44 günün hökmü… və yaxud qisas qiyamətə qalmadı

A- A A+

Dünya binə olandan bəri yer üzündə nə çox müharibələr olub, İlahi. Beş, on, hətta yüz il belə davam edən qanlı döyüşlər baş verib. Tarixdən yaxşı xatırladığımız İngiltərə və Fransa arasında baş tutan 100 illik müharibə, birinci və ikinci cahan savaşları, onların səbəbləri, nəticələri, yəqin ki, hamımıza yaxşı məlumdur. Bunları xatırlatmaqla müharibəyə tərif demək, şəninə xoş sözlər söyləmək fikrim yoxdur. Bütün cəmiyyətlər üçün savaş arzuolunan deyil. Çünki qanlı toqquşma itki, dağıntı, insanların yaxınlarını, əzizlərini, doğmalarını itirmək, yurd-yuvalarının viran olması, təsərrüfatların dağılması deməkdir. Bəzən isə müharibə tarixi ədaləti bərpa etmək, zalımın, işğalçının dərsini vermək, ona yerini göstərmək, sahibi olduğun torpağa yiyəlik hüququnu bərpa etmək üçün aparılır.

Azərbaycan xalqı bu mənada 44 günə bir tarix yazdı

Düşünürəm ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında təkcə otuz illik yox, XX əsrin əvvəllərindən bəri bir neçə dəfə xalqımıza qarşı soyqırım və deportasiya siyasəti yürüdən, tarixi torpaqlarımızda “böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayan ermənilərdən bir əsr boyu törətdikləri azğınlıqların qisası alındı. Onlardan fərqli olaraq biz döyüşü mülki insanlarla, qocalarla, uşaqlarla, hamilə qadınlarla aparmadıq. Necə deyərlər, mərdi-mərdanə vuruşduq, qorxmadan, çəkinmədən... Halbuki insanlıq, humanizm kimi ali dəyərlərdən çoxçox uzaq olan düşmən 1992-ci ildə 613 Xocalı sakinini vəhşicəsinə qətlə yetirəndə anaların göz yaşlarına, körpələrin fəryadına baxmadı. Xislətinə uyğun olaraq yandırdı, taladı, dağıtdı, məhv etdi, üstəgəl, insanlıq əleyhinə cinayət törətdi.

Kəlbəcərin işğalı zamanı “Ömər aşırımı”na, Başlıbel kəndindəki qayalara pənah aparan və elə burada faciəyə məruz qalan, kütləvi şəkildə öldürülən, dəniz səviyyəsindən üç min metrdən artıq yüksəklikdə yerləşən Murov zirvəsində soyuqdan donub məhv olan günahsız insanlar da erməni vəhşiliyinin qurbanı oldular. Bu kimi tarixi faktlar bir deyil, beş deyil...

Başqa bir tarixi fakt isə odur ki, ermənilər bu qırğınları törədən vaxt ölkəmiz naşı rəhbərlərin əlində idi. Siyasi anarxiya, hakimiyyət davası, vətəndaş müharibəsinin fonunda orduda vahid komandanlıq da yox idi, pərakəndəlik, hərcmərclik baş alıb gedirdi. Halbuki, silahlı birləşmələrdə nizam-intizam, komandir sözünün aliliyi ən vacib amildir. Təəssüf ki, bu dəyərlərdən uzaq düşən ölkə və ordu rəhbərliyi bir də gözünü açdı ki, torpaqlarımızın 20 faizi düşmən tərəfindən işğal olunub.

Otuz il bundan öncə ölkəyə rəhbərlik edən və siyasi səriştəsi olmayanlar Azərbaycan tarixi üçün ağır bir yara, gələcək nəsillər üçün böyük bir məsuliyyət qoyub getdilər. Tarixi ədalətin bərpası kimi mühüm missiya...

Müstəqillik illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu ordu quruculuğu prosesi Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni mərhələyə çatdırıldı. Azərbaycan iqtisadi gücünü həm insan kapitalına, həm də hərb sahəsinə yönəltdi. Ona görə insan kapitalına ki, müstəqillik illərində yetişən gənclik vətənpərvər ruhda tərbiyə aldı, dostunu, düşmənini tanıdı. Seçdiyi peşədən, ixtisasdan, sahədən asılı olmayaraq, hər kəs Ali Baş Komandanın “İrəli” əmrinə müntəzir dayandı.

“Ordun varsa, yurdun var”,– deyib ordumuzu gücləndirdik. Ən müasir atıcı silahlarla, pilotsuz uçuş aparatları, raket və artilleriya sistemləri ilə... Və ən əsası ordunun sıralarını vətənpərvər zabit və əsgər heyəti gücləndirdi. Azərbaycan əsgəri azğınlaşan, yerini bilməyən, işğal olunmuş torpaqlardan çıxmaq əvəzinə, beynəlxalq tribunalarda yeni ərazi iddiaları ilə çıxış edən düşmənə layiqli cavab vermək, döyüşdə Zəfər qazanmaq üçün təlimlərdə tər tökdü, peşəkarlaşdı, ustalığını hər keçən gün artırdı. Bunu sözdə yox, əməldə də sübut etdi. 2016-cı ilin Aprel döyüşlərində, iki il sonra Naxçıvanda – “Günnüt əməliyyatı”nda düşmənə nəyə qadir olduğunu göstərən ordumuz ötən il sentyabr ayının 27-də başlayan haqq savaşımızda Qarabağ münaqişəsinə son nöqtəni qoydu.

Gəlin, bir il öncənin bu günlərinə qayıdaq. O anları xatırlamaq həm çətindir, həm də qürurlu. Çətindir ona görə ki, cəbhədən şəhid xəbərləri gəlir, düşmən yaşayış məntəqələrimizi raket və artilleriya vasitələrindən, qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutur, mülki insanlar həlak olur, ev-eşiklər, təsərrüfatlar dağılırdı. Qürurluyuq ona görə ki, biz Zəfər yoluna, haqq savaşına çıxmışdıq. Bu yolun sonu ölümlü-itimli idi. Bir ömür boyu əldən, qoldan, ayaqdan məhrum olmağı belə gözə almışdıq. Yetər ki, ata-baba torpaqlarımıza qovuşaq, haqq-ədalət öz yerini tapsın. Məhz buna görə bir olduq, bütövləşdik, xalq olaraq ordunun və Ali Baş Komandanın ətrafında sıx birləşdik, dəmir yumruğa döndük. Otuz il Qarabağda tariximizi, mədəniyyətimizi, incəsənətimizi məhv edib özününküləşdirməyə çalışan və bununla da özünü dünyanın “ən qədim xalq”larından biri kimi qələmə verməyə çalışan düşmənin hesab vermək vaxtı idi.

Sentyabrın 27-si, cəbhədən Zəfərin ilk müjdəsini aldıq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmisi Füzuli rayonunun bir neçə kəndinin düşmən işğalından azad olunması xəbərini xalqa çatdırdı. İlahi, nə çox gözləmişdik, nə çox arzulamışdıq biz bu günləri. Hər il hansısa əlamətdar gündə və yaxud xeyir işdə “gün o gün olsun bu bayramı gələn il Qarabağda qeyd edək”,– deyə qəlbimizdə nə çox diləklər tutmuşduq. Azərbaycan əsgəri bütün bu diləkləri, arzuları, xəyalları gerçəyə çevirmək, düşmənin qorxulu röyasına çevrilmək üçün yola çıxmışdı. Elə günlərdən etibarən oğullar döyüş meydanında tarix yazırdı. Keçən hər gün bizi Qarabağa daha da yaxınlaşdırırdı. Artıq oktyabr ayının ilk günlərində Suqovuşanda və Cəbrayıl şəhərində üçrəngli Azərbaycan bayrağının dalğalanması xəbərini Ali Baş Komandandan eşitdik.

Düşmən isə rəzil vəziyyətə düşmüşdü. Azərbaycan əsgərinin rəşadəti və qüdrəti qarşısında tab gətirə bilməyən mənfur ermənilər silah-sursatı, onlara təhkim olunmuş hərbi texnikanı döyüş meydanında qoyub qaçmaqda idilər. Əslində, bu, başa düşülən idi. Çünki torpağın həqiqi sahibi, yiyəsi geri dönmüşdü. Düşmən isə əbəs yerə özgənin torpağında, ona məxsus olmayan ərazidə məhv olmaq istəmirdi. Bunu anlamayanlar döyüş meydanında qəhrəman Azərbaycan əsgərinin önündə diz çökür, imdad diləyirdilər. Bir məqamı xüsusi vurğulayaq ki, tarix yazan oğullar sırasında naxçıvanlı döyüşçülər də var idi. Döyüşlərə qatılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Şuşa şəhərinədək şərəfli döyüş yolu keçdilər.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Naxçıvan Ordusunun qüdrətini şərh edərkən deyib: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Beləliklə, Vətən müharibəsinin gedişi ərzində Azərbaycan əsgəri Şuşa şəhəri də daxil olmaqla 300-dən çox yaşayış məntəqəsini düşmən işğalından azad etdi və qarşı tərəf belə demək mümkünsə, diz çökdü, məğlubiyyəti ilə barışdı, kapitulyasiya aktına imza atdı, işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaldaraq Azərbaycana təhvil verdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan və 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatı Zəfərlə, Böyük Qələbə ilə yekunlaşdı. Ölkə başçısının təşəbbüsünə əsasən hər il sentyabrın 27-si ölkəmizdə Vətən müharibəsi şəhidlərinin “Anım Günü”, noyabrın 8-i isə “Zəfər Günü” kimi qeyd olunacaq.

Artıq ölkəmiz regionda yeni bir tarixi reallıq yaratdı. Reallıq budur ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib, öz sərhədlərinə nəzarəti həyata keçirir. Müharibənin başlanmasından bir il belə keçməmiş ölkəmizin iqtisadi qüdrəti öz sözünü deyir. Qalib Lider müharibə bitən kimi hədəfləri, görüləcək işləri müəyyənləşdirdi. 2020-ci ilin noyabr ayından bəri dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edən cənab İlham Əliyev Qarabağın dirçəlişi ilə bağlı layihələrin təməlini atıb. Bu gün Füzuli şəhərində Beynəlxalq Hava Limanı tikilir, Zəngilanda və Laçında da bu iş davam etdirilir. Hava limanlarının inşası Şərqi Zəngəzurun dirçəlişi prosesinə mühüm töhfə verəcək. Cənab Prezident tərəfindən tarixi Azərbaycan torpağı olan Şuşa mədəniyyət paytaxtı elan edildi. İndi Şuşa “Vaqif poeziya günləri”nə, “Xarı bülbül” musiqi festivalına ev sahibliyi edir. Bütün bu xoş günləri isə məhz şəhidlərimizə, ərazi bütövlüyümüz uğrunda canından keçən oğullara borcluyuq.

Deyirlər, şəhid dünyasını dəyişəndə yox, məhz unudulanda ölür. Bizi Qarabağ torpağına əbədi qovuşduran oğulların xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Əzizləri əzizimiz, övladları övladımızdır. Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında şəhidlərimizin adı, xatirəsi daim uca tutulur, onların ailələrinə, sosial problemlərinin həll olunmasına qayğı ilə yanaşılır. Bu il Silahlı Qüvvələr Günündə Naxçıvanda Ali Məclisin Sədri tərəfindən 13 şəhid ailəsinə mənzillərin təqdim olunması da bu tədbirlərin tərkib hissəsidir. Biz qalib ölkəyik, biz qalib xalqıq, bizim bayrağımız qalib bayraqdır. Biz LİDERin ətrafında sıx birləşməyi bacarırıq. Yaşlısı, gənci, uşağı ilə həmrəy olmağı bilirik. Ən əsası Vətənimizi, dövlətimizi sevirik, onun bir parçasının belə özgə tapdağında qalmasına razı olmadıq. Məhz bu idi bizi Qələbədən Qələbəyə, Zəfərdən Zəfərə daşıyan amil...

Qazandığınız tarixi Zəfərlə payızda Azərbaycan xalqına bahar ab-havası, bahar sevinci yaşadan oğullar, ruhunuz şad olsun!

Muxtar Rzazadə

“Şərqin səhəri” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: