast gəlinsə də, tibbdə ağ (bozumtul) boymadərəndən istifadə edilir. Muxtar respublikanın əsasən aşağı və orta dağlıq ərazilərində quru dərələrdə, çaybasar çəmənliklərdə, talalarda, yol kənarlarında, təzə salınmış meşə zolaqlarının ətraf ərazilərində və yaşayış məntəqələrinə yaxın yerlərdə bitkinin 9 növü yayılıb.

İyun, avqust aylarında çiçəkləyən boymadərəni topladıqdan sonra qısa müddətdə qurutmağa çalışmaq lazımdır. Qurudulma, havası tez-tez dəyişilən açıq kətillərdə, kağız və ya parça üzərində sərməklə aparılır.

Boymadərənin tərkibindəki acı maddələr dəridə parazitlik yaradan mikroorqanizmlərə qarşı öldürücü təsir göstərir. Onu suda dəmləyib, ilıq şəkildə tənzif vasitəsilə bütün bədənə yayırıq. Bu zaman dəridə olan parazitlər məhv edilir və dəri təravətlənir.

Qida borusu iltihabında, qastrit, bağırsaq xorası kimi xəstəliklərdə boymadərən çayının qəbulu iltihab əleyhinə vasitə kimi çox yaxşı nəticələr verir. Bağırsaq xoralarında boymadərən, gülümbahar, quşəppəyi bitkilərinin qarışığından hazırlanmış çayın da yaxşı nəticə göstərdiyini deyirlər. Beləki, bir həftə ərzində gündə üç dəfə olmaqla yeməkdən əvvəl bir stəkan dəmləmə içildikdə qurd xəstəliklərinin müalicəsinə təsir edir.

Bronxit xəstəliyindən əziyyət çəkənlər 200 qram boymadərən otunu üyüdərək toz halına salıb, üzərinə yarım kiloqram bal əlavə etməklə çox faydalı bir qarışım hazırlayıb,  gündə 3 dəfə, 1 çay qaşığı yeməkdən əvvəl qəbul etməklə xəstəliyi təbii yolla müalicə edə bilərlər.

Bu bitkinin dəmləməsi böyük qan dövranı pozulmalarında da  faydalıdır, əl və ayaqlarda olan soyuqluğu və üşütməni aradan qaldırır. Bitkinin çayını hazırlamaq üçün boymadərəni qaynar suya əlavə edib, 5 dəqiqəyə yaxın dəmləmək və  isti halda içmək lazımdır.

Qeyd edək ki, Şahbuz dağları, xüsusən Dərələyəz silsiləsinin cənub yamacları dərman bitkilərinin növ tərkibinə görə təkcə Qafqazda deyil, bütün Avropada ilk yeri tutur. Rayonun əhalisi az qala bu dərman bitkilərinin hər birinin növ müxtəlifliyini və hansı dərdə dərman olduğunu yaxşı bilir. Bundan başqa bu  dərman ölkəmizin hər yerində istifadə olunması məqsədilə 2010-cu ildə rayonda dərman bitkilərini istehsal edən “Farma Şah”  müəssisəsi fəaliyyətə başlayıb.   Dərman bitkilərinin istehsalı üzrə fəaliyyət göstərərək rayonun müxtəlif ərazilərindən-dağlardan, dərələrdən, yamaclardan yabanı halda bitən qiymətli dərman bitkilərinin yığılıb emal olunmasına və paketlənərək satışına nail olan belə bir unikal müəssisənin  fəaliyyət göstərməsi  bir daha onu göstərir ki,   bu gün də insanlar xəstəliklərin müalicəsində xalq təbabətinə üstünlük verirlər.

                                                                                                           Fizzə Camallı

                                                                                                       “Oğuz səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: